Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
24 iyun 2006-cı il tarixli
30/122 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri
M.M.PƏNAHOV
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.Rüstəmov.
Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında
T Ə L İ M A T
1. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.
2. Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına seçkilərin keçirilməsi üçün daxil olmuş pul vəsaiti səsvermə gününə ən geci 90 gün qalmış dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər.
3. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə vəsait ayrılır.
4. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə və “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının və aparılmasının ucotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında” Təlimatla tənzimlənir.
5. Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
6. Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçısıdır və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
7. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.
8. Bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının formalaşması qaydaları Seçki Məcəlləsinin 225.1-ci maddəsi ilə, bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi isə 225.2-ci maddəsi ilə tənzimlənir.
9. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplayan qeydə alınmış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürən qeydə alınmış bələdiyyə üzvlüyünə namizəd səsvermə günündən sonra 15 gün müddətində dairə seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank dairə seçki komissiyasının məktubunda göstərilmiş vəsaiti mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
10. Seçkilərin hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyə hesabatı formalarına uyğun olaraq ayrı -ayrılıqda aparılır.
11. Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparırlar.
12. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
13. Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edirlər. Hesabatı məntəqə seçki komissiyasının sədri təsdiq edir.
14. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı dairə seçki komissiyasının sədri təsdiq edir.
15. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci 10 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyalarının hesabatlarını, komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla, Mərkəzi Seçki Komissiyasına təqdim edir.
16. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları vəsaitinin, siyasi partiyaların, siyasi partiyalar blokları vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.