Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
7 iyul 2006-cı il tarixli
31/126 saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında bələdiyyə seçkilərində
iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının,vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçki prosesində istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlərin
S İ Y A H I S I
Bələdiyyə seçkilərində seçki hüququ olan şəxslərin və onların seçki prosesində istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlərin əhatə dairəsi aşağıdakı kimi müəyyən olunmuşdur:
1. Azərbaycan Respublikasının vətəndaşları:
1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
1.2. Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi (7 N-li forma).
2. Qaçqın və məcburi köçkün vətəndaşlar:
2.1. müvafiq ərazidə müvəqqəti məskunlaşma faktını təsdiq edən yuxarıda göstərilən sənədlər yoxdursa, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.
3. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular:
3.1. zabitin şəxsi vəsiqəsi;
3.2. hərbi bilet.
4. Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxslər seçki prosesində, habelə bu siyahının 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş şəxslər təqsirləndirilən şəxs kimi səs verərkən:
4.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
5. Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı olan məhkumlar, habelə bu siyahının 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş şəxslər məhkum olunmuş şəxs kimi səs verərkən:
5.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.
6. Azərbaycan Respublikası ərazisində 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər:
6.1. vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
7. Müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkə vətəndaşları:
7.1. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən xarici ölkə vətəndaşına verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə.
Seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir.