. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə
prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki
məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsinin tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələbinə əməl olunmasının təmin edilməsi məqsədilə  seçkilər keçirilərkən aşkarlıq institutlarının normal fəaliyyəti üçün daim şərait yaratmış, müşahidəçilik fəaliyyətinə lazımi yer vermiş, “Seçkilər” İnformasiya Mərkəzi və kütləvi informasiya vasitələri ilə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış olması üçün davamlı tədbirlər görmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində təsis edildikdən sonra “Seçkilər” İnformasiya Mərkəzinin imkanlarından geniş istifadə edilərək, respublika üzrə seçicilərin siyahıları mütəmadi olaraq nümayiş etdirilmiş, səsvermə zamanı mövcud 5 000-dən artıq seçki məntəqəsi üzrə seçicilərin aktivliyi, səsvermənin gedişi barədə gün ərzində beş dəfədən az olmayan məlumatlar və səsvermənin ilkin nəticələri daim seçicilərə çatdırılmışdır.
Geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri  şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması,  nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin  izlənməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində və 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) əlavə tədbirlər görərək, “Seçkilər” İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla mövcud seçki məntəqələrinin beş yüzündə veb-kameralar tətbiq etmişdir. Seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilərək uğurlu hesab edildiyindən, hazırda həmin təcrübənin davam etdirilməsi məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ına  əsasən  q ə r a r a   a l ı r :

  1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılsın (siyahı əlavə edilir).
  2. Qərarın icrası aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.
  3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

  

Sədr:                                                                                                Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası