Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Emin Quliyevin 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Qarabağ və Respublika uğrunda” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun müraciəti üzrə
Rəyi
Bakı şəhəri 26 yanvar 2009-cu il
Mən, ekspert qrupunun üzvü Emin Quliyev 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, bir sıra rayonların icra hakimiyyəti orqanları və polis idarəsi əməkdaşları tərəfindən imza toplanmasına maneçilik törədilməsi və bu məqsədlə imza toplayan şəxslərin polis şöbəsinə çağrılması barədə daxil olmuş müraciətini araşdıraraq aşağıdakıları müəyyən etdim:
“Qarabağ və Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək 2009-cu ilin yanvar ayının 17-dən başlayaraq təşviqat qrupunun xeyrinə imza toplamasının qarşısını almaq məqsədilə Salyan rayonunda ADP rayon təşkilatının sədri Emil Məmmədova qarşı rayon icra hakimiyyətinin ayrı-ayrı nümayəndələri, vətəndaş Əlipaşa Abdullayev, Əliağa Quliyev, Cingiz Baxşıyev, həmçinin rayon polis idarəsinin əməkdaşı, sahə müvəkkili Əjdər Rəhimov tərəfindən təzyiqlər göstərilərək. Salyan rayonu Qarabağlar kənd icra nümayəndəsi İlham Muradovun isə kənd sakinlərini imzalardan imtina etdirməyə cəhd göstəməsini bildirmişdir. Digər tərəfdən, yol verilmiş qanunsuzluqlarla bağlı Emil Məmmədovun 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının sədri Səlamət Kərimova şikayət edildiyi göstərilir. Lakin onun heç bir tədbir görmədiyi, əksinə rayon icra hakimiyyətində keçirilmiş iclasda iştirak etdiyi göstərilir.
Hacıqabul rayonu Meyniman kəndinə də rayon AXCP fəallarının imza toplamasına maneçilik tərədildiyi və AXCP rayon şöbəsi Məclis sədri Nurəmir Məmmədovun Hacıqabul rayon polis şöbəsinə çağrıldığı bildirilmişdir.
Eyni zamanda Həsən Kərimov ərizəsində bildirmişdir ki, Mingəçevir şəhərində AXCP fəalları imza toplayarkən şəhər polis əməkdaşlarının təzyiqlərinə məruz qalmış, 23 yanvar 2009-cu il tarixdə AXCP Mingəçevir şəhər şöbəsinin sədri Süleyman Kərimov isə şəhər polis idarəsinə aparılmışdır və onun sonrakı taleyi barədə heç bir məlumat verilmir. Sabirabad rayonunda isə AXCP Sabirabad rayon şöbəsinin aktivləri Rövşən Sadıqovun və Mövsüm Əsgərovun imzatoplama kampaniyasında aktiv iştirak etdiklərinə görə rayon polis şöbəsi əməkdaşları tərəfindən tutulduqlarını və onlara qarşı qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında ittiham edildiyi göstərilir.
Nəhayət, ərizədə Neftçala və Zərdab Rayon Icra Hakimiyyətinin başçıları tərəfindən kənd və qəsəbə icra nümayəndələrinə müxalifət partiyalarının daxil olduğu refendum üzrə təşviqat qrupları adından imza toplanmasına maneçilik tərədilməsinə dair göstərişlərin verildiyi haqqında məlumat verilmişdir. Belə bir göstərişin nə zaman və hansı şəraitdə verildiyi isə ərizədən məlum olmur.
Göstərilən əməllərin vətəndaşların seçki hüququnu pozduğunu bildirərək, ərizəçi pozuntuya yol vermiş şəxslər barədə qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Müraciət Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən və nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndə Həsən Kərimov ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. O bildirmişdir ki, müraciətə göstərdiyi məlumatdan başqa, əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur.
Salyan rayonunda vətəndaş Emil Məmmədovun imzatoplama prosesinə müdaxilə edilməsi ilə əlaqədar araşdırmanın aparılması məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovla telefonla əlaqə saxlanılmışdır (26 yanvar 2009-cu il, saat 11:30). R. Bəşirov məlumat vermişdir ki, Emil Balamirzə oğlu Məmmədov ADP rayon təşkilatının sədri olmaqla bərabər, eyni zamanda “Demokratiyaya Yardım” İctimai birliyinin də sədri vəzifəsində çalışır və onun bu səbəbdən imza toplama kampaniyasında iştirakı Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə ziddir. Eyni zamanda, Emil Məmmədov rayonun Qarabağlar kəndində imza toplayarkən özünü “Neftçilərin Hüquqlarını Müdafiə” ictimai təşkilatinin səlahiyyətli nümayəndəsi kimi qələmə vermiş, onların hüquqlarının müdafiəsini təşkil edəcəyini bildirərək, sakinlərdən şəxsiyyət vəsiqələrinə aid məlumatların toplanılmasını həyata keçirmişdir. Kənd sakinləri də kənd icra nümayəndəsi İlham Muradova müraciətdə imzaların qeyri-qanuni toplanması barədə məlumat vermişlər. Bütün bunları nəzərə alaraq RİH E. Məmmədova bu fəaliyyəti ilə əlaqədar şifahi xəbərdarlıq etmişdir.
59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının sədri Səlamət Kərimov isə telefonla verdiyi şifahi izahatında (26 yanvar 2009-cu il, saat 9:45) bildirmişdir ki, onun rayon icra hakimiyyətindəki toplantıda iştirakı seçici siyahılarının dəqiqləşdirilməsi işində rayon icra strukturlarının yardım göstərilməsini xahiş etmək məqsədini daşımışdır. Rayon Icra Hakimiyyəti başçısının sədrlik etdiyi bu toplantı seçki məntəqələrinin təmiri məsələlərinə həsr edilmişdir. Səlamət Kərimovun sözlərinə görə, iclasda Rayon Icra Hakimiyyəti başçısı imzatoplama kampaniyasının gedişinə maneçiliyin törədilməsi ilə əlaqədar yerli icra orqanlarına heç bir göstəriş verməmişdir.
Salyan rayon Polis Şöbəsinin rəisi Hamlet Salahovun 26 yanvar 2009-cu il tarixli 258 №-li məktubunda Salyan rayon Polis Şöbəsinin inspektoru, polis mayoru Əjdər Rəhimovun Emil Məmmədovun yanına gəlməsi sonuncunun əhalidə qaz və elektrik enerjisi ilə təminatla bağlı problemlərin həll edilməsi adı altında əhalidən imza toplaması ilə bağlı olmuşdur. E. Məmmədovla söhbətdə Ə. Rəhimov bu cür halların yolverilməz olduğunu xəbərdar etmişdir. Rayon Poliş Şöbəsində aparılan araşdırma zamanı Ə. Rəhimovun hərəkətlərində hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir.
Hacıqabul, Sabirabad rayonlarında və Mingəçevir şəhərində AXCP fəallarının imza toplama işinə maneçilik törədilməsi faktları ilə bağlı təcili məlumat verilməsi üçün Hacıqabul rayon və Mingəçevir şəhər polis idarəsinin rəisləri ilə telefon əlaqəsi yaradılmış, Sabirabad rayon polis idarəsinin rəisinə isə faksla 26 yanvar 2009-cu il tarixli 10/20-52 saylı məktub göndərilmişdir. Haciqabul rayon və Mingəçevir şəhər Polis Şöbələrindən 26 yanvar 2009-cu il tarixdə faksla daxil olmuş 19 saylı məktublarda ərizədə göstərilmiş şəxslərin polis şöbəsinə cağrılmadıqları və ya ora gətirilmədikləri, imza toplayan şəxslərə qarşı heç bir təzyiqin olmadığını göstərmişlər.
Sabirabad rayon polis şöbəsi rəisi, polis polkovniki Aqil Vəliyevin 26 yanvar 2009-cu il tarixli 464 və 465 saylı məktublarında Sabirabad şəhər sakinləri Sadıqov Rövşən Balaqardaş oğlunun və Əsgərov Mövsüm İsrail oğlunun həqiqətən də 21 yanvar 2009-cu il tarixdə polisin tələblərinə riayət etmədiklərinə görə inzibati tədbir görülməsi məqsədilə Sabirabad rayon polis şöbəsinə gətirildikləri və onların barələrində müvafiq olaraq 3 və 2 gün müddətində inzibati həbs haqqında Sabirabad rayon məhkəməsi qərarının çıxarıldığı barədə məlumat verilir. Eyni zamanda o da bildirilir ki, R. Sadıqov və M. Əsgərovdan fərdi istehlak məqsədilə müvafiq olaraq 7, 93 və 7, 84 qram qurudulmuş marixuana aşkar edildiyinə görə onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işləri açılmış və Sabirabad rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Aqil Vəliyevin sözlərinə görə, rayon polis şöbəsinə gətirilərkən R. Sadıqov və M. Əsgərovun üzərlərində heç bir imza vərəqəsi aşkar edilməmişdir və onların AXCP üzvü olması da məlum deyildi.
Daha sonra bizim şifahi sorğumuz əsasında Neftçala Rayon Icra Hakimiyyəti başçısının birinci müavini D. Əliyevin imzası ilə 26 yanvar 2009-cu il tarixli BM-38 saylı və Zərdab rayon Icra Hakimiyyəti başçısı L. Babayevin 26 yanvar 2009-cu il tarixli 20/35 saylı məktublarında bildirilir ki, rayon icra hakimiyyətlərində imzatoplama kampaniyasına maneçiliyin törədilməsi ilə bağlı heç bir göstəriş verilməmişdir.
Beləliklə müraciətin araşdırılması ilə “Qarabağ və Respublika uğrunda” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin göstərdiyi fakt lar təsdiqini tapmamışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6,7-ci bəndlərinə əsasən rəyə gəldim:
1. 2009-ci il mart 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə “Qarabağ və Respublika uğrunda Hərəkat” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun vətəndaşların seçki hüquqlarının pozulmasına dair müraciəti əsaslı olmadığından təmin edilməsin.
2. Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.
Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü Emin Quliyev |