2009-cu il martın 18-də keçirilmiş referendumla əlaqədar
daxil olmuş müraciətin araşdırılmasına dair
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il martın 18-də keçirilmiş referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
Səlahiyyətli nümayəndələrin müraciətinin araşdırılması qanunvericiliyin tələbinə uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmiş, ilkin olaraq ekspert qrupu üzvünün vəsatəti və rəyi əsasında keyfiyyətli və hərtərəfli araşdırma aparmaq məqsədilə araşdırma müddəti uzadılmış, habelə araşdırma materiallarının bir qismi aidiyyəti üzrə müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilmişdir. Uzadılmış müddət ərzində ekspert qrupunun digər üzvləri, dairə və məntəqə seçki (referendum) komissiyaları cəlb edilməklə təqdim edilmiş aktlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Araşdırma aparılarkən hər bir aktda göstərilmiş hallara dair pozuntunun baş verməsi iddia edilən seçki (referendum) məntəqələrində olmuş şəxslərdən (komissiya üzvləri, müşahidəçilər, KİV nümayəndələri, vəzifəli şəxslər və s.) arayış və izahatlar alınaraq müvafiq sənədlər müayinə edilməklə sübutlar toplanılmışdır.
Araşdırma nəticəsində müvafiq rəy verilərək müraciətə Mərkəzi Seçki (Referendum) Komissiyasının iclasında baxılmış, müraciətə əlavə edilən 35 seçki (referendum) dairəsinin ərazisini əhatə edən 161 seçki (referendum) məntəqələrində baş verməsi ehtimal edilən bu və ya digər qanun pozuntularına dair 180 aktın 135-nin saxtalaşdırma və s. bu kimi ciddi qüsurlarla tərtib edildiyi və hüquq pozuntusu halını özündə əks etdirmədiyi müəyyən edilmişdir.
Təqdim edilmiş aktlardan 77 ədədinin bir qisminin tərtib edilmə tarixi keçirilən referendumun tarixinə uyğun gəlməmişdir. Belə ki, bunlardan kifayət qədərinin 13 may 2006-cı il tarixdə keçirilmiş əlavə parlament seçkilərinə aid olması müəyyən edilmişdir. Digər aktların tarixlərində saxtalaşdırma yolu ilə referendumun tarixinə uyğunlaşdırmağa cəhdlər göstərilmiş, nəticədə onların 18 may 2009-cu il tarixinə düzəldilərək guya ki, seçki hüququnun pozulmasını ehtiva edən aktlar şəklinə salınmasına baxmayaraq, yenə də 18 mart 2009-cu il tarixdə keçirilən referenduma ümumiyyətlə aidiyyatının olmaması heç bir şübhə doğurmamışdır.
Sözügedən bu 77 ədəd aktın qalan hissəsi isə ümumiyyətlə heç bir seçki hüququnun pozulmasını əks etdirməmiş, yarımçıq tərtib edilmiş və ya tərtib edən şəxs tərəfindən imzalanmamışdır. Ona görə də bu hallara dair müraciət etmiş səlahiyyətli nümayəndə ilə araşdırma aparan ekspert qrupunun üzvü arasında müvafiq akt tərtib edilərək rəsmiləşdirmə aparılmışdır.
Eyni zamanda müəyyən olunmuşdur ki, digər 103 ədəd aktdan 33-ü ümumiyyətlə müvafiq seçki (referendum) məntəqələrində müşahidə aparmamış şəxslərin adından saxta tərtib edilmişdir. Adından akt tərtib edilmiş həmin şəxslərin səsvermə günü müvafiq seçki (referendum) məntəqələrində ümumiyyətlə olmaması həmin gün məntəqədə olmuş digər şəxslərin izahatları ilə təsdiq olunmuş, habelə seçki (referendum) məntəqələrində olan müşahidəçilərin qeydiyyat jurnalında müşahidəçi qismində qeydiyyatdan keçmələri müəyyən olunmamışdır. Bu aktlar araşdırılarkən diqqət cəlb edən hallardan biri də bu olmuşdur ki, adlarından qanun pozuntusuna dair akt tərtib edilmiş bir sıra müşahidəçilər digər aktlarla müvafiq seçki (referendum) məntəqələrində referendum prosesinin qüsursuz keçməsini təsdiq etmişlər.
Daha 25 akt isə göstərilən seçki (referendum) məntəqələrində müşahidə aparmayan şəxslərin adları əlavə olunmaqla tərtib edildiyindən və imzalandığından həqiqiliyi əsaslı şübhələr doğurmuşdur. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, seçki hüququnun pozulmasına dair aktları imzalamış şəxslərin bir qismi müvafiq seçki (referendum) məntəqələrində müşahidə aparmamış, bir qisminin isə ümumiyyətlə müşahidəçi statusu olmamışdır. Bu hal seçki (referendum) məntəqələrində olmuş digər şəxslərin izahatları ilə təsdiq edilməklə yanaşı həm də ümumiyyətlə adlarının seçki (referendum) məntəqələrində olan müşahidəçilərin qeydiyyat jurnalında olmaması ilə öz təsdiqini tapmışdır.
Qalan 45 aktın araşdırılması nəticəsində iddia edilən qanun pozuntuları həmin gün seçki (referendum) məntəqələrində olmuş müşahidəçilərin, KİV nümayəndələrinin, komissiya üzvlərinin, seçicilərin izahatları, seçki sənədlərinin müayinəsi və s. bu kimi çoxsaylı sübutlarla təkzib edilmiş və bu halların heç biri öz təsdiqini tapmamışdır.
Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, göstərilən aktların bir qisminin həqiqiliyi şübhə doğurduğundan və saxta olması ehtimal edildiyindən araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın müvafiq bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Göstərilən aktların bir qisminin həqiqiliyi şübhə doğurduğundan və saxta olması ehtimal edildiyindən araşdırılma üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli