Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti üzrə
Rəyi
Bakı şəhəri 24 fevral 2009-cu il
Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 23.02.2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş, seçkiqabağı təşviqatın aparılması ilə əlaqədar “Xalq qəzeti”nin redaksiyası tərəfindən Seçki Məcəlləsinin tələblərinin pozulmasına dair müraciətini araşdıraraq müəyyən etdim.
“Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək bildirirmişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 77.2 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq dövrü nəşrlər vasitəsilə referendumqabağı təşviqatın pulsuz əsaslarla aparılması üçün püşkatma nəticəsində “Xalq qəzeti”ndə bu məqsədlə ayrılmış yerdə dərc edilməsi üçün təşviqat qrupu tərəfindən hazırlanmış və redaksiyaya təqdim edilmiş materialın başlığı olduğu kimi getməmişdir.
Səlahiyyətli nümayəndə bu halı qanun pozuntusu kimi qiymətləndirərək aradan qaldırılmasını xahiş etmişdir.
Müraciət Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Müraciətdə qaldırılan məsələ ilə əlaqədar araşdırma aparıb təcili məlumat verilməsi üçün “Xalq qəzeti”nin redaksıyasına müraciət edilmişdir.
Redaksiyadan verilmiş məlumata görə həqiqətən də referendumqabağı təşviqat üçün qəzetdə ayrılmış yerdə “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun təqdim etdiyi materialın başlığı texniki səhv üzündən olduğu kimi getməmişdir.
Müraciətin araşdırılması ilə “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin göstərdiyi fakt öz təsdiqini tapmışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6,7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 2009-ci il mart 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsaslı hesab edilsin və redaksiyaya həvalə edilsin ki, materialın dərc edilməsi zamanı buraxılmış texniki səhv qanuna müvafiq qaydada aradan qaldırılsın.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü Ramiz İbrahimov
|