Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü Rövşən İsmayılovun 18 mart 2009-cu il tarixə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təsəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının şikayətinin araşdırılmasına dair
R Ə Y İ
Bakı şəhəri 30 yanvar 2009-cu il , saat 14.00
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 28 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 21, 23, və 24-də respublikanın ayrı-ayrı bölgələrində (Cəlilabad, Xaçmaz, İsmayıllı, Lənkəran, Neftçala rayonlarında və Sumqayıt şəhərində) adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Azər Nağıyev, Mehman İsmayılov, Namiq Əkbərli, Fəxrəddin Abbas) polis və yerli icra hakimiyyəti orqanları tərəfindən imza toplanmasına maneçilik törədilməsini və imza vərəqələrinin alınıb korlanmasını göstərmiş, Lənkəran və Neftçalada baş verənlərlə bağlı müvafiq dairə seçki (referendum) komissiyalarına məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülməməsini iddia edərək, qanunsuz hərəkətləri törətmiş şəxslər barəsində tədbir görülməsini və korlanmış imza vərəqələrinin əvəzinə yeni imza vərəqələrinin verilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Daxil olmuş müraciətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırkı müraciətdə göstərilən halların bir qismi (Cəlilabad, Xaçmaz, İsmayıllı rayonlarında və Sumqayıt şəhərində baş verməsi ehtimal edilənlərlə bağlı) Gülağa Aslanlı tərəfindən Mərkəzi Seçki (Referendum) Komissiyasına ünvanlanmış 21, 23 və 24 yanvar 2009-cu il tarixli müraciətlərdə də öz əksini tapdığından bununla əlaqədar Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun ayrı-ayrı üzvləri tərəfindən araşdırma aparılmış, Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılaraq müraciətlər əsassız olduğundan onların təmin edilməməsi barədə müvafiq qərarlar qəbul edilmişdir (24 yanvar 2009-cu il tarixli 3/15 saylı, 29 yanvar 2009-cu il tarixli 5/26 saylı və 27 yanvar 2009-cu il tarixli 4/21 saylı qərarlar).
Müraciətdə Lənkəran və Neftçala rayonlarında baş verməsi ehtimal olunan hallarla əlaqədar dəqiq ünvan, yer, vaxt və qanun pozuntusu törətmiş şəxs barədə heç bir məlumat göstərilməmiş, habelə ehtimal olunan halların baş verməsi sübuta yetirilməmiş, iddia edilən müvafiq dairə seçki komissiyalarına bunlarla əlaqədar heç bir məlumat və şikayət verilməmiş, habelə həmin seçki dairələrinin ərazilərində seçici imzalarının toplanmasına yerli icra və polis orqanları tərəfindən maneçilik törədilməsi ilə əlaqədar heç bir hal qeydə alınmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1 və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən r ə y ə g ə l d i m :
1. 2009-ci il martın 18-nə təyin edilmiş referendumda “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi Seçki
(Referendum) Komissiyasının üzvü,
ekspert qrupunun üzvü Rövşən İsmayılov
|