Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert
qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 oktyabr 2009-cu il tarixli 29/103 saylı qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2009-cu ilə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
Seçki komissiyalarına daxil olmuş bu qəbildən olan şikayət və müraciətlərin araşdırılmasının obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qayda Azərbaycan Respublikasının seçki (referendum) təcrübəsində uğurla tətbiq edilmiş, hazırda həmin təcrübənin növbəti bələdiyyə seçkilərində də davam etdirilməsi zəruridir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və yuxarıda göstərilən Təlimat”ın 5.1-ci bəndinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2009-cu il dekabrın 23-nə təyin edilmiş növbəti bələdiyyə seçkiləri dövründə fəaliyyət göstərən 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
Ramiz İbrahimov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Qabil Orucov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Validə Kazımova – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Tofiq Həsənov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Rövşən İsmayılov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Nizami Nadirov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
İradə Hacıyeva – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri
Rafiq Abbasov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi
Emin Quliyev – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin böyük məsləhətçisi
2. Dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.
3. Qərar 24 saat müddətində dərc edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr : Məzahir Pənahov
Müavin : Svetlana Qasımova
Katib : Natiq Məmmədov
Üzvlər :
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı |