2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli 23 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Ümid Partiyasının səlahiyyətli nümayəndəsi 18 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin partiya tərəfindən 31 saylı Suraxanı II seçki dairəsi üzrə Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Bədəlov Fərman Yunis oğlunun namizədliyinin qeydə alınmasından əsassız imtina edilməsini bildirmiş və qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bələdiyyə üzvlüyünə namizəd Bədəlov Fərman Yunis oğlunun namizədliyinin qeydə alınmasından imtina barədə dairə seçki komissiyasının qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri pozulmaqla, digər şəxsin təqdim etdiyi sənədlərə dair araşdırma aparılaraq qəbul edilmişdir.
Ona görə də, 31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarı ləğv edilməli, bələdiyyə üzvlüyünə namizədin qeydə alınması məsələsinə yenidən baxılaraq əsaslandırılmış qərar qəbul edilməsi müvafiq dairə seçki komissiyasına həvalə edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin 18 noyabr 2009-cu il tarixli 23 saylı şikayəti qismən təmin edilərək, 31 saylı Suraxanı II seçki dairəsi dairə seçki komissiyasının 14 noyabr 2009-cu il tarixli 16/2.5 saylı qərarı ləğv edilsin.
2. Namizədin qeydə alınması məsələsinə yenidən baxılaraq əsaslandırılmış qərar qəbul edilməsi 31 saylı Suraxanı II seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|