Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti üzrə
R Ə Y İ
Bakı şəhəri 26 yanvar 2009-cu il
Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 24.01.2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş Cəlilabad və Neftçala rayonlarında yerli icra hakimiyyəti və polis orqanlarının bir sıra işçiləri tərəfindən imza toplanmasına maneəçilik törədilməsi və işdən azad olunmaları barədə müraciətini araşdıraraq müəyyən etdim.
“Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki (Referendum) komissiyasına müraciət edərək yanvar ayının 22-də Cəlilabad rayonunun İcra Hakimiyyəti başçısının müavini Nazim Səlimovun Üçtəpə kənd orta məktəbində olaraq 26 müəllimi öz imzalarından imtina etmələrini tələb edib, onları işdən çıxaracağı ilə hədələmişdir.
Ərizəçi müraciətində həmçinin göstərmişdir ki, Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov, 4 saylı məktəbin orta direktoru Gülnaz Dadaşova, YAP Neftçala rayon təşkilatının sədr müavini Bəybala Qasımov, Neftçala rayon polis şöbəsinin sahə müvəkkili Mahir Əliyev, Neftçala Texniki-Peşə məktəbinin direktoru İlyas Pənalıyev bir neşə şəxsə imza vərəqələrini imzaladıqlarına görə onları işdən çıxarmaqla hədələmişdir.
“Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı yol verilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün tədbir görülməsini xahiş etmişdir.
Müraciət Seçki Məcəlləsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir. Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. O, bildirmişdir ki, müraciətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutlar yoxdur.
Araşdırılan məsələ ilə əlaqədar araşdırma aparılıb aidiyyatı şəxslərə sorğular edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına Cəlilabad rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov, Cəlilabad rayon Üçtəpə kənd orta məktəbinin müəllimləri Mehman Əhmədov, Məhəmməd Mirzəyev, Cavanşir Rüstəmov izahat verərək göstərmişlər ki, Üçtəpə kənd orta məktəbində referendumla bağlı heç bir iclas və ya toplantı keçirilməmişdir. Bu məlumatlar kənd orta məktəbinin 24 yanvar 2009-cu il tarixli arayışında da göstərilmişdir. Nazim Səlimov izahatında göstərmişdir ki 19 yanvar 2009-cu il tarixdə təşkilatı məsələlər ilə bağlı Üçtəpə kənd ərazi nümayəndəliyində olmuşdur.
Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, 4 saylı orta məktəbin direktoru Gülnaz Dadaşova, YAP Neftçala rayon təşkilatının sədr müavini Bəybala Qasımov, Neftçala Texniki-Peşə məktəbinin direktoru İlyas Pənalıyev, Mirqurbanlı kənd orta məktəbinin direktoru Abdulla Rzayev Mərkəzi Seçki Komissiyasına verdikləri izahatlarda imza vərəqələrində imza edilməməsi barədə heç kimə təzyiq etmədikləri və hər hansı şəxsi, o cümlədən müraciətdə adları çəkilənlərdən heç birini işdən azad etmədiklərini qeyd etmişlər.
Müraciətə əsasən hüquqları pozulan vətəndaşlar Elxan Əsədov, Valeh Hacıyev, Hilal Cəfərov və Hüseyn Fərəcov Mərkəzi Seçki Komissiyasına verdikləri izahatlarda müraciətdə onlar barədə yalan və böhtan xarakterli məlumatlar yazıldığını göstərərək, heç bir təzyiqə məruz qalmadıqlarını bildirmişlər və işdən azad olunmamışlar.
Müraciətin araşdırılması ilə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən aşağıdakı rəyə gəldim:
- 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının vətəndaşların seçki hüquqlarının pozulmasına dair müraciəti əsassız olduğundan təmin edilməsin.
- Rəyi qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Azərbaycan Respublikası Mərkəzi
Seçki (Referendum) Komissiyasının üzvü,
ekspert qrupunun üzvü Tofiq Həsənov
|