2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müraciətinə baxılması barədə
2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülərək qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təşviqat materialının qanunda nəzərdə tutulan müddətdən əvvəl yayıldığını göstərərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olduğundan həmin Məcəllənin 74.5-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən mətbuat qrupu tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş qeydə alınmış prezidentliyə namizəd İqbal Ağazadəni təbliğ edən kompakt disk seçki qanununda nəzərdə tutulan müddətdən əvvəl yayılmış və bununla da, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddənin tələbinə görə seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermənin keçirilməsinə 24 saat qalmış dayandırılır.
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müraciəti əsaslı olduğundan Azərbaycan Ümid Partiyasına seçkiqabağı təşviqatın qanunauyğun aparılması tapşırılmalıdır.
Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müraciəti əsaslı hesab edilərək namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasına tapşırılsın ki, seçkiqabağı təşviqat apararkən qanunvericiliyin tələblərinə ciddi əməl etsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Oktay Hümbətli