. : ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI


Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü Ramiz İbrahimovun 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd Əliyev Arif Həsənqulu oğlunun şikayətinin araşdırılmasına dair

R Ə Y İ

Bakı şəhəri                                                                                                                                                                                    10 sentyabr 2008-ci il
                                                                                                                                                                                                      saat 11.00

Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd Əliyev Arif Həsənqulu oğlundan 08 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş, prezidentliyə namizədliyin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş müvafiq sənədlərin qəbul edilməməsinə dair şikayəti araşdıraraq müəyyən etdim.
Prezidentliyə namizəd ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezidentliyə namizədliyin qeydə alınması məqsədilə müvafiq sənədlərin təhvil verilməsi üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətin ötürüldüyünü etiraf edir və buna baxmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən əsassız olaraq həmin sənədlərin qəbul edilməməsini bildirərək namizədliyin qeydə alınması üçün sənədlərin qəbul edilməsini və ya rədd cavabı verilməsini xahiş edir.
Ərizə qanunauyğun tərtib edildiyindən və Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə verildiyindən araşdırmaya qəbul edilmişdir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, prezidentliyə namizəd Əliyev Arif Həsənqulu oğlu prezidentliyə namizədliyin qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədləri Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona əlavə sübutlar təqdim etmək və araşdırmada iştirak etmək hüquqları barədə məlumat verilmişdir. Ərizəçi tərəfindən əlavə sübutlar təqdim olunmamışdır.
Seçki Məcəlləsinin “namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi”ni tənzimləyən 58.1-ci maddəsinin tələbinə görə irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək seçki sənədlərini müvafiq komissiyaya təqdim etməlidir.
Eyni zamanda həmin Məcəllənin 58.4-cü maddəsində göstərilir ki, “müvafiq sənədlər bu Məcəllənin 58.1 və 58.2-ci maddələrində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz”.
Göründüyü kimi Seçki Məcəlləsində namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsinin dəqiq vaxtı və müddəti müəyyən edilmişdir. Seçki qanunvericiliyində həmin müddətin hər hansı bir səbəbdən uzadılması nəzərdə tutulmamışdır.
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması üçün imza vərəqələrinin və ona əlavə edilmiş müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti 05 sentyabr 2008-ci il tarixdə saat 18.00-da başa çatmışdır. Ərizəçi Əliyev Arif Həsənqulu oğlu tərəfindən həmin müddət başa çatanadək qeyd edilən müvafiq sənədlər qanuna uyğun olaraq təqdim edilməmişdir və bu müddət başa çatdıqdan sonra həmin sənədlərin qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Şərh olunanlara əsasən Əliyev Arif Həsənqulu oğlunun prezidentliyə namizədliyin qeydə alınması üçün müvafiq sənədlərin qəbul edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1, 58.4, 112, 112-1-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 1,2,4,6,7-ci bəndlərinə əsasən rəyə gəldim:
1.      15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədliyin qeydə alınması üçün müvafiq sənədləri Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə Mərkəzi Seçki Komissiyasına təqdim etmədiyinə görə Əliyev Arif Həsənqulu oğlunun ərizəsi əsassız olduğundan təmin edilməsin.
2.      Rəy qəbul edildiyi andan 24 saat müddətində dərc olunsun və surəti şikayətçiyə göndərilsin.

Ekspert qrupunun üzvü                                                                                                                                                                                   Ramiz İbrahimov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası