15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd Əliyev
Arif Həsənqulu oğlunun ərizəsinə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd Əliyev Arif Həsənqulu oğlu 8 sentyabr 2008-ci il tarixdə ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezidentliyə namizədliyin qeydə alınması üçün imza vərəqələrinin və onlara əlavə edilmiş müvafiq sənədlərin, qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi ilə əlaqədar qəbul edilməməsini bildirərək həmin sənədlərin qəbul edilməsini xahiş etmişdir.
Prezidentliyə namizədin ərizəsi Seçki Məcəlləsinin 112, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması üçün imza vərəqələrinin və ona əlavə edilmiş müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti qanunvericiliklə 05 sentyabr 2008-ci il saat 18.00-dək müəyyən edilməsinə baxmayaraq qeyd edilən sənədlər göstərilən müddətdə komissiyaya təqdim edilməmiş, bununla da Seçki Məcəlləsinin 58.1 və 58.4-cü maddələrinin tələbləri pozulmuşdur. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra həmin sənədlərin qəbul edilməsi və həmin müddətin hər hansı bir səbəbdən uzadılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Seçki Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış saat 18.00-dək seçki sənədlərini müvafiq komissiyaya təqdim etməlidir.
Həmin Məcəllənin 58.4-cü maddəsinə görə müvafiq sənədlər yalnız göstərilən müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina edilə bilməz.
Şərh olunanlara əsasən Əliyev Arif Həsənqulu oğlunun prezidentliyə namizədliyin qeydə alınması üçün müvafiq sənədlərin qəbul edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 58.1, 58.4, 112,112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizəd Əliyev Arif Həsənqulu oğlunun ərizəsi əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi andan qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli