Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 7 avqust 2008-ci
il tarixli 9/39-1 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu
üzvlərinin statusu haqqında
T Ə L İ M A T
Seçki (referendum) komissiyalarının (bundan sonra müvafiq olaraq – seçki komissiyaları) tərkibində fəaliyyət göstərən məşvərətçi səs hüquqlu üzvlərin statusu Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 21-ci, 22-ci, 126-cı, 148.6-cı, 182.4-cü və 223-cü maddələrinə, habelə bu Təlimata uyğun olaraq müəyyənləşdirilir.
I. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin təyin edilməsi qaydası və fəaliyyətinin əsasları
1.1. Referendum zamanı Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) və ya dairə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünü yalnız müvafiq olaraq həmin komissiyada qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qrupları təyin edə bilərlər.
1.2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.
1.3. Qeydə alınmış prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.
1.4. Bələdiyyə seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının tərkibinə respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürmüş, dairə seçki komissiyasının tərkibinə isə dairənin ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürmüş siyasi partiyalar, siyasi partiyaların blokları bir məşvərətçi səs hüquqlü üzv təyin edə bilərlər.
1.5. Referendumun keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız referendumun keçirilməsi ilə əlaqədar fəaliyyətində, prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar fəaliyyətində iştirak edə bilərlər.
II. Məşvərətçi səs hüquqlu üzvün müvafiq seçki komissiyası tərəfindən təsdiq edilməsi qaydası
2.1. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyalarının tərkibinə təyin etdikləri məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi üçün müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
a) bu Təlimatın 1.2-ci və 1.3-cü bəndlərində nəzərdə tutulan qeydə alınmış namizədlər
- məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi barədə namizədin yazılı ərizəsi (Təlimata 1 saylı əlavə) (ərizədə məşvərətçi səs hüquqlu üzvün təyin edildiyi seçki komissiyası, məşvərətçi səs hüquqlu üzvün soyadı, adı, atasının adı, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda–fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriyası və nömrəsi göstərilməlidir);
Qeyd: yuxarıda qeyd olunan ərizəni müvafiq seçki komissiyasına qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi təqdim edir.
b) bu Təlimatın 1.2-ci və 1.4-cü bəndlərində nəzərdə tutulan siyasi partiyalar, siyasi partiyaların blokları
- siyasi partiyanın qurultayının, konfransının, bloka daxil olan siyasi partiyaların birgə iclasının məşvərətçi səs hüquqlu üzv təyin etmələri barədə qərarına əsasən müvafiq təqdimat (Təlimata 2 saylı əlavə) (təqdimatda məşvərətçi səs hüquqlu üzvün təyin edildiyi seçki komissiyası, məşvərətçi səs hüquqlu üzvün soyadı, adı, atasının adı, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda–fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriyası və nömrəsi göstərilməlidir);
Qeyd: yuxarıda qeyd olunan təqdimatı müvafiq seçki komissiyasına müvafiq olaraq siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri təqdim edirlər.
c) bu Təliimatın 1.1-ci bəndində nəzərdə tutulan referendum üzrə təşviqat qrupu
- referendum üzrə təşviqat qrupunun iclasının məşvərətçi səs hüquqlu üzv təyin etməsi barədə qərarına əsasən müvafiq təqdimat (Təlimata 3 saylı əlavə) (təqdimatda məşvərətçi səs hüquqlu üzvün təyin edildiyi seçki komissiyası, məşvərətçi səs hüquqlu üzvün soyadı, adı, atasının adı, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda–fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriyası və nömrəsi göstərilməlidir);
Qeyd: yuxarıda qeyd olunan təqdimatı müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi təqdim edir.
2.2. Müvafiq seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi üçün yuxarıda göstərilən ərizə və təqdimatlara məşvərətçi səs hüquqlu üzvlərin 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli də əlavə edilməlidir.
2.3. Referendum üzrə təşviqat qrupu, qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər müvafiq seçki komissiyası tərəfindən 3 gün müddətində təsdiq edilir və Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq onlara statusunu müəyyən etməyə imkan verən soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkli olan lövhəcik verilir (Təlimata 4, 4a, 5, 5a, 5b, 5c, 5ç, 6, 6a, 6b, 7, 7a saylı əlavələr). Seçki günü səsvermə otağında olarkən seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün həmin lövhəciyi olmalıdır.
Qeyd: seçkilərin (referendumun) digər iştirakçıları kimi məşvərətçi səs hüququlu üzvlər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:
- mətbuat azadlığına hörmət bəsləmək;
- öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
- seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
- seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
- seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
- seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
- seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
- səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
- səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
- seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
- seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;
- seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
- hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;
- seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;
- dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
- təzyiq göstərməklə və ya bəxşiş təkilf etməklə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
- təzyiq göstərməklə və ya bəxşiş təklif etməklə və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
- heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
III. Məşvərətçi səs hüquqlu üzvlərin hüquq və vəzifələri
3.1. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin aşağıdakı hüquqları vardır:
3.1.1. müvafiq seçki komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılmaq;
3.1.2. müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər vermək, seçki komissiyasının iclasında çıxış etmək və həmin məsələlər üzrə səsvermənin keçirilməsini təklif etmək;
3.1.3 seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar vermək və mahiyyəti üzrə cavablar almaq;
3.1.4 hər bir seçki sənədi (o cümlədən seçici siyahıları, seçki bülletenləri, referendum üzrə səsvermə bülletenləri (bundan sonra – bülleten)) ilə aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış olmaq, sənədlərin (seçici siyahıları, imza vərəqələri, bülletenlər və seçici vəsiqələri istisna olmaqla) surətlərini almaq, qanunla dövlət, kommersiya sirri və başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış olmaq;
3.1.5. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət etmək;
3.1.6. seçkilərin gedişini müşahidəçi qismində izləmək;
3.1.7. seçici siyahıları ilə tanış olmaq;
3.1.8. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq və ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlamaq prosesini izləmək;
3.1.9. seçki bülletenləri verilməzdən əvvəl ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini müşahidə etmək;
3.1.10. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
3.1.11. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
3.1.12. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
3.1.13. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
3.1.14. seçki komissiyasının qanuni fəaliyyətinə maneə törətmədən müşahidə aparmağı təmin edən şəraitdə və müşahidənin maneəsiz aparılmasına imkan verən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu ilə və digər sənədlərlə tanış olmaq;
3.1.15. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
3.1.16. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq;
Qeyd: seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir.
3.2. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünə aşağıdakı hərəkətləri etmək qadağandır:
3.2.1. eyni zamanda birdən artıq seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olmaq;
3.2.2. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrini vermək;
3.2.3. seçki bülletenlərini saymaq;
3.2.4. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrini ləğv etmək;
3.2.5. səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək;
3.2.6. seçki komissiyasının səlahiyyələrinə aid məsələlər üzrə qərar qəbul edilərkən səs vermək;
3.2.7. müvafiq seçki komisisyasının qəbul etdiyi qərarları imzalamaq;
3.2.8. seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək;
3.2.9. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək;
3.2.10. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
3.2.11. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
3.2.12. seçicilər arasında təşviqat aparmaq;
3.2.13. bu və ya digər namizədin, siyasi partiyanın (referenduma çıxarılan sualın) dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
3.2.14. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla);
3.2.15. qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək.
3.3. Yuxarıda göstərilən qadağalar istisna olmaqla, seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü komissiyanın həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir.
Qeyd: məşvərətçi səs hüquqlu üzv müşahidəni aparan zaman müşahidənin aparılması prinsiplərinə (bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə seçki prosesinə təsir göstərilməməsi, müşahidə edilən hərəkətlərə aid olan bütün halların və faktların nəzərə alınması, müşahidənin açıq aparılması, müşahidənin yekunlarının faktlara əsaslanması) hökmən əməl etməlidir. Aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədəmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.
IV. Məşvərətçi səs hüquqlu üzvlərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi
4.1. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvlərinin səlahiyyətləri onların təyin edilməsi anından başlayır, seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən) şikayət daxil olmuşdursa, səsvermə və səslərin hesablanma qaydası pozulmuşdursa və bu faktlar üzrə məhkəmə araşdırması aparılırsa, həmin səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə yuxarı seçki komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam verilir.
Qeyd: seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyəti onu təyin etmiş subyektin statusunun itirilməsi ilə də başa çatır.
Siyasi partiyalar və ya referendum üzrə təşviqat qrupları birləşərsə, bir məşvərtçi səs hüquqlu üzv qalmaqla, digər məşvərətçi səs hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən geri çağırılır. Bu tələb siyasi partiya və ya referendum üzrə təşviqat qrupu tərəfindən yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası geri çağırılmalı olan məşvərətçi səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric edir.
Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş referendum üzrə təşviqat qrupunun, namizədin və ya namizəd irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı ilə istənilən vaxt xitam verilə, yaxud bu səlahiyyətlər digər şəxsə verilə bilər.
Aşağıdakı hallarda seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə dərhal xitam verilir:
4.1.1. referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi olduqda, habelə prezidentliyə, deputatlığa və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;
4.1.2. dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsi olduqda;
4.1.3. Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;
4.1.4. haqqında məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
4.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;
4.1.6. Seçki Məcəlləsinin 17.6-cı maddəsinin tələblərinin pozulması məhkəmənin qərarı ilə təsdiq olunduqda.
V. Məşvərətçi səs hüquqlu üzvlərin məsuliyyəti
5.1. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri Seçki Məcəlləsinin tələblərini pozduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.
|