. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 10 oktyabr
2007-ci il tarixli 6/16 saylı Qərarı
ilə təsdiq edilmişdir

DAİRƏ SEÇKİ KOMİSSİYASININ KATİBLİYİ HAQQINDA

Ə S A S N A M Ə 

1.Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 34-cü maddəsinə uyğun olaraq dairə seçki komissiyasında Katiblik fəaliyyət göstərir. Dairə seçki komissiyasının Katibliyi (bundan sonra –  Katiblik) dairə seçki komissiyasının  fəaliyyətinin təşkilati-metodiki, maliyyə, sənədləşdirmə, nəşr, maddi-texniki təminatını həyata keçirir.
1.2. Bu Əsasnamə Katibliyin strukturunu və səlahiyyətlərini, onun əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edir.
1.3. Katiblik Seçki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, digər qanunvericilik aktlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qəbul etdiyi  təlimat, izah, qayda və metodiki göstərişləri, Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyasının qərarlarını, dairə seçki komissiyası sədrinin əmrlərini rəhbər tutur.
1.4. Katibliyin əməkdaşları ilə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

2.Katibliyin səlahiyyətləri

2.1. Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:
-dairə seçki komissiyasının, habelə onun üzvlərinin seçki komissiyasındakı fəaliyyətinin təminatı ilə bağlı müvafiq tədbirlər görür;
-dairə seçki komissiyasının iclaslarına çıxarılan sənəd layihələrinin və materialların hazırlanmasında iştirak edir;
-dairə seçki komissiyası iclasının protokolunu tərtib edir, lazım olduqda stenoqramını və video-audio yazısını aparır;
- Katibliyə daxil olmuş ərizə və şikayətlərin, dairə seçki komissiyasının qərarlarının, komissiya sədrinin əmrlərinin, həmçinin qeydiyyatı tələb olunan digər sənədlərin reyestrini aparır;
-dairə seçki komissiyasının qərarlarının dərc olunmasını, habelə digər materialların ictimailəşdirilməsini təmin edir;
-dairə seçki komissiyası qərarlarının icrasının təmin olunması ilə bağlı öz səlahiyyətləri daxilində tədbirlər görür;
-Katibliyin kargüzarlığını aparır;
-seçki (referendum) məsələləri ilə bağlı aşağı seçki komissiyaları nümayəndələrinin və vətəndaşların qəbulunu təşkil edir;
-komissiya sədrinin tapşırığı ilə yerli dövlət orqanları, bələdiyyələr,   digər qurum və şəxslərlə qarşılıqlı fəaliyyəti həyata keçirir;
-digər dairə və məntəqə seçki komissiyalarının təcrübə mübadiləsinin təşkilində iştirak edir;
-komissiya sədrinin qanunauyğun tapşırıqlarının yerinə yetirilməsini təmin edir;
-dairə seçki komissiyasının fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

2.2. Dairə seçki komissiyası sədrinin dairə seçki komissiyası Katibliyinin  idarə edilməsinə dair səlahiyyətləri, Katiblik əməkdaşlarının işə qəbulu ilə əlaqədar Mərkəzi Seçki Komissiyası sədrinin qarşısında təqdimatla çıxış etmək də daxil olmaqla, Seçki Məcəlləsinin 19.17-ci maddəsində nəzərdə tutulmuş hədlərdə müəyyən edilir. 

3.Katibliyin ştat vahidləri

3.1. baş məsləhətçi;
3.2. böyük məsləhətçi (mühasib);
3.3. aparıcı məsləhətçi (kompyuter üzrə mütəxəssis);
3.4.  məsləhətçi;
3.5. xadimə;
3.6. gözətçi.

4. Baş məsləhətçi

-dairə seçki komissiyasının fəaliyyətinin sənədlərlə iş və kargüzarlıq təminatını həyata keçirir;
-dairə seçki komissiyası üzvlərinin iclaslara davamiyyətinin uçotunu aparır;
-dairə seçki komissiyasının iclasları protokollarının tərtibini, lazımi hallarda iclasların stenoqrama alınmasını, eləcə də protokolların və digər müvafiq sənədlərin saxlanmasını təmin edir;
-dairə seçki komissiyasına daxil olan sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul edir;
-dairə seçki komissiyasında hazırlanan sənədlərin göndərilməsini təşkil edir;
-Katibliyin əməkdaşlarını xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və materiallarla, o cümlədən Mərkəzi Seçki Komissiyasının təlimat, izah və qaydaları ilə tanış edir;
-məntəqə seçki komissiyalarının sədrlərini sənədlərin uçotu, göndərilməsi və saxlanılması qaydaları ilə tanış etmək məqsədilə onlarla lazımi işin aparılmasını, habelə vaxtaşırı seminarların təşkilini təmin edir;
-seçki komissiyalarının sənəd və materiallarının qanunvericiliklə müəyyən olunmuş müddətlərdə saxlanılması, arxivə verilməsi, yaxud lazımi qaydada ləğv edilməsi işini təşkil edir;
-dairə seçki komissiyası üzvlərinin, Katibliyin işçilərinin xidməti ezamiyyələrini rəsmiləşdirir və bunların uçotunu aparır;
-məntəqə seçki komissiyası üzvlərinin anket məlumatlarını toplayır;
-Katibliyin əməkdaşlarının hərbi qeydiyyatının uçotunu aparır;
-dairə seçki komissiyasının fəaliyyəti barədə məlumatların kütləvi informasiya vasitələrilə yayımlanmasını təşkil edir;
-dairə seçki komissiyasının sədri tərəfindən ona həvalə olunmuş və Katibliyin fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə yetirir.

5. Böyük məsləhətçi (mühasib)

-öz işini Seçki Məcəlləsinə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər  müvafiq  normativ-hüquqi aktlara uyğun qurur;
-dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatının icrasını qanunla müəyyən olunmuş qaydada həyata keçirir;
-maliyyə intizamına əməl olunmaqla xərclər smetasının icrasını təmin edir;
-seçkilər (referendum) başa çatdıqdan sonra ayrılmış vəsaitin xərclənməsinə dair müvafiq hesabatların tərtib edilməsini, düzgünlüyünün yoxlanılmasını,  xərclənməmiş vəsaitlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə büdcəyə qaytarılmasını təmin edir;
-mal-materialların və digər maddı dəyərlərin vaxtında uçota alınmasını, mənəvi və fiziki cəhətdən köhnəlmiş əsas vəsaitlərin, mal-materialların, azqiymətli və tez xarab olan əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada uçotdan silinməsini təmin edir;
-mühasibat uçotu əməliyyatları üzrə sənədləşdirmə aparır;
-maliyyə fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatların keyfiyyətlə tərtibini və qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Mərkəzi Seçki Komissiyasına və müvafiq dövlət orqanlarına təqdim olunmasını təmin edir;
-maliyyə  intizamına  əməl  olunması məqsədilə məntəqə seçki komissiyalarına həvalə edilmiş maliyyə vəsaitlərindən və digər əmlakdan istifadə üzərində nəzarəti həyata keçirir;
-dairə seçki komissiyasının xəzinə-bank əməliyyatlarını aparır;
-Katibliyin maliyyə fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirir;
-böyük məsləhətçi (mühasib) mühasibat sahəsində ali təhsilli mütəxəssis olmalıdır.

6. Aparıcı məsləhətçi (kompyuter üzrə mütəxəssis)

-dairə və məntəqə seçki komissiyalarında dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini təmin edir;
-dairə seçki komissiyasında informasiya və kommunikasiya texnologiyaları üzrə işləri yerinə yetirir;
-kompyuterin program təminatı üzrə işləri həyata keçirir;
-hazır proqramların tətbiqolunma imkanlarını təyin və təşkil edir;
-lokal şəbəkə sistemlərindən istifadəni təmin edir;
-müvafiq informasiyanın ötürülməsini təmin edir;
- namizədlərin və müşahidəçilərin qeydə alınması, seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi, səsvermənin ilkin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsi ilə əlaqədar məlumatlar alınarkən, verilərkən və yenidən işlənib hazırlanarkən, habelə dəftərxana və kargüzarlıq  işlərini yerinə yetirərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edir;
- qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Aparıcı məsləhətçi (kompyuter üzrə mütəxəssis) yuxarıda göstərilən məlumatların və Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməli olan digər məlumatların düzgün yerləşdirilməsi və ötürülməsi, habelə vaxtında yeniləşdirilməsinə görə cavabdehdir.

7. Məsləhətçi

7.1. Dairə seçki komissiyanın qanunauyğun fəaliyyətini təmin etmək məqsədilə dairə seçki komissiyasının sədri tərəfindən müəyyən edilmiş istiqamətlərdə müvafiq fəaliyyəti həyata keçirir.

8. Xadimə

8.1. Xadimə dairə seçki komissiyasının inzibati binasına aid əsas və yardımçı sahədə, habelə binaya məxsus ərazidə təmizliyi və səliqə-səhmanı təmin edir.

9. Gözətçi

9.1. Gözətçi dairə seçki komissiyasının yerləşdiyi inzibati binanı və komissiyanın əmlakını mühafizə edir.

10. Katiblik işçilərinin hüquq və vəzifələri

10.1. Katiblik əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Əsasnamə ilə və digər normativ aktlarla müəyyən olunur.
10.2. Katibliyin əməkdaşlarını Mərkəzi Seçki Komissiyasının sədri işə qəbul edir (dairə seçki komissiyası sədrinin təqdimatı və Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin və müvafiq şöbələrin, həmçinin “Seçkilər” İnformasiya Mərkəzi direktorunun dərkənarına əsasən) və işdən azad edir, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mükafatlandırır və intizam tənbehi tətbiq edir.
10.3. Katibliyin əməkdaşları Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.
10.4. Katibliyin hər bir əməkdaşı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün fərdi məsuliyyət daşıyır. Katibliyin əməkdaşları qulluq səlahiyyətlərini icra edən zaman dairə seçki komissiyasının qanunla müəyyən olunmuş fəaliyyətinə, o cümlədən komissiyanın seçkilərin təşkil edilməsi və həyata keçirilməsindəki müstəqil və qərəzsiz mövqeyinə xələl gətirən davranışa yol verməməlidirlər. Onlar öz qulluq vəzifələrini icra edən zaman hər hansı bir namizədin, siyasi partiyanın, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının xeyrinə imza toplaya, eləcə də seçkiqabağı təşviqat kampaniyalarında təşviqatçı qismində iştirak edə, seçiciləri bu və ya digər formada hər hansı bir namizədin xeyrinə və ya əleyhinə, referendumda qoyulan məsələnin lehinə    və ya əleyhinə səs verməyə təhrik edə bilməzlər.
10.5. İşə qəbul edildikdən sonra Katibliyin əməkdaşlarına dairə seçki komissiyasının  sədri tərəfindən imzalanmış xidməti vəsiqə verilir.

11.Əsasnamənin müddəalarının pozulmasına görə məsuliyyət
        
11.1. Bu Əsasnamənin müddəalarının pozulması qanunla müəyyən olunmuş məsuliyyət yaradır.

12.Əsasnamənin qəbul olunması, ona əlavə və dəyişikliklər edilməsi

12.1.  Əsasnamə Mərkəzi Seçki Komissiyasının qərarı ilə qəbul olunur.
12.2. Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Mərkəzi Seçki Komissiyasının qərarı ilə edilə bilər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası