Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 26 sentyabr 2008-ci il
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadədən 18.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupu tərəfindən araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səshüquqlu komissiya üzvü kimi təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlu qanunun tələblərini pozaraq 17 sentyabr 2008-ci il tarixdə saat 21.00-da İctimai Radioda keçirilən “Dəyirmi masa”da təşviqat aparmışdır və xahiş edir ki, baş vermiş qanun pozuntusu ilə bağlı qanuna müvafiq tədbir görülsün.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.4-cü maddəsi ilə seçkiqabağı təşviqatın aparılması seçki komissiyasının məşvərətçi səshüquqlu üzvlərinə birbaşa qadağan edilmir.
Belə ki, həmin məcəllənin 74.4.3-cü maddəsinin tələbinə görə, seçkiqabağı təşviqatın aparılması seçki komissiyalarına, seçki komissiyalarının həlledici səshüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə qadağan edilir.
Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının məşvərətçi səshüquqlu komissiya üzvü təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlu eyni zamanda həmin partiyadan prezidentliyi qeydə alınmış namizədin vəkil edilmiş şəxslərindən biridir. Seçki qanunvericiliyinin tələbinə görə, vəkil edilmiş şəxslərin seçkiqabağı təşviqatla məşqul olmaq hüquqları vardır.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən Mətbuat qrupu rəyə gəlir:
- Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti əsassızdır.
- Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.
Mətbuat qrupunun rəhbəri Azər Tağıyev |