. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
  Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin
13 noyabr 2009-cu il tarixli 11 saylı müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2009-cu il noyabrın 13-də 11 saylı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, Müsavat Partiyası tərəfindən 11 saylı Qaradağ seçki dairəsi üzrə Sahil bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüş bəzi şəxslərə (Novruz Əhmədov, Füzuli Fəttahov və Xanbala Qasımzadə) namizədliklərinin geri götürülməsi məqsədilə qanunsuz təzyiq göstərildiyini bildirmiş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada tədbirlər  görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərə verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qanunsuz təzyiqə məruz qalmaları iddia edilən şəxslər könüllü olaraq namizədliklərinin irəli sürülməsinin ləğv edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etmişlər.
Həmçinin şikayətin araşdırılması ilə əlaqədar həmin şəxslərin yazdıqları izahatlardan aydın görünür ki, namizədliyinin geri götürülməsi ilə bağlı onlara hər hansı bir təzyiq göstərilməmişdir.
Səlahiyyətli nümayəndə tərəfindən müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərə verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a    a l ı r :

1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 13 noyabr 2009-cu il tarixli 11 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr:                                                                                                 Məzahir Pənahov

Müavin:                                                                                            Svetlana Qasımova

Katib:                                                                                                Natiq Məmmədov

Üzvlər:                                                                                             

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası