. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin müraciətinə baxılması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ

Q Ə R A R I

2009-cu il martın 18-nə təyin edilmiş referendumda “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 26 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək yanvar ayının 22-23-də Xaçmaz rayonunun Qarabağlar, Nəcəran kəndlərində və Xudat şəhərində imza toplayan şəxslərin (Bəhruz Mustafayev, Mehman İsmayılov və Heybət Əmrah) yerli icra hakimiyyəti, bələdiyyə və polis əməkdaşları tərəfindən qanunsuz təzyiqlərə məruz qaldıqlarını bildirib, yol verilən qanuna zidd hərəkətlərin qarşısının alınması və bununla əlaqədar müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqularının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində bir halda Xudat şəhərində imza toplayan M.İsmayılovla mübahisəyə girərək, ondakı imza vərəqəsini cıran şəhər sakini R.Seyidov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə məhkəmə qaydasında inzibati tənbeh tədbirinin tətbiq edilməsi müəyyən olunmuşdur.
Yuxarıda qeyd edilən şəxslərə imza toplanma prosesində qanunsuz təzyiqlərin göstərilməsi halları isə müəyyən edilməmişdir. Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
Odur ki, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma zamanı öz təsdiqini tapmadığından və müraciət əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mütaciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   q ə r a r a   a l ı r :

1. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti  əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.

 

Sədr                                                                                                 Məzahir Pənahov

Müavin                                                                                             Svetlana Qasımova

Katib                                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası