. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 7 avqust 2008-ci
il tarixli 9/39-5 saylı Qərarı ilə təsdiq
edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində dairə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolunun doldurulması qaydası haqqında

İ  Z  A  H

Azərbaycan Respublikası Prezidentinin seçkilərində dairə seçki komissiyasının səsvermənin nəticələri haqqında yekun protokolunun (bu İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 100-cü, 107-ci və 202-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsi və ona əlavə edilmiş digər seçki sənədləri məntəqə seçki komissiyasının sədri və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvü tərəfindən dairə seçki komissiyasının sədrinə təqdim edildikdən sonra, sədrin tapşırığı ilə dairə seçki komissiyasının üzvləri bu sənədlərin Seçki Məcəlləsinin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Bundan sonra səsvermənin nəticələrinə aid məlumatlar seçki dairəsi üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir.
Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

Qeyd:protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq  q a r a l a m a   nüsxəsi tərtib edilməlidir.

Dairə seçki komissiyası səsvermənin nəticələri haqqında yekun protokolunu tərtib edərkən protokoldakı “Dairə seçki komissiyası səsvermənin nəticəIəri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək seçki dairəsi üzrə səsvermənin nəticəIərini müəyyən etmişdir” ifadəsindən sonra gələn aşağıdakı bəndləri müvafiq ardıcıllıqla doldurmalıdır.
“Seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının sayı”sətrində müvafiq seçki dairəsi üzrə mövcud olan və yeni yaradılmış seçki məntəqələrinin sayı göstərilir. 
“Məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı” sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
Dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı” sətrində  səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir (səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri məntəqə seçki komissiyaları tərəfindən təqdim etdikləri protokollar istisna olunmaqla).
“Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı” sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
“Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı” sətrində təbii fəlakət, qarşısı alına bilinməyən digər hadisələrin baş verməsi nəticəsində, habelə seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda yekun protokolunun tərtib edilmədiyi seçki məntəqələrinin sayı göstərilir.

1-ci bənd – dairə üzrə seçicilərin ümumi sayı
(1=1a+1b+1c-1ç)
a) seçici siyahılarındakı seçicilərin sayı;
b) əlavə seçici siyahısındakı seçicilərin sayı;
c) qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı;
ç) qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı.
Məntəqə seçki komissiyaları protokollarının 1-ci bəndinin müvafiq olaraq “a”, “b”, “c” və “ç” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır. Mötərizədə verilmiş hesablamada (1=1a+1b+1c-1ç) göstərildiyi kimi, bu bəndin “a”, “b” və “c” yarımbəndlərindəki rəqəmlərin cəmindən “ç” yarımbəndindəki rəqəmi çıxdıqdan sonra alınan say 1-ci bənddə göstərilən sayı yaratmalı və müvafiq bərabərlik olmalıdır.

 

 

2-ci bənd – məntəqə seçki komissiyalarına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı
(2=3+4+5)
Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir. Bu rəqəm dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına müvafiq akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin sayına bərabər olmalıdır (əgər dairə seçki komissiyasının protokolu tərtib edilərkən seçki dairəsinə aid olan seçki məntəqələrinin hamısından daxil olmuş protokollar əsas götürülmüşdürsə).
Mötərizədəki hesablamada (2=3+4+5) göstərildiyi kimi, bu bəndin rəqəmi  protokolun 3-cü (seçki bülleteni alan seçicilərin sayı), 4-cü (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərin sayı) və 5-ci (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.

3-cü bənd – seçki bülleteni alan seçicilərin sayı
a) səsvermə otaqlarından kənarda;
b) səsvermə otaqlarında (daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı + qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı (1c)).
Məntəqə seçki komissiyaları protokollarının 3-cü bəndinin “a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 3-cü bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi bu protokolun 3-cü bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır. 

4-cü bənd – istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 4-cü bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.

5-ci bənd – korlanmış seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 5-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd  olunur.

 

 

6-cı bənd – seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri* istisna edilməklə)
(6≤3)(6=7+8)

a) daşınan seçki qutularında (6a≤3a);
b) daşınmaz seçki qutularında (6b≤3b).
Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndinin “a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 6-cı bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi bu protokolun 6-cı bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır. Protokolun 6a və 6b yarımbəndlərindəki rəqəmlər müvafiq olaraq protokolun 3a və 3b yarımbəndlərindəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (6≤3) göstərildiyi kimi, 6-cı bənd protokolun 3-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. Mötərizədə verilmiş hesablamada (6=7+8) göstərildiyi kimi, 6-cı bəndin rəqəmi protokolun 7-ci (etibarsız hesab edilmiş səslərin sayı) və 8-ci (etibarlı hesab edilmiş səslərin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır.

7-ci bənd etibarsız hesab edilmiş səslərin sayı (heç bir işarə qoyulmayan və ya 1-dən artıq namizədin lehinə səs verilmiş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
      Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.

8-ci bənd – etibarlı hesab edilmiş səslərin sayı (qanunauyğun doldurulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
(8=9)
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.

9-cu bənd etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi
Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 201.2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla seçki bülletenindəki  ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Məntəqə seçki komissiyalarının protokollarındakı hər bir namizədin lehinə verilmiş səslərin cəmi dairə seçki komissiyasının protokolunda həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 8-ci bəndinə (etibarlı səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılmalıdır.

Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında yekun protokol dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan dairə seçki komissiyasının üzvü protokolu imzalayaraq ona özünün xüsusi rəyini əlavə edə bilər. Bu zaman buna dair protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 107.4-cü maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşaiyəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir:

  • dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
  • səsvermə günü dairə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar;
  • dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt (İzaha 2 saylı əlavə);
  • istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə; İzaha 3 saylı əlavə);
  • səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə; İzaha 4 saylı əlavə).

Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Şikayətlərin (ərizələrin), dairə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

* Seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt səsvermənin nəticələri haqqında yekun protokoluna əlavə edilir.

 

Əlavə 2
Əlavə 3
Əlavə 4

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası