Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti üzrə
Rəyi
Bakı şəhəri 28 yanvar 2009-cu il
Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov 2009 -cu il martın 18 -nə təyin edilmiş referendumda “Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının 26.01.2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına daxil olmuş Xaçmaz rayonunda icra, bələdiyyə və polis qurumları tərəfindən imza toplanmasına maneçilik törədilməsi və bu məqsədlə imza toplayan şəxslərin polis şöbəsinə çağrılması barədə müraciətini araşdıraraq müəyyən etdim:
“Respublikaçılar” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək yanvar ayının 22-də Xaçmaz rayonunun Qarabağlar kəndində imza toplayan Bəhruz Mustafayevin bələdiyyə sədri və polis sahə müvəkkili tərəfindən təzyiqlərə məruz qoyularaq polis idarəsinə aparılması, Xudat qəsəbəsində Musavat partiyasının üzvü Çingiz Kərimovun imza töpladığı zaman polis sahə müvəkkili Oqtay Həsənov tərəfindən saxlanılaraq, bələdiyyə sədri Elman Allahyarovun iş otağına aparılıb orada ona fiziki və mənəvi təzyiqlər göstərilməsi, yanvarın 23-də isə Xudat qəsəbəsində müsavatçı Mehman İsmayılovun imza toplayarkən həbs olunması, həmin vaxt ondakı imza vərəqəsinin cırılması kimi hallar göstərilmişdir.
Həmçinin müraciətdə o da göstərilir ki, Xaçmaz rayon Nəcəran kənd sakini, Müsavat Partiyasının üzvü Heybət Əmrah imza topladığı üçün təzyiqə məruz qalmış, Nərəcan kənd ərazi icra vahidinin sədr müavini Qalib Tarıverdiyev onun evinə gələrək, Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin tapşırığı ilə imza toplanılmasına imkan verməyəcəyini bildirmiş və yol verilən qanuna zidd hərəkətlərin qarşısının alınması və günahkarların cəzalandırılması üçün lazımi tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Gülağa Aslanlı ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Yuxarıda göstərilən məsələ ilə əlaqədar araşdırma aparıb təcili məlumat verilməsi üçün Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılmış,rayon polis şöbəsinin rəisi cənab Nazim Əlirzayevin ünvanına faksla məktub göndərmişdir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Ə.Xanbabayevin imzası ilə daxil olmuş 26 yanvar 2009-cu il tarixli 46 saylı cavab məktubunda göstərilir ki, rayon ərazisində imza toplama kampaniyası tam şəffaf şəraitdə aparılır, bu prosesdə siyasi baxışlarına görə RİH tərəfindən heç kimə hər hansı maneə yaradılmır.
Məktubda həmçinin qeyd edilir ki, rayonun bir sıra kəndlərində Müsavat Partiyasının təmsilçiləri imza toplayarkən seçicilərə yalan vədlər vermiş,bu isə əhalinin hiddətinə səbəb olmuş və onlar həmin ərazilərdən uzaqlaşdırılmışlar.
26 yanvar 2009-cu il tarixdə Xaçmaz rayon polis şöbəsinin rəisi cənab Nazim Əlirzayevin imzası ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 377 saylı məktubda isə qeyd olunur ki, 23.01.2009-cu il tarixdə rayonun Gödəkli kəndində İsmayılov Mehman Kamil oğlu imza toplayarkən kənd sakini R.B.Seyidova izahat vermədən imza vərəqəsinə imza atdırmış, sonradan onların arasında mübahisə baş vermiş, bununla bağlı olaraq onlar kənd bələdiyyəsi sədri tərəfindən bələdiyyənin inzibati binasına dəvət olunmuşlar. Bələdiyyə sədri tərəfindən polis sahə inspektoruna məlumat verilmiş, bu zaman R. Seyidov imza etdiyi imza vərəqəsini götürüb cırmışdır. Faktla əlaqədar polis sahə inspektoru hadisə yerinə gəlmiş və Mehman İsmayılovun yazılı müraciətinə əsasən araşdırma apararaq R.Seyidovu Azərbaycan Respublikasi İXM-nin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) məhkəmə məsuliyyətinə vermişdir. Araşdırma zamanı M. İsmayılov həqiqətən polis şöbəsinə dəvət olunmuş, lakin ona qarşı heç bir təzyıq göstərilməmişdir.
Cənab N. Əlirzayevin məlumatına əsasən Xudat şəhərində Müsavat Partiyasının üzvü Cingiz Kərimovun və Qarabağlı kəndində Bəhruz Mustafayevin imza toplayarkən onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı formada təzyiq göstərilməsi barədə məlumatlar əsassızdır.
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi G.Aslanlının müraciətinin araşdırılması nəticəsində onun göstərdiyi faktların öz təsdiqini tapmadığı müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən aşağıdakı rəyə gəldim:
1. 2009-ci il mart 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının vətəndaşların seçki hüquqlarının pozulmasına dair müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü Rafiq Abbasov
|