2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar
“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi Gülağa Aslanlının müraciətinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 21 yanvar 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasına müraciət edərək Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində imza toplama prosesi zamanı imza atmış şəxslərə qarşı təzyiqlər edilməsini bildirib, bununla əlaqədar tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olduğundan, Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə əsasən Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində yaradılmış vətəndaşların şikayətlərinin araşdırılması üzrə ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun maraqlarını təmsil edən şəxslər imza toplanılmasının məqsədləri ilə əlaqədar vətəndaşlara yanlış məlumat verərək, Seçki Məcəlləsinin tələblərini pozmaqla bir qrup Cəlilabad rayon Təzəkənd kənd sakinlərindən imza toplamışlar. Bununla əlaqədar həmin sakinlər öz hüquqlarının pozulmasını iddia edərək kənd icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri və sahə inspektoruna bu barədə məlumat vermişlər. Eyni zamanda həmin səlahiyyətli şəxslər tərəfindən imza vermiş vətəndaşlara və müvafiq təşəbbüs qrupunun maraqlarını təmsil edən imza toplayan şəxslərə qarşı hər hansı bir təzyiqlər edilməmişdir.
Göstərilənlərə əsasən “Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1.“Respublikaçılar” referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının müraciəti əsassız olduğundan təmin edilməsin.
2.Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli |