“Abad kənd” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
18 mart 2009-cu il tarixdə keçiriləcək ümumxalq səsverməsində (referendumda) 2000-dən çox sayda seçicilər tərəfindən “Abad kənd” referendum üzrə təşəbbüs qrupu yaradılaraq bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı bildiriş təqdim edilmiş və təşviqat qrupunun dəstəklənməsi məqsədilə seçici imzaları toplamaq üçün təşəbbüsçülərə lazımi sayda imza vərəqələri verilmişdir.
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 21 yanvar 2009-cu ildə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Abad kənd” referendum üzrə təşəbbüs qrupunun eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 28 yanvar 2009-cu il tarixli Protokoldan və həmin tarixli, 4/1 və 4/2 saylı Rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qrupun qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.2.3-cü maddəsinə əsasən referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması həmin qrupun qeydə alınmasından imtina üçün əsas ola bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müvafiq seçki (referendum) komissiyası imza vərəqələrini və qrupun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
- “Abad kənd” referendum üzrə təşəbbüs qrupunun 2009-cu il martın 18-nə təyin edilmiş referendumda eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilsin.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli