Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 28 gün qalmış, yəni 2008-ci il sentyabrın 17-dən seçkiqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən prezidentliyə namizədlərin ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. Bu məqsədlə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla 6 saat həcmində efir vaxtı ayrılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 189.2-ci maddəsinə əsasən teleradio təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən ictimai teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2008-ci il tarixli 20/104 saylı qərarına müvafiq olaraq ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilmiş, onun nəticələri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74, 75, 80.1, 80.4-80.7, 189.2 və 189.3-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
1. 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü cədvəli dərc edilsin (cədvəl əlavə edilir).
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli