2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 17 noyabr 2009-cu il tarixli 15 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 70 saylı Masallı şəhər seçki dairəsinin ərazisində yerləşən Musaküçə bələdiyyəsinə namizədlikləri irəli sürülmüş 6 nəfərin (Qəmbərov Yusif Kərəməli oğlu, İbrahimov Nabuq Həsən oğlu, Hüseynov Süleyman Hüseyn oğlu, Cəfərov Mirəşrəf Ağadadaş oğlu, Abuzərov Şirməmməd Qəzənfər oğlu və Həsənov Nufud Əzizağa oğlu) 13 noyabr 2009-cu il tarixdə bələdiyyə üzvlüyünə namizədliklərinin qeydə alınması üçün müvafiq dairə seçki komissiyasına seçki qanunvericiliyində tələb olunan seçki sənədlərini təqdim etdiyini və ertəsi gündən başlayaraq onların Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurov tərəfindən namizədliklərinin geri götürülməsi üçün təzyiqlərə məruz qaldığını bildirmişdir. O, həmçinin 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairələrindən namizədlikləri irəli sürülmüş Məmmədhüseynov Aydın Həsən oğlu, Cavadov Əkbər Əsgər oğlu və Mirzəyev Tariyel Kərim oğlunun namizədliklərinin təzyiq altında geri götürülməsi barədə ərizələrinin surətlərini və bələdiyyə üzvlüyünə namizədlər - Nəcəfov Rəşid Mikayıl oğlu, Hacıyev İbrahim Rəhim oğlu, Cavadov Əkbər Əsgər oğlu, Hacıbəyli Cavid İbrahim oğlu və Hacıbəyli Rüfət İbrahim oğlunun 82 saylı Ağcəbədi seçki dairəsinin dairə seçki komissiyasında tərtib etdikləri aktın və onların izahatlarının kserosurətini əlavə edərək, orada göstərilən halların araşdırılmasını və onu törədən şəxslərin qanunauyğun olaraq cəzalandırılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə telefon əlaqəsi saxlanılmış, ona araşdırmada iştirak etmək hüququnun olduğu bildirilmişdir. Müraciətə əlavə olunmuş sənədlər kserosurət olduğundan onların araşdırılmasının mümkün olmadığı da şikayətçinin nəzərinə çatdırılmış və bu sənədlərin əslinin verilməsi ondan xahiş edilmişdir. Lakin G. Aslanlı araşdirmada iştirak etməkdən və sənədlərin əsllərini verməkdən imtina etmişdir.
Buna baxmayaraq Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürərək Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin müraciətinin qanunla müəyyən olunmuş müddətdə, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmağa çalışmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 70 saylı Masallı şəhər seçki dairəsinin ərazisində yerləşən Musaküçə bələdiyyəsi üzvlüyünə namizədlik statusundan imtina edilməsi üçün təzyiqlər edildiyi iddia olunan 6 nəfərin (Qəmbərov Yusif Kərəməli oğlu, İbrahimov Nabuq Həsən oğlu, Hüseynov Süleyman Hüseyn oğlu, Cəfərov Mirəşrəf Ağadadaş oğlu, Abuzərov Şirməmməd Qəzənfər oğlu və Həsənov Nufud Əzizağa oğlu) namizədliyi irəli sürüldükdən sonra namizədliyi təsdiq olunaraq onlara vaxtında və lazımı sayda imza vərəqəsi verilmişdir. Adları çəkilən şəxslərdən 5 nəfəri qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və digər zəruri seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş və onlar 2009-cu il noyabrın 18-də qeydə alınmışlar. Yalnız onlardan bir nəfəri - Həsənov Nühid Əzizağa oğlu 17 noyabr 2009-cu il tarixdə dairə seçki komissiyasına ərizə ilə müraciət edərək namizədlik statusundan imtina etmişdir. N.Həsənovla əlaqə saxlanılmış və təqdim etdiyi yazılı izahatında o, namizədlik statusundan könüllü olaraq imtina etdiyini, bununla bağlı ona heç bir təzyiq edilmədiyini bildirmişdir.
Dairə seçki komissiyasından daxil olmuş məlumata əsasən yuxarıda adları çəkilən bələdiyyə üzvlüyünə namizədlərdən də onlara hər hansı qanunsuz təzyiq göstərilməsi barədə dairə seçki komissiyasına heç bir şikayət daxil olmamışdır.
Həmçinin araşdırma nəticəsində Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Teymurovun da izahatı alınmış və müəyyən olunmuşdur ki,onun tərəfindən namizədlikləri Müsavat Partiyası tərəfindən irəli sürülmüş yuxarıda adları çəkilən şəxslərə namizədliklərinin geri götürülməsi üçün onlara hər hansı təzyiq göstərilməmişdir.
82 saylı Ağcəbədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairələri ilə bağlı məsələ araşdırılarkən müraciətə əlavə edilmiş namizədlərin adından tərtib edilməsi ehtimal olunan akt və izahatlar kserosurət olduğundan onların səmərəli araşdırılması mümkün olmamışdır.
Dairə seçki komissiyasından daxil olmuş məlumata görə, Müsavat Partiyasından Ağcabədi bələdiyyəsinə namizədliyi irəli sürülmüş Nəcəfov Rəşid Mikayıl oğlu, Hacıyev İbrahim Rəhim oğlu, Hacıbəyli Cavid İbrahim oğlu və Hacıbəyli Rüfət İbrahim oğlu tərəfindən qeydə alınmaq üçün imza vərəqələri və digər seçki sənədləri 2009-cu il noyabrın 13-də saat 18:00-da dairə seçki komissiyasına təqdim edilmiş və həmin sənədlər müvafiq dairə seçki komissiyası tərəfindən yoxlanılmaq üçün İşçi qrupuna təhvil verilmişdir. İşçi qrupunun 14 noyabr 2009-cu iltarixli rəyi 2009-cu il noyabrın 16-da dairə seçki komissiyasının iclasına çıxarılmış və təqdim olunan seçki sənədləri seçki qanunvericiliyinə uyğun olmadığından yuxarıda adları çəkilən şəxslərin namizədliklərinin qeydə alınmasından imtina olunmuş, onlara bu barədə müvafiq qaydada məlumat verilmişdir. Həmin şəxslər tərəfindən nə Mərkəzi Seçki Komissiyasına, nə də dairə seçki somissiyasına bu barədə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır.
Müraciətdə namizədliklərinin təzyiq altında geri götürülməsi iddia olunan 3 nəfərlə (Mirzəyev Tariyel Kərim oğlu, Məmmədhüseynov Aydın Həsən oğlu və Cavadov Əkbər Əsgər oğlu) bağlı məsələyə gəldikdə isə araşdırma nəticəsində müəyyən olnmuşdur ki, həmin şəxslərdən 2 nəfərinin (Məmmədhüseynov Aydın Həsən oğlu və Cavadov Əkbər Əsgər oğlu) müvafiq olaraq 82 saylı Ağcəbədi və 83 saylı Ağcabədi-Ağdam seçki dairəsindən namizədlikləri ümumiyyətlə heç irəli sürülməmişdir.
2009-cu il noyabrın 13-də 82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasına ərizə ilə müraciət edərək namizədlik statusundan imtina etmiş Tariyel Mirzəyevlə tərəfimizdən əlaqə saxlanılmış, təqdim etdiyi yazılı izahatında o, ərizəsini könüllü olaraq yazdığını, ona bununla bağlı heç bir təzyiq edilmədiyini bildirmişdir.
Səlahiyyətli nümayəndə tərəfindən müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Əldə olunan sübutlar aydın göstərir ki, səlahiyyətli nümayəndənin ərizəsi əsassızdır və o təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi 17 noyabr 2009-cu il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli |