. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü Qabil Orucovun 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Tofiq Yaqublu və Həsən Kərimovun birgə  şikayətinin araşdırılmasına dair

R Ə Y İ

 Bakı şəhəri                                                                                                                                    24 mart  2009-cu il , saat 11.00

“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Tofiq Yaqublu və Həsən Kərimov 23 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə yazılı müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini bildirib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma prosesində səlahiyyətli nümayəndələr Tofiq Yaqublu və Həsən Kərimov ilə əlaqə saxlanılmış, onlara əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüququları barədə məlumat verilmişdir. H.Kərimov bildirmişdir ki, şikayətdə göstərdiyi məlumatdan başqa əlavə olaraq təqdim edəcəyi sübutları yoxdur. T.Yaqublu isə şikayətin araşdırılması prosesində iştirak etmişdir.
Daxil olmuş şikayətlə bağlı tərəfimdən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayət üzrə təqdim edilmiş 180 ədəd müşahidəyə dair aktlardan 77 ədədi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu fakt araşdırmada iştirak edən T.Yaqublu tərəfindən də təsdiq edilmiş və tərəfimdən onunla birgə bu barədə akt tərtib edilmişdir.  Həmin aktlardakı nöqsanlar əsas etibarı ilə aktın tərtib olunma müddətinin keçirilən referendumun tarixinə uyğun gəlməməsi (məsələn, 13 may 2006-cı il, 18 may 2009-cu il, tarixlərdə uyğun gəlməyən düzəlişlər), bir şəxsin adından müxtəlif şəxslərin imza atmaları, qanunvericiliklə müəyyən olunmuş hüquqpozmanın olmaması, aktın doldurulmamış saxlanılması və s. kimi nöqsanlardır.
Həmçinin müraciətə əlavə edilmiş bir qism səsvermənin nəticələrinə dair yekun protokolların nüsxəsi üzrə araşdırma Azərbaycan Respublikası Seçki Məcəlləsinə və  “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq müvafiq seçki (referendum) komissiyalarının  səlahiyyətlərinə aid olduğundan həmin komissiyalara göndərilməlidir.
Həmçinin araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün əlavə vaxt tələb olunduğundan araşdırma müddətinin uzadılmasını məqsədəmüvafiq hesab edirəm.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1, 112-1.5.4-ci və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7, 8.7, 9.6 və 10.1.6-cı bəndlərinə əsasən   r ə y ə   g ə l d i m :

1. Daxil olmuş müraciətlə əlaqədar araşdırma müddəti uzadılsın.
2. Araşdırma materiallarının bir hissəsi aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilsin.
3. Rəy qəbul edildiyi andan 24 saat ərzində dərc edilsin (Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilsin) və surəti şikayətçiyə göndərilsin.

 

Azərbaycan Respublikası Mərkəzi Seçki
(Referendum) Komissiyasının üzvü,
ekspert qrupunun üzvü                                                                                                                              Qabil Orucov                                     


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası