2009-cu il martın 18-də keçirilmiş referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qrupları səlahiyyətli nümayəndələrinin birgə müraciətinin araşdırılması müddətinin uzadılması və araşdırma materiallarının bir hissəsinin aidiyyəti üzrə göndərilməsinə dair
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
Q Ə R A R I
2009-cu il martın 18-də keçirilmiş referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 23 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş etmiş və müraciət araşdırma üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə verilmişdir.
Müraciətlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək, ekspert qrupunun üzvü Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.10-cu maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırmışdır.
Eyni zamanda araşdırma materiallarının bir hissəsi müvafiq dairə seçki (referendum) komissiyalarının səlahiyyətinə aid olduğundan, ekspert qrupunun üzvü həmin materialların aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilməsi barədə rəyə gəlmişdir.
Vəsatət və rəy əsaslı olduğundan, vəsatət təmin edilməli, rəy nəzərə alınmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.5.4-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 8.7, 9.6 və 10.1.6-cı bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu üzvünün vəsatəti təmin edilərək, müraciətin araşdırılması müddəti uzadılsın.
2. Araşdırma materiallarının bir hissəsi aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilsin.
3. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli