Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 7 avqust 2008-ci
il tarixli 9/39-4 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolunun doldurulması qaydaları haqqında
İ Z A H
Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolunun (bu İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 100-cü, 106-cı və 201-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Səsvermənin nəticələri haqqında yekun protokolu yalnız məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilməlidir. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər (seçki komissiyalarının üzvləri, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə müşahidəçi statusunu almış Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər) müşahidə edə bilərlər.
Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq q a r a l a m a nüsxəsi tərtib edilməlidir. Protokolun 1–5-ci bəndlərindəki məlumatlar seçki qutuları açılmazdan əvvəl yazılır.
Protokol aşağıdakı qaydada doldurulmalıdır.
1-ci bənd – məntəqə üzrə seçicilərin ümumi sayı
(1=1a+1b+1c-1ç)
a) seçicilər siyahısındakı seçicilərin sayı;
b) əlavə seçici siyahısındakı olan seçicilərin sayı;
c) qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı;
ç) qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı.
Bu bənddə məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilmiş olan seçicilərin sayı (1a), səsvermə günü məntəqə seçki komissiyasının qərarı ilə səsvermə hüququ təmin edilmiş şəxslərin adlarının daxil olduğu əlavə seçici siyahısındakı seçicilərin sayı (1b), başqa seçki məntəqələrinə mənsub olan və protokolun tərtib edildiyi seçki məntəqəsində qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı (1c) və protokolun tərtib edildiyi məntəqə seçki komissiyasından və onun aid olduğu dairə seçki komissiyasından qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin ümumi sayı (1ç) ardıcıllıqla müvafiq təsdiqedici sənədlərə (daimi (və ya müvəqqəti) və əlavə seçici siyahıları, seçici siyahılarına əlavə edilən qeydiyyatdançıxma vəsiqələri, dairə seçki komissiyasının reyestrindən çıxarışda olan məlumatlar əlavə edilmiş qeydiyytdançıxma vəsiqəsinin seçicilərə verilməsinə dair akt) əsasən qeyd olunur. Həmin bəndin “a”, “b” və “c” yarımbəndlərindəki rəqəmlərin cəmindən “ç” yarımbəndindəki rəqəmi çıxdıqdan sonra alınan say 1-ci bənddə göstərilən sayı yaratmalı və müvafiq bərabərlik olmalıdır.
2-ci bənd – məntəqə seçki komissiyasına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı
(2=3+4+5)
Bu bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyasına müvafiq akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin sayı daxil edilir. Bu rəqəmin daxil edilməsi üçün həmin akt əsas götürülməlidir.
Mötərizədə verilmiş hesablamada (2=3+4+5) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 3-cü (seçki bülleteni alan seçicilərin sayı), 4-cü (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı) və 5-ci (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.
3-cü bənd – seçki bülleteni alan seçicilərin sayı
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında (daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı + qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı (1c)).
Bu yarımbəndlərə seçki məntəqəsi üzrə səsvermə otağından kənarda (3a) və səsvermə otağında (3b) seçki bülleteni almış seçicilərin sayı daxil edilir. Həmin rəqəmlərin cəmi 3-cü bəndin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır.
4-cü bənd – istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
İstifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və aşağı sağ küncü ləğvetmə xəttindən kəsilməklə ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və yekun protokolunda qeyd olunur. Ləğv edilmiş seçki bülletenləri ayrıca yığılıb bağlanır. İstifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt tərtib edilir.
5-ci bənd – korlanmış seçki bülletenlərinin sayı
Bu bəndə korlanmış seçki bülletenlərinin sayı müvafiq akt əsasında daxil edilir (seçici hər hansı bir səbəbdən seçki bülleteninin korlanması barədə məntəqə seçki komissiyasına müraciət edərsə, komissiya üzvü korlanmış seçki bülletenini yarı kəsməklə ləğv edir, ayrıca zərfə qoyur və bu barədə dərhal akt tərtib edilir).
6-cı bənd – seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri* istisna edilməklə)
(6≤3) (6=7+8)
a) daşınan seçki qutusunda (6a≤3a);
b) daşınmaz seçki qutusunda (6b≤3b).
Daşınan və daşınmaz seçki qutularından çıxmış müəyyənləşdirilimiş formada olan seçki bülletenlərinin sayı qutuların açılma növbəliyinə uyğun olaraq ayrı-ayrılıqda bu bəndin “a” və “b” yarımbəndlərinə daxil edilir. Bu rəqəmlərin cəmi 6-cı bənddəki qrafaya daxil edilməli və onların arasında müvafiq bərabərlik olmalıdır. Müəyyənləşdirilmiş formada olan bülletenlər dedikdə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış, nömrələnmiş yuxarı sol küncü kəsilmiş və sağ küncü möhürlənmiş seçki bülletenləri başa düşülür. Protokolun 6a və 6b yarımbəndlərindəki rəqəmlər müvafiq olaraq protokolun 3a və 3b yarımbəndlərindəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (6≤3) göstərildiyi kimi, 6-cı bənd protokolun 3-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. Mötərizədə verilmiş hesablamada (6=7+8) göstərildiyi kimi, 6-cı bəndin rəqəmi protokolun 7-ci (etibarsız hesab edilmiş səslərin sayı) və 8-ci (etibarlı hesab edilmiş səslərin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır.
7-ci bənd – etibarsız hesab edilmiş səslərin sayı (heç bir işarə qoyulmayan və ya 1-dən artıq namizədin lehinə səs verilmiş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
Bu bənddə qanunauyğun doldurulmamış müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı qeyd edilməlidir.
8-ci bənd – etibarlı hesab edilmiş səslərin sayı (qanunauyğun doldurulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)
(8=9)
Bu bənddə qanunauyğun doldurulmuş müəyyənləşdirilimiş formada olan, yəni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış, nömrələnmiş yuxarı sol küncü kəsilmiş, sağ küncü möhürlənmiş və yalnız 1 (bir) namizədin lehinə səs verilmiş seçki bülletenlərinin sayı göstərilməlidir. Yalnız bu halda səslər etibarlı sayılır. Mötərizədə verilmiş bərabərlikdə (8=9) göstərildiyi kimi, bu bəndin rəqəmi 9-cu (etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi) bəndin cəminə bərabər olmalıdır.
9-cu bənd – etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi
Bu bənddə seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı seçki bülletenindəki ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Seçicilərin etibarlı səslərinin qeydə alınmış namizədlər arasında bölünməsi yalnız protokolun 8-ci bəndində göstərilən seçki bülletenlərinə əsasən həyata keçirilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 8-ci bəndinə (etibarlı səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılmalıdır.
Protokol tam doldurulub qurtartıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokolu imzalayaraq ona özünün xüsusi rəyini əlavə edə bilər. Bu zaman buna dair protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin, müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşaiyəti ilə dairə seçki komissiyasına göndərilir:
- məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
- səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar;
- məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt (İzaha 2 saylı əlavə);
- istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (İzaha 3 saylı əlavə);
- səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (İzaha 4 saylı əlavə);
- seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (İzaha 5 saylı əlavə);
- səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında akt (İzaha 6 saylı əlavə);
- səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında akt (İzaha 7 saylı əlavə);
- seçki bülletenləri;
- məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla).
Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
* Seçki qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt səsvermənin nəticələri haqqında yekun protokoluna əlavə edilir.
|