. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsinin tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin (referendumun) hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələbinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilər (referendum) keçirilərkən aşkarlıq institutlarının normal fəaliyyəti üçün daim şərait yaratmış, müşahidəçilik fəaliyyətinə lazımi yer vermiş, “Seçkilər” İnformasiya Mərkəzi və kütləvi informasiya vasitələri ilə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış olması üçün davamlı tədbirlər görmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində təsis edildikdən sonra “Seçkilər” İnformasiya Mərkəzinin imkanlarından geniş istifadə edilərək, respublika üzrə seçicilərin siyahıları mütəmadi olaraq nümayiş etdirilmiş, səsvermə zamanı mövcud 5 000-dən artıq seçki məntəqəsi üzrə seçicilərin aktivliyi, seçkilərin gedişi barədə gün ərzində beş dəfədən az olmayan məlumatlar və seçkilərin ilkin nəticələri daim seçicilərə çatdırılmışdır.
Hazırda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası  geniş ictimaiyyət tərəfindən səsvermə günü seçkinin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin  izlənməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə əlavə tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edərək, “Seçkilər” İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla mövcud seçki məntəqələrinin beş yüzündə veb-kameraların tətbiqini zəruri hesab edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ına  əsasən   q ə r a r a   a l ı r :

1.2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılsın (siyahı əlavə edilir).

2.Qərarın icrası Azərbaycan Respublikasının Rabitə və İnformaiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər:                                                                                                      

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası