. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

“Azad söz” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

18 mart 2009-cu il tarixdə keçiriləcək ümumxalq səsverməsində (referendumda) referendum üzrə təşviqat qrupu yaratmaq məqsədilə 2000-dən çox sayda seçicilər tərəfindən “Azad söz” referendum üzrə təşəbbüs qrupu yaradılaraq bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı bildiriş təqdim edilmiş və təşviqat qrupunun dəstəklənməsi məqsədilə seçici imzaları toplamaq üçün təşəbbüsçülərə lazımi sayda imza vərəqələri verilmişdir.
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 28 yanvar 2009-cu ildə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Azad söz” referendum üzrə təşəbbüs qrupunun eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 4 fevral 2009-cu il tarixli Protokoldan və həmin tarixli, 7/1 və 7/2 saylı Rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı 38.261 təşkil etmiş, beləliklə də qrupun qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.2.3-cü maddəsinə əsasən referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması həmin qrupun qeydə alınmasından imtina üçün əsas ola bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müvafiq seçki (referendum) komissiyası imza vərəqələrini və  qrupun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir. 
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən   q ə r a r a   a l ı r :

  1. “Azad söz” referendum üzrə təşəbbüs qrupunun 2009-cu il martın 18-nə təyin edilmiş referendumda eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilsin.
  2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər                                                                                               Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası