2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikasının
Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və
seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar bütün müvafiq tədbirlər vaxtında görülmüş, ilin əvvəlindən respublika üzrə seçicilər siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsi ilə ictimailəşdirilmiş, seçki komissiyalarının maddi-texniki bazası möhkəmləndirilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə aşağı seçki komissiyalarının üzvləri və seçicilər üçün geniş maarifləndirmə işi aparılmış, seçkilərə start verildikdən sonra qeydə alınmış yeddi nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün bərabər şərait yaradılmış, seçkiqabağı təşviqat sivil və müasir tələblərə cavab verən səviyyədə aparılmışdır.
Səsvermənin lazımi qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş və səsvermədə seçicilər yüksək fəallıq nümayiş etdirmişlər. Seçkilər 50 000-ə yaxın yerli, 100-ə yaxın nüfuzlu beynəlxalq qurumun 1250 müşahidəçisinin, habelə yüzlərlə yerli və nüfuzlu beynəlxalq KİV nümayəndələrinin iştirakı ilə azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək ictimaiyyətə çatdırılmışdır.
Seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş bütün müvafiq sənədlər vaxtında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılmış və protokol tərtib edilərək seçkilərə yekun vurulmuşdur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən, Prezident seçkilərinin nəticələri haqqında Protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 203.1-ci və 203.5-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
- 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun.
- Mərkəzi Seçki Komissiyasının Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
- Mərkəzi Seçki Komissiyasının Protokolu dərc edilsin (Protokol əlavə edilir).
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli |