. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 13 noyabr
2009-cu il tarixli 8, 10 və 12 saylı müraciətlərinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi 2009-cu il noyabrın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Səbail, 42 saylı Sumqayıt ikinci, 73 saylı Lənkəran şəhər, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Ağdam, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 110 saylı Zaqatala və Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinin dairə seçki komissiyaları tərəfindən Müsavat Partiyasının namizədlərinin irəli sürülməsinin təsdiq edilməsinin və onlara imza vərəqələrinin verilməsinin yubadılmasını, qanunvericilikdə namizədliyin qeydiyyatı üçün nəzərdə tutulan sənədlərdən əlavə sənədlərin tələb olunmasını, habelə təqdim olunan sənədlərin qeyri-düzgün sənədlər kimi qiymətləndirilməsini, bu halların yerli icra strukturlarının müdaxiləsi ilə baş verdiyini iddia edib qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq, oxşar məzmunlu olduğu üçün bir icraatda birləşdirilərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə telefon əlaqəsi saxlanılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət edilmiş və heç bir sübut əlavə olunmamış müraciətlərdə qeyd edilən hallarla  əlaqədar sübutlar təqdim etməsi təklif edilmişdir.
Səlahiyyətli nümayəndə müraciətlərdə göstərilənlərdən başqa heç bir əlavə fakta və sübuta malik olmadığını, müraciətlərdə göstərdiyi bütün məlumatları telefon vasitəsilə aldığını və ümumiyyətlə müraciətlərdə göstərdiklərinin əlavə sübut edilməsinə ehtiyac olmadığını bildirmiş, habelə araşdırmada iştirak etməkdən imtina etmişdir.
Araşdırılan müraciətlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasındakı 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan,  4 saylı Naxçıvan, 5 saylı Şahbuz-Babək, 6 saylı Culfa-Babək, 7 saylı Ordubad-Culfa və 21 saylı Nəsimi I, 22 saylı Nəsimi II, 23 saylı Nəsimi-Səbail, 42 saylı Sumqayıt II, 73 saylı Lənkəran şəhər, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Ağdam, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 110 saylı Zaqatala  seçki dairələrinin dairə seçki komissiyalarından, habelə digər əlaqəli subyektlərdən yazılı məlumatlar, izahatlar, arayışlar və s. bu kimi sübutlar əldə edilmişdir. Əldə edilmiş faktlar və sübutlar səlahiyyətli nümayəndənin müraciətlərində qeyd edilən halların həqiqətə uyğun olmadığını və reallığı əks etdirməməsini sübut edir. 
Araşdırma nəticəsində əldə edilən sübutlarla aşağıdakılar müəyyən edilmişdir.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı onlara qarşı çoxsaylı qanun pozuntuları olması iddia edilən 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə ümumiyyətlə heç bir namizəd irəli sürülməmişdir. Ona görə də bu seçki dairəsi üzrə səlahiyyətli nümayəndənin şikayətinin nədən ibarət olması bəlli deyil.
2 saylı Şərur seçki dairəsinin dairə seçki komissiyasına gəldikdə isə  Müsavat Partiyası tərəfindən 2009-cu il noyabrın 10-da həmin seçki dairəsi üzrə 26 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi barədə qərar təqdim edilmişdir. Seçki dairəsində araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxslərdən bir nəfərinin - Həsənov Mənsum Vəli oğlunun namizədliyi YAP tərəfindən daha əvvəl irəli sürülərək hələ 5 noyabr 2009-cu ildə qeydə alınmış və bu şəxsin etirafına görə, onun Müsavat Partiyası tərəfindən namizədliyinin irəli sürülməsindən ümumiyyətlə xəbəri olmamışdır. Seçki dairəsinin əhatə etdiyi məntəqə seçki komissiyalarında Azərbaycan Ümid Partiyasını təmsil edən komissiya üzvləri kimi fəaliyyət göstərən digər 4 nəfər də Müsavat Partiyası tərəfindən namizədliklərinin irəli sürülməsindən məlumatsız olmuş, dairə seçki komissiyasına ərizə ilə müraciət edərək, namizədliklərinin irəli sürülməsinə etiraz etmiş, komissiya üzvü kimi fəaliyyətlərini davam etdirmək istədiklərini bildirmişlər. Həyat yoldaşının irəli sürüldüyü bələdiyyəni əhatə edən məntəqə seçki komissiyasının üzvü olan Abbasov Fəxri Əhməd oğlunun namizədliyi 2 bələdiyyə üzrə irəli sürülmüşdür. Müsavat Partiyası tərəfindən irəli sürülmüş namizədlərdən 6 nəfərin adları siyahıda olsa da, sənədləri DSK-ya təqdim olunmamış, qalan 12 nəfərin namizədliyinin irəli sürülməsi qanunauyğun hesab edilərək, onlara imza vərəqələri verilmiş, lakin imza vərəqələri qanunla müəyyən olunmuş müddət başa çatanadək DSK-ya qaytarılmamışdır.
9 noyabr 2009-cu ildə Müsavat Partiyası tərəfindən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə 4 nəfərin namizədliyi irəli sürülmüş, onların namizədliyi təsdiq edilərək, qanunda nəzərdə tutulmuş müddət ərzində lazımi sayda imza vərəqələri verilmişdir. 12 noyabr 2009-cu ildə dairə seçki komissiyasına təqdim edilən imza vərəqələri və onlara əlavə edilmiş sənədlər komissiya tərəfindən vaxtında və maneəsiz qəbul edilmişdir. Göründüyü kimi, həmin seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması ilə heç bir problem olmamışdır. Ona görə də, bu seçki dairəsi üzrə səlahiyyətli nümayəndənin şikayətinin nədən ibarət olması bəlli deyil.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin dairə seçki komissiyasına Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə 1 nəfərin namizədliyinin irəli sürülməsi ilə bağlı müraciət olunmuş, onun namizədliyi təsdiq edilərək lazımi sayda imza vərəqələri verilmiş, ancaq imza vərəqələri və onlara əlavə olunmalı sənədlər ümumiyyətlə DSK-ya qaytarılmamışdır.
5 saylı Şahbuz-Babək seçki dairəsinin əhatə etdiyi Nursu, Qarabala, Külüs, Keçili, Şahbuzkənd bələdiyyələrinə Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş şəxslərin namizədlikləri dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş və onlara vaxtında və lazımi sayda imza vərəqələri verilmiş, lakin həmin imza vərəqələri və onlara əlavə olunmalı sənədlər qeri qaytarılmamışdır.          
Müraciətdə 6 saylı Culfa-Babək seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin səlahiyyətli nümayəndə tərəfindən təqdim edilməsinə baxmayaraq, dairə seçki komissiyası tərəfindən bunu partiyanın yerli təşkilatının etməli olması əsas göstərilərək sənədlərin qəbul edilməsindən imtina edilməsi iddia edilsə də, araşdırma nəticəsində bu halın tam əksi müəyyən edilmişdir. Belə ki, 9 noyabr 2009-cu ildə Müsavat Partiyasının Culfa rayon təşkilatının sədri Qasımbəyli Qasım Salman oğlu 6 saylı Culfa-Babək seçki dairəsinin dairə seçki komissiyasına Müsavat Partiyası Divanının 26 oktyabr 2009-cu il tarixli iclas protokolunun və namizədlərin irəli sürülməsinə dair siyasi partiyanın səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı və imzası olmayan bildirişləri təqdim etmişdir. Müsavat Partiyası Divanının  qərarında Culfa rayonu üzrə protokola 1 saylı əlavədə qeyd olunan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi göstərilmiş, lakin namizədliyi irəli sürülmüş vətəndaşların adlı siyahısı həmin qərarda qeyd olunmamış və 1 saylı əlavə DSK-ya təqdim edilməmişdir. Sənədləri təqdim edən səlahiyyətli nümayəndə statusu olmayan, Müsavat Partiyasının Culfa rayon təşkilatının sədri Qasımbəyli Qasım Salman oğluna sənədlərdəki çatışmazlıqlar barədə məlumat verilərək onların aradan qaldırılmasına komissiya tərəfindən şərait yaradılmış, lakin sonradan həmin sənədlər DSK-ya təqdim edilməmişdir. Müsavat Partiyasının üzvlərindən 3 nəfərinin isə namizədlikləri həmin seçki dairəsi üzrə Culfa və Ərəfsə bələdiyyələrinə öz təşəbbüsləri ilə irəli sürülmüş və qeydə alınmışdır.
7 saylı Ordubad-Culfa seçki dairəsinin dairə seçki komissiyasına Müsavat Partiyası tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı ümumiyyətlə heç bir müraciət olmamışdır. Ona görə də bu seçki dairəsi üzrə səlahiyyətli nümayəndənin şikayətinin nədən ibarət olması bəlli deyil.
21 saylı Nəsimi I seçki dairəsinin dairə seçki komissiyasına bələdiyyə seçkilərində Müsavat Partiyası tərəfindən təqdim olunan ilkin sənədlər 5 noyabr 2009-cu ildə qəbul edilmişdir. Təqdim edilən sənədlərdə onlara əlavə edilməli olan səlahiyyətli nümayəndələrin siyahısı olmamış, partiya qərarla bələdiyyə üzvlüyünə namizədlər irəli sürsə də, həmin şəxslərin adları qərarda öz əksini tapmamışdır. Səlahiyyətli nümayəndəyə çatışmazlıqlar barədə məlumat verilmiş və onların aradan qaldırılmasına komissiya tərəfindən şərait yaradılmışdır. Qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, irəli sürülmüş namizədlərə qanunda nəzərdə tutulmuş müddətə əməl edilməklə, 9 noyabr 2009-cu ildə imza vərəqələri verilmiş, lakin namizədlərin qeydə alınması üçün sənədlər DSK-ya qaytarılmamışdır.
Müsavat Partiyası tərəfindən 22 saylı Nəsimi II seçki dairəsindən bələdiyyə üzvülüyünə 9 nəfərin namizədliyi irəli sürülmüş, seçki komissiyası tərəfindən onların namizədlikləri təsdiq edilmişdir. Onlardan 8 nəfərinə vaxtında və lazımi sayda imza vərəqələri verilmiş, 1 nəfər isə imza vərəqələrini götürməkdən imtina etmişdir. Namizədlərdən heç biri nəzərdə tutulmuş müddətdə imza vərəqələrini dairə seçki komissiyasına qaytarmamışdır.
23 saylı Nəsimi-Səbail seçki dairəsindən Müsavat Partiyası tərəfindən 7 noyabr 2009-cu ildə bələdiyyə üzvülüyünə 4 nəfərin namizədliyi irəli sürülmüş, qanunda nəzərdə tutulmuş müddətdə - 9 noyabrda onların namizədliyi təsdiq edilərək, vaxtında və lazımi sayda imza vərəqələri verilmiş, lakin imza vərəqələri və digər sənədlər dairə seçki komissiyasına qaytarılmamışdır.
42 saylı Sumqayıt II seçki dairəsindən Müsavat Partiyasından Fəxrəddin Abbas adlı şəxsin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülərkən sənədlər qanunda nəzərdə tutulmuş tələblərə cavab verməmişdir. Çatışmazlıqların aradan qaldırılmasına komissiya tərəfindən şərait yaradıldıqdan sonra dairə seçki komissiyası tərəfindən 7 noyabr 2009-cu ildə həmin sənədlər qəbul edilmişdir. Namizədliyin irəli sürülməsi təsdiq edilməmiş namizəd imza vərəqəsinin dərhal ona verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.9-cu maddəsinin tələbi (dairə seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub   -olunmaması barədə əsaslandırılmış qərar qəbul edir) onun nəzərinə çatdırılsa da, o, komissiyanın belə davranışının qərəzli olduğunu iddia etmişdir. Dairə seçki komissiyası müəyyən olunmuş müddət ərzində - 9 noyabr 2009-cu ildə onun namizədliyini təsdiq etmiş və ona imza vərəqələri vermişdir.
73 saylı Lənkəran şəhər seçki dairəsindən 7 noyabr 2009-cu ildə Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə 4 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər təqdim edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş 5 gün müddətində noyabrın 11-də həmin şəxslərin namizədliyi təsdiq edilmiş və onlara vaxtında və lazımi sayda imza vərəqələri verilmişdir. Bununla bağlı hər hansı bir problem olmadığına görə şikayətin nədən ibarət olduğu bəlli deyildir.
7 noyabr 2009-cu il tarixdə bələdiyyə seçkilərində səlahiyyətli nümayəndə statusu olmayan Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri Sadıqov Yadigar Sadıq oğlu tərəfindən 5 bələdiyyə üzrə 6 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər 75 saylı Lənkəran-Masallı seçki dairəsinin dairə seçki komissiyasına təqdim olunmuşdur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, buna  səlahiyyəti olmaması barədə ona qanunun tələbi izah edilmişdir. 9 noyabr 2009-cu ildə Sadıqov Yadigar Sadıq oğlu Müsavat Partiyası Divanının qərarı ilə bələdiyyə seçkilərində səlahiyyətli nümayəndə təyin edildikdən sonra, həmin sənədlər 11 noyabr 2009-cu ildə DSK-ya təqdim olunmuş və onlara dərhal baxılaraq müvafiq qərarlar qəbul olunmuşdur. Nəticədə 4 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilərək onlara vaxtında və lazımi sayda imza vərəqələri verilmiş, 2 nəfərin bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürülməsindən  imtina ərizəsi nəzərə alınmışdır.
76 saylı Lənkəran-Astara seçki dairəsinin dairə seçki komissiyasına Müsavat Partiyası tərəfindən noyabrın 7-də bələdiyyə üzvlüyünə 4 nəfərin namizədliyinin irəli sürülməsinə dair sənədlər təqdim edilmiş, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.9-cu maddəsinin tələbinə uyğun olaraq 5 gün müddətində araşdırma aparılaraq noyabrın 11-də onların namizədliyi təsdiq edilmiş və səlahiyyətli nümayəndəyə imza vərəqələri verilmişdir. Bu prosesin qüsurluluğu ilə əlaqədar hər hansı bir yazılı va ya şifahi şikayət daxil olmadığından səlahiyyətli nümayəndənin şikayətinin nədən ibarət olduğu bəlli olmamışdır.
82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyasına qeydiyyat üçün sənədlərin qəbulunun sonuna 2 gün qalmış – 11 noyabr 2009-cu ildə saat 15:30 radələrində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Tapdıq Əlikişi oğlu tərəfindən namizədliyi bələdiyyə üzvlüyünə irəli sürülən 6 nəfərin sənədləri təqdim edilmişdir. Noyabrın 12-də saat 16:00-da keçirilmiş iclasda həmin şəxslərin namizədlikləri təsdiq edilmişdir. İmza vərəqələri səlahiyyətli nümayəndə gəlmədiyinə görə, həmin gün saat 17:10-da namizədlikləri təsdiq edilmiş Rəşid Nəcəfova və İbrahim Hacıyevə təqdim edilmişdir.
83 saylı Ağcabədi-Ağdam seçki dairəsinin dairə seçki komissiyasına qeydiyyat üçün sənədlərin qəbulunun sonuna 2 gün qalmış 11 noyabr 2009-cu ildə saat 17:15-də Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Tapdıq tərəfindən 1 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi barədə sənəd təqdim edilmiş, ən qısa müddət ərzində, yəni  sonrakı gün həmin şəxsin namizədliyi təsdiq edilərək, ona dərhal lazımi sayda imza vərəqəsi verilmişdir. Bu prosesin də qüsurluluğu ilə əlaqədar hər hansı bir yazılı va ya şifahi şikayət daxil olmadığından səalhiyyətli nümayəndənin şikayətinin nədən ibarət olduğu bəlli olmamışdır.
Müsavat Partiyası tərəfindən Şəmkir bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüş Cəfərli Fikrət Mustafa oğlunun namizədliyi 98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə təsdiq edilmiş, onun namizədliyinin müdafiəsi üçün lazımi sayda imza vərəqələri verilmişdir. Namizədliyin qeydə alınması üçün imza vərəqəsi və ona əlavə edilən digər sənədlər 12 noyabr 2009-cu ildə DSK-ya təqdim edilmiş və heç bir maneə olmadan vaxtında qəbul edilmişdir.
Müsavat Partiyası tərəfindən 7 noyabr 2009-cu ildə bələdiyyə seçkiləri ilə əlaqədar 99 saylı Şəmkir kənd seçki dairəsinin dairə seçki komissiyasına 10 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi barədə sənədlər təqdim edilmişdir. Üç gün sonra - 10 noyabr 2009-cu ildə həmin şəxslərin namizədlikləri təsdiq edilmişdir. Həmin gün digər dairədən, yəni 98 saylı Şəmkir şəhər seçki dairəsindən bələdiyyə üzvülüyünə  namizədliyi irəli sürülmüş Fikrət Cəfərli adlı şəxs buna hüququ olmadan  imza vərəqələrini götürmək üçün komissiyaya müraciət etmiş, ona qanunun tələbləri izah edildikdən sonra (imza vərəqələri namizədliyi təsdiq edilmiş şəxslərə və ya partiyanın səlahiyyətli nümayəndəsinə verilə bilər) DSK-nın sədri səlahiyyətli nümayəndə Tofiq Yaqubluya imza vərəqələrini götürməsi barədə telefonla zəng etmiş, o isə gələ bilməyəcəyini bildirərək, digər səlahiyyətli nümayəndəni göndərəcəyini vəd etmişdir. Ancaq qeydiyyat üçün müəyyən olunmuş müddət ərzində - 13 noyabr 2009-cu il saat 18:00-dək imza vərəqələri götürmək üçün heç kim müraciət etməmişdir.
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttah Valodiya tərəfindən 5 noyabr 2009-cu ildə saat 18:00-da 110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasına bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə 12 nəfərin namizədliyinin irəli sürülməsi ilə əlaqədar sənədlər təqdim olunmuşdur. Sənədlərə qanunla müəyyən olunmuş müddətdə və qaydada baxılmışdır.  Həmin şəxslərdən 4 nəfər DSK-ya müraciət edərək namizədliklərinin irəli sürülməsindən imtina etdikdən sonra, qalan 8 nəfərin namizədliyi 9 noyabrda təsdiq edilmiş və onlara müvafiq sayda imza vərəqələri verilmiş, lakin 13 noyabr 2009-cu il saat 18:00-dək imza vərəqləri və ona əlavə edilən sənədlər DSK-ya qaytarılmamışdır.
Beləliklə, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 23 dekabr 2009-cu ilə təyin olunmuş bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi, təsdiq edilməsi və qeydə alınması ilə əlaqədar ehtimal olunan qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərində göstərilənlər aparılmış araşdırma və əldə edilmiş sübutlarla tam təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Müraciətlərdə göstərilən dairə seçki komissiyaları Müsavat Partiyası tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmə ilə əlaqədar  sənədlərə Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddət daxilində, bəzi hallarda hətta nəzərdə tutulan müddətdən də tez baxaraq qərar qəbul etmiş, namizədlikləri təsdiq edilmiş şəxslərə vaxtında və lazımi sayda imza vərəqələri verilmiş, bir çox hallarda bələdiyyə üzvülüyünə namizədliyin qeydə alınması üçün həmin imza vərəqələri və digər zəruri sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə dairə seçki komissiyalarına qaytarılmamışdır. Həmin seçki komissiyalarına bu hallarla bağlı hər hansı bir yazılı və ya şifahi şikayət daxil olmamışdır.
Odur ki, göstərilənlərə əsasən, səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    q ə r a r a     a l ı r :

1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin 13 noyabr 2009-cu il tarixli 8, 10 və 12 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr:                                                                                                  Məzahir Pənahov

Müavin:                                                                                              Svetlana Qasımova

Katib:                                                                                                  Natiq Məmmədov

Üzvlər:                                                                                                          

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası