. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü İradə Hacıyevanın 18 mart 2009-cu ilə təyin edilmiş referendumla əlaqədar “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təsəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun şikayətinin araşdırılmasına dair

R Ə Y İ

 Bakı şəhəri                                                                                                                                3 fevral 2009-cu il , saat 14.00

“Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov 2 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 30-da adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Şəhla Hacıyeva, Natəvan Məmmədova) Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən imza toplanmasına maneçilik törədilməsini göstərmiş və qanunsuz hərəkətləri etmiş şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Həsən Kərimovla əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi hər-hansı bir sübutu yoxdur.
Daxil olmuş müraciətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 30 yanvar 2009-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən Ş.Hacıyeva və N.Məmmədova adlı şəxslər bölmənin inzibati ərazisində saxlanılmamış və ya hər hansı bir tədbirin görülməsi üçün bölməyə aparılmamışlar.
Yuxarıda qeyd edilənlərə əsasən səlahiyyətli nümayəndənin ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən    r ə y ə     g ə l d i m :

1. 2009-ci il mart 18-nə təyin edilmiş referendumda  “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun şikayəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

Azərbaycan Respublikası Mərkəzi Seçki
(Referendum) Komissiyası nəzdində
ekspert qrupunun üzvü                                                                                                                       İradə Hacıyeva


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası