“Azərbaycan Xalq Cümhuriyyəti” referendum üzrə təşviqat
qrupunun qeydə alınmasından imtina edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ
18 mart 2009-cu il tarixdə keçiriləcək ümumxalq səsverməsində (referendumda) referendum üzrə təşviqat qrupu yaratmaq məqsədilə 2000-dən çox sayda seçicilər tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti” referendum üzrə təşəbbüs qrupu yaradılaraq bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına yazılı bildiriş təqdim edilmiş və təşviqat qrupunun dəstəklənməsi məqsədilə seçici imzaları toplamaq üçün təşəbbüsçülərə lazımi sayda imza vərəqələri verilmişdir.
Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 1 fevral 2009-cu ildə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Azərbaycan Xalq Cümhuriyyəti” referendum üzrə təşəbbüs qrupunun eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasının mümkünsüzlüyünü müəyyən etmişdir.
İşçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 10 fevral 2009-cu il tarixli Protokoldan və həmin tarixli, 12/1 və 12/2 saylı Rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qrupun qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.
Belə ki, təqdim edilmiş 43.490 ədəd seçici imzalarından 11.550 ədədinin tam göstəricilər üzrə yoxlanılması nəticəsində yalnız 7.304 ədədi etibarlı hesab edildiyindən, yoxlanılmamış qalan 31.940 ədəd seçici imzalarının sayı etibarlı hesab edilən imzalarla toplandıqda onların cəmi (39.244) təşviqat qrupunun qeydiyyatı üçün kifayət etmədiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsinin tələbinə əsasən yoxlama prosesini dayandırmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsinə əsasən imzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı qeydə alınmaya əsas verir və ya qalan imzaların sayı qeydə alınma üçün kifayət olmur.
Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.2.3-cü maddəsinə əsasən referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının lazımi saydan az olması həmin qrupun qeydə alınmasından imtina üçün əsasdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müvafiq seçki (referendum) komissiyası imza vərəqələrini və qrupun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 65-68-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
- “Azərbaycan Xalq Cümhuriyyəti” referendum üzrə təşəbbüs qrupunun 2009-cu il martın 18-nə təyin edilmiş referendumda eyni adlı referendum üzrə təşviqat qrupu kimi qeydə alınmasından imtina edilsin.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli