“Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
18 mart 2009-cu il tarixdə keçiriləcək ümumxalq səsverməsində (referendumda) referendum üzrə təşviqat qrupu yaratmaq məqsədilə 2000-dən çox sayda seçicilər tərəfindən “Hüquq və Demokratiya” referendum üzrə təşəbbüs qrupu yaradılaraq bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı bildiriş təqdim edilmiş və təşviqat qrupunun dəstəklənməsi məqsədilə seçici imzaları toplamaq üçün təşəbbüsçülərə lazımi sayda imza vərəqələri verilmişdir.
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 27 yanvar 2009-cu ildə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Hüquq və demokratiya” referendum üzrə təşəbbüs qrupunun eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. Belə ki, təqdim edilmiş etibarlı imzaların sayı 40.759 olmaqla 86 seçki dairəsinin ərazisində toplanılmış və ilkin maliyyə hesabatı qanunauyğun tərtib edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.
Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən müvafiq seçki (referendum) komissiyası imza vərəqələrini və qrupun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
- “Hüquq və Demokratiya” referendum üzrə təşəbbüs qrupu 2009-cu il martın 18-nə təyin edilmiş referendumda eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınsın.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli