2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-8 və 23-9 saylı qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma və mətni müəyyən olunmuşdur.
Bununla əlaqədar səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə seçki keçirilən bələdiyyələrin və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları üçün və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr: Məzahir Pənahov
Müavin: Svetlana Qasımova
Katib: Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |