. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin müraciətinə baxılması barə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

 2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 28 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 21, 23 və 24-də respublikanın ayrı-ayrı bölgələrində (Cəlilabad, Xaçmaz, İsmayıllı, Lənkəran, Neftçala rayonlarında və Sumqayıt şəhərində) adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Azər Nağıyev, Mehman İsmayılov, Namiq Əkbərli, Fəxrəddin Abbas) polis və yerli icra hakimiyyəti orqanları tərəfindən imza toplanmasına maneçilik törədilməsini və imza vərəqələrinin alınıb korlanmasını göstərmiş, Lənkəran və Neftçala rayonlarında baş verənlərlə bağlı müvafiq dairə seçki (referendum) komissiyalarına məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülməməsini iddia edərək, qanunsuz hərəkətləri törətmiş şəxslər barəsində tədbir görülməsini və korlanmış imza vərəqələrinin əvəzinə yeni imza vərəqələrinin verilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və  Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırkı müraciətdə göstərilən halların bir qismi (Cəlilabad, Xaçmaz, İsmayıllı rayonlarında və Sumqayıt şəhərində baş verməsi ehtimal edilənlər) Gülağa Aslanlının Mərkəzi Seçki (Referendum) Komissiyasına daxil olmuş 21, 23 və 24 yanvar 2009-cu il tarixli müraciətlərində də öz əksini tapmış, bununla əlaqədar Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırma aparılmış, Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılaraq müraciətlər əsassız olduğundan onların təmin edilməməsi barədə 24 yanvar 2009-cu il tarixli 3/15 saylı, 27 yanvar 2009-cu il tarixli 4/21 saylı və 29 yanvar 2009-cu il tarixli 5/26 saylı qərarlar qəbul edilmişdir.
Müraciətdə Lənkəran və Neftçala rayonlarında baş verməsi ehtimal olunan hallarla əlaqədar ünvan, yer, vaxt və qanun pozuntusu törətmiş şəxslər barəsində dəqiq məlumatlar göstərilməmiş, habelə araşdırma zamanı ehtimal olunan halların baş verməsi sübuta yetirilməmiş, müvafiq dairə seçki komissiyalarına bunlarla əlaqədar heç bir məlumat və şikayət verilməmişdir. İddia edilən seçki dairələrinin ərazilərində seçici imzalarının toplanmasına yerli icra və polis orqanları tərəfindən maneçilik törədilməsi və imza vərəqələrinin alınaraq korlanması ilə əlaqədar heç bir hal qeydə alınmamışdır.
Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
G.Aslanlının müraciətində göstərilən halların bir qisminə dair səlahiyyətli orqanın müvafiq qərarları mövcud olduğundan həmin məsələlərə mahiyyəti üzrə eyni qaydada yenidən baxılması mümkün olmamışdır. Göstərilən digər hallar isə araşdırma zamanı öz təsdiqini tapmadığından və müraciət həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası