2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin
13 noyabr 2009-cu il tarixli 13 saylı müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də 13 saylı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 63 saylı Sabirabad I seçki dairəsi üzrə Qalağayın bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş Əliquliyev Elxan Hacı oğluna onun namizədliyinin geri götürməsi məqsədilə qanunsuz təzyiq göstərildiyini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Əliquliyev Elxan Hacı oğlunun namizədliyinin irəli sürülməsi 7 noyabr 2009-cu il tarixdə dairə seçki komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə təsdiq edilərək ona namizədin müdafiəsi üçün seçici imzaları toplamaq məqsədilə imza vərəqələri verilmişdir. İmza vərəqələri və namizədliyin qeydiyyatı üçün zəruri olan digər sənədlər 13 noyabr 2009-cu il saat 18.00-dək dairə seçki komissiyasına təqdim edilməmiş, habelə namizədliyin geri götürülməsi ilə əlaqədar qanunsuz təzyiqlə bağlı dairə seçki komissiyasına heç bir məlumat daxil olmamışdır. Eyni zamanda qanunsuz təzyiqə məruz qalması iddia edilən E.H.Əliquliyevin dairə seçki komissiyasına ünvanladığı ərizəsindən aydın görünür ki, o, namizədliyinin qeydiyyatı ilə bağlı sənədləri öz iradəsinə əsasən dairə seçki komissiyasına qaytarmamış və bununla əlaqədar heç bir şikayəti olmamışdır.
Ümumiyyətlə namizədliyinin geri götürülməsi faktı mövcud olmamış və səlahiyyətli nümayəndə tərəfindən bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 13 noyabr 2009-cu il tarixli 13 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli
|