2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 24 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı müraciət edərək, cari ilin yanvar ayının 22-23-də Sumqayıt, Zaqatala və İsmayıllı şəhərlərində yuxarıda göstərilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə həmin ərazi vahidlərinin polis orqanları tərəfindən imza toplamasına maneçilik törədilməsini iddia edib, həmin şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndənin müraciəti Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, imza toplama ilə əlaqədar heç bir şəxs Zaqatala və İsmayıllı rayon polis şöbələrinə dəvət edilməmiş və saxlanılmamış, Sumqayıt şəhərində isə imza toplayan şəxslərin müvafiq polis orqanlarına dəvət edilmələri imza toplayarkən vətəndaşların aldadılması ilə əlaqədar müvafiq müraciətlər əsasında olmuş, bir halda müraciət araşdırılması üçün müvafiq prokurorluq orqanına göndərilmiş, digər müraciətin seçki komissiyalarının səlahiyyətinə aid olduğu müəyyən edildiyindən tərəflərə bununla bağlı izahlar verilmişdir.
Bununla da “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciətində göstərilən hallar araşdırma ilə öz təsdiqini tapmamışdır. Onun tərəfindən bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir.
Göstərilənlərə əsasən səlahiyyətli nümayəndənin müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,2,4,6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli