15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Süleyman Uğuz oğlu Quliyevin namizədliyinin təsdiq edilməsi üçün təqdim edilmiş məlumatlarla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə uyöun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılaraq aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına müvafiq sorğular göndərilmişdir. Namizədliyin təsdiq edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əldə edilmiş məlumatlar müvafiq əsas yaratdığından onun namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 avqust 2008-ci il tarixli, 13/62 saylı Qərarı ilə təsdiq edilmişdir.
Namizədliyin təsdiq edilməsindən sonra Dövlət Miqrasiya Xidmətindən daxil olmuş 2 sentyabr 2008-ci il tarixli, k/1197 saylı təkrar məktubdan məlum olmuşdur ki, Süleyman Uğuz oğlu Quliyev “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Rusiya Federasiyasının 28 noyabr 1991-ci il tarixli Federal qanununun 18-ci maddəsinin “A” bəndinə uyğun olaraq 1998-ci ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq araşdırma apararaq, Süleyman Uğuz oğlu Quliyevin namizədliyinə xitam verilməsi üçün əsasların olmasını müəyyən etmişdir. Göründüyü kimi, namizəd Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentliyinə namizədlərə dair zəruri tələb olunan ikili vətəndaşlığının olmaması barədə məlumatları bilərəkdən gizlətmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə uyğun olaraq ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının (ikili vətəndaşlığı qalanadək) Azərbaycan Respublikası Prezidenti seçilmək hüququ (passiv seçki hüququ) yoxdur.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3, 19.4, 19.14, 28.2 və 28.4-cü maddələrinə əsasən q ə r a r a a l ı r :
- 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Süleyman Uğuz oğlu Quliyevin namizədliyinə xitam verilsin.
- Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli