. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 7 iyul 2006-cı il tarixli
31/127  saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında bələdiyyə seçkiləri zamanı
vəkil edilmiş şəxslərin statusu haqqında
T Ə L İ M A T

1.       Vəkil edilmiş şəxslərin statusu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 72-ci və 220-ci maddələrinə əsasən müəyyənləşdirilir.
Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır.
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə qeydə alınmış namizədin yazılı ərizəsinin (Təlimata 1 saylı əlavə), o cümlədən vəkil edilmiş şəxslərin hər birinin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli əlavə edilmiş razılıq ərizələrinin (Təlimata 2 saylı əlavə) daxil olduğu gündən başlayaraq 3 gün müddətində həmin şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınırlar. 

  1. Ərizədə vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilir.
  2. Müvafiq seçki komissiyası vəkil edilmiş şəxsə onun statusu göstərilmiş,  soyadı, adı, atasının adı yazılmış və fotoşəkli olan lövhəcik verir (Təlimata 3 saylı əlavə). Seçki günü səsvermə otağında təyinatına uyğun istifadə edilməsi üçün həmin lövhəcik vəkil edilmiş şəxsin üzərində olmalıdır.
  3.   Qeydə alınmış namizəd dairə seçki komissiyasını xəbərdar etməklə, vəkil  edilmiş şəxsləri istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq  olduqda, vəkil edilmiş şəxsin qeydiyyatı ləğv edilir. Vəkil edilmiş şəxs onu təyin edən subyekti xəbərdar etməklə, istənilən vaxt öz təşəbbüsü ilə səlahiyyətlərindən imtina edə bilər. Belə halda ona verilmiş lövhəcik müvafiq seçki komissiyasına qaytarılmalıdır.

2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxs təyin edilməsi barədə təqdimatı (Təlimata 4 saylı əlavə) və vəkil edilmiş şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli əlavə edilmiş razılıq ərizəsinin (Təlimata 5 saylı əlavə) daxil olduğu gündən başlayaraq 3 gün müddətində həmin şəxs müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınır.
2.1. Müvafiq seçki komissiyası vəkil edilmiş şəxsə onun statusu göstərilmiş,  soyadı, adı, atasının adı yazılmış və fotoşəkli olan lövhəcik verir (Təlimata 6 saylı əlavə). Seçki günü səsvermə otağında təyinatına uyğun istifadə edilməsi üçün həmin lövhəcik vəkil edilmiş şəxsin üzərində olmalıdır.
2.2. Siyasi partiyaların, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsi müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanının iclasının qərarı ilə təyin edilirlər.
Siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsi öz funksiyalarını, onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, əsas iş və ya xidmət yerini, tutduğu vəzifəsini (bu olmadıqda – fəaliyyət növünü) əks etdirən həmin qərar əsasında həyata keçirir.
2.3. Siyasi partiyanın, siyasi partiyalar blokunun təyin etdiyi vəkil edilmiş şəxslərin siyahıları (Təlimata 7 və 8 saylı əlavələr) Mərkəzi Seçki Komissiyasına və eyni zamanda müvafiq dairə seçki komissiyasına  təqdim edilir.
Siyasi partiya, siyasi partiyalar bloku tərəfindən vəkil edilmiş şəxslərin  daxil edildiyi siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş və ya xidmət yeri, vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya  şəxsin vəkil olmağa razılığı barədə yazılı ərizəsinin surəti əlavə edilməlidir. 
2.4. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə, yazılı formada xəbərdar olunmaqla, vəkil edilmiş şəxsin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və müvafiq dairə seçki komissiyasına göndərilməlidir.
3. Vəkil edilmiş şəxslərin aşağıdakı hüquq və vəzifələri vardır:

  1. qeydə alınmış namizədin seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək;
  2. bələdiyyə üzvlüyünə namizədin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etmək;
  3. seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından almaq;
  4. hərbi hissələrin yerləşdiyi ərazi hüdudlarında hərbi qulluqda olan seçicilərlə görüşləri, hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə  görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalanadək, müvafiq bələdiyyə üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiya blokları nümayəndələrinin mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərtilə təşkil etmək;

- seçki  komissiyalarının  iclaslarında,  habelə səslərin  hesablanmasında, dairə və məntəqə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, seçki komissiyaları qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək;

  1.  seçkilərin gedişini müşahidəçi qismində izləmək ;
  2.  səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
  3. seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflərin və seçki bülletenlərinin verilməsini müşahidə etmək;
  4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
  5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş
    seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

- müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu ilə və digər sənədlərlə tanış olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
- seçki komissiyaları sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq, səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
- bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını, yenidən hesablanmasını müşahidə etmək və səslərin paralel hesablanmasında iştirak etmək; 
- Mərkəzi Seçki Komissiyasının qərarından, onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək;

  1. vəkil edilmiş şəxsi təyin edən namizədi, habelə siyasi partiyanı, siyasi partiyalar blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə dairə seçki komissiyasına qaytararaq, səlahiyyətlərindən imtina etmək;
  2. qanunla qadağan edilməyən digər hərəkətlər etmək.

4. Vəkil edilmiş şəxslər tərəfindən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:

  1. dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutan vəkil
    edilmiş şəxslərin seçkilərin gedişi zamanı öz vəzifə və xidməti
    mövqelərindən istifadə etməsi;
  2. səsvermə günü seçki komissiyası üzvlərinın öz səlahiyyətlərini
    həyata keçirməsinə mane olmaq, seçiciləri bu və ya digər
    namizədə səs verməyə məcbur etmək;
  3. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi barədə suallar
    vermək;
  4. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında
    imza etmək;
  5. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
  6. digər namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun dəstəklənməsinə yönəldilən və dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkət və çağırışlar etmək;
  7. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
  8. səsvermə günü seçicilər arasında təşviqat aparmaq;
  9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
  10. seçicilərin suallarına (öz statusu ilə bağlı suallar istisna olmaqla) cavab vermək;
  11. qanunla qadağan edilmiş digər hərəkətlər etmək.

         Yuxarıdakı tələblərə riayət etməyən vəkil edilmiş şəxsin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları   qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə Seçki Məcəlləsinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, həmin Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna olunmaqla, təmsil etdikləri namizədlərin, siyasi partiyanın və ya siyasi partiyalar blokunun statusunun itirilməsi ilə başa çatır.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədtərəfindən vəkil edilmiş şəxslərin təyin olunması barədə (1 saylı əlavə)

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd tərəfindən təyin olunmuş vəkil  edilmiş şəxsin razılıq məktubu (2 saylı əlavə)

Bələdiyyə üzvlüyünə namizədi (namizədləri)  qeydə alınmış siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən vəkil edilmiş şəxsin təyin olunması barədə təqdimat (4 saylı əlavə)

Bələdiyyə üzvlüyünə namizədi qeydə alınmış siyasi partiyanın və ya siyasi partiyalar blokunun razılıq ərizəsi (5 saylı əlavə)

Mərkəzi Seçki Komissiyasına siyasi partiyanın və ya siyasi partiyalar blokunun adı siyasi partiyalar bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin siyahısı (7 saylı əlavə)

Dairə seçki komissiyasına siyasi partiyanın və ya siyasi partiyalar blokunun adı siyasi partiyalar bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin siyahısı (8 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası