Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 5 oktyabr 2005-ci
il tarixli 32/149 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 20 avqust 2008-ci
il tarixli 14/67-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması)
Q A Y D A L A R I
Bildiriş aktiv seçki hüququ olan vətəndaşların seçkilərdə iştiraka dəvət vasitəsidir. Bu sənəd seçkinin keçirilmə vaxtını və səsverməyə dəvət olunan şəxsin hüququnu həyata keçirəcəyi seçki məntəqəsinin yerini dəqiq müəyyənləşdirməyə kömək edir.
Seçicilərin məlumatlandırılması vasitəsi kimi, bildirişin hazırlanması və vətəndaşlara çatdırılması üçün müvafiq seçki komissiyaları məsuliyyət daşıyırlar.
Bildirişlərin forması, sayı və hazırlanmasına aid tələblər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 40 gün qalmış təsdiq edilir, bildirişlər müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanır. Bildiriş blankları poliqrafiya müəssisəsindən alındıqdan sonra, səsvermə gününə azı 15 gün qalmış müvafiq dairə seçki komissiyasına onların sayı və verilmə tarixi göstərilməklə, akt əsasında verilir. Həmin akt dairə seçki komissiyasının sədri və katibləri, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyi struktur bölməsinin rəhbəri tərəfindən möhürlənir və imzalanır.
Hər bir məntəqə seçki komissiyasına verilən bildirişlərin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir, səsverməyə 10 gün qalmışadək müvafiq akt tərtib edilməklə dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına yuxarıda göstərilən qaydada verilir.
Məntəqə seçki komissiyası bildirişləri səsvermə gününə 7 gün qalanadək seçicilərə çatdırır. Bildirişlərin paylanması prosesində məntəqə seçki komissiyasının üzvləri ilə yanaşı, müvafiq qurumların (ərazi üzrə mənzil-istismar sahələrinin və s.) nümayəndələri də iştirak edə bilərlər.
Bildirişlər yaşayış və iş yerləri üzrə seçicilərə şəxsən çatdırılır. Şəxsin özü müəyyən səbəblərdən yaşayış və ya iş yerində olmadıqda, bildiriş onun yetkinlik yaşına çatmış ailə üzvünə və ya işlədiyi idarənin, təşkilatın, müəssisənin müdiriyyətinə təqdim edilə bilər. Dairə seçki komissiyası tərəfindən qaytanlanıb möhürlənmiş və səhifələnərək məntəqə seçki komissiyasına verilmiş jurnalda bu barədə müvafiq qeyd aparılmalıdır.
Bildirişlərin seçicilərə çatdırılması üçün bilavasitə məntəqə seçki komissiyası məsuliyyət daşıyır.
Bildirişin təqdim edilməsi buna məsul şəxs tərəfindən jurnal üzrə aparılır və çatdırılması mümkün olmadıqda, onun səbəbləri həmin jurnalda qeyd olunmalıdır.
Bildirişlərin seçicilərə təqdim olunmasının yetkinlik yaşına çatmayanlara, o cümlədən məktəblilərə həvalə edilməsi yolverilməzdir.
Bildirişlərin paylanması barədə statistik məlumatlar məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına və elektron poçt vasitəsilə Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə ötürülür.
Dairə seçki komissiyası həmin işlə bağlı toplanılan məlumatları yekunlaşdıraraq, Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir.
|