. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
24 iyun 2006-cı il tarixli
30/118 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası vətəndaşının
bələdiyyə seçkilərində  müşahidə
aparması qaydaları haqqında

T Ə L İ M A T

1. Azərbaycan Respublikasında bələdiyyə seçkiləri zamanı Azərbaycan Respublikası vətəndaşının müşahidə aparması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 1.1.18 – 1.1.19-cu və 40 – 42-ci maddələrinə müvafiq olaraq tənzimlənir.
1.1. Azərbaycan Respublikasında bələdiyyə seçkiləri zamanı Azərbaycan Respublikasının aktiv seçki hüququna malik hər bir vətəndaşı respublika ərazisində və ya yaşadığı seçki dairəsinin ərazisində öz təşəbbüsü, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında  müşahidə apara bilər.
1.2. Azərbaycan Respublikasının  bütün ərazisində (seçki keçirilən) müşahidənin aparılmasına dair ərizə (Təlimata 1 saylı əlavə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınа (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim edə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqları təmsil olunacaq bələdiyyə üzvlüyünə namizədin adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın, siyasi partiyalar blokunun adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə 3×4 sm ölçüdə  2 ədəd fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər.
1.3. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyası  tərəfindən lövhəcik (Təlimata 4 – 7 saylı əlavələr) verilir.
2. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə (Təlimata 2 saylı əlavə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər.
2.1. Müşahidənin keçirilməsinə icazə verildikdə, müvafiq dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik (Təlimata 8 saylı əlavə) verir.  
2.2. Müşahidənin keçirilməsinə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyası nəticə etibarilə şikayəti təmin etməzsə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə şikayət verilə bilər .
2.3. Müşahidəçilər bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin  və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin ümumi yekunları haqqında protokolun tərtib olunmasını, habelə səslərin hesablanmasını və ya yenidən hesablanmasını müşahidə edə bilərlər. Müşahidəçilər səslərin paralel sayılmasında iştirak edə, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına göndərilməsini müşahidə edə bilərlər.
Müşahidə seçkilər elan edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin ümumi yekunlarının rəsmiləşdirilməsinin dərc edildiyi gün bitir.
2.4. Səsvərmə gününədək seçki komissiyasının iclaslarını müşahidə etmək hüququna yalnız Seçki Məcəlləsinin 40.13-cü maddəsi ilə və bu Təlimatla müəyyən edilmiş qaydada həmin hüququn əldə edilməsi üçün Mərkəzi Seçki Komissiyasına ərizə (Təlimata 3 saylı əlavə) ilə müraciət edərək qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdir. Mərkəzi  Seçki Komissiyasının verdiyi lövhəciklərdə (Təlimata 9 – 11 saylı əlavələr) həmin hüquq göstərilməlidir. Bu Təlimatın 1.1-ci maddəsində göstərilən subyektlərin hər birinin ayrı-ayrılıqda hər bir seçki komissiyası üçün bu hüquqlu bir müşahidəçisi ola bilər. Mərkəzi Seçki Komissiyası onları, hər bir seçki komissiyasında 10 nəfərdən artıq olmamaqla, püşkatma yolu ilə təyin edir. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün müşahidəçilərdən xüsusi icazə tələb olunmur.
2.5. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
3.  Müşahidəçilər (xüsusi icazə almış müşahidəçi istisna edilməklə) eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.
3.1.  Müşahidəçilər Azərbaycan Respublikası Seçki Məcəlləsinin  42-cü maddəsində göstərilən aşağıdakı hüquq və vəzifələrə malikdirlər:

  1. seçici siyahıları ilə tanış olmaq;
  2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
  3. seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflərin və seçki bülletenlərinin verilməsini müşahidə etmək;
  4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
  5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş
    seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

- müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
- seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq, səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;

  1. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
  2. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.

3.2. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:

  1. seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflər və seçki bülletenləri vermək;
  2. seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək;
  3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
  4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
  5. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
  6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
  7. seçicilər arasında təşviqat aparmaq;
  8. bu və ya digər namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
  9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
  10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).

4. Göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
4.1.Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi Seçki Komissiyasının sədrinə, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin ümumi yekunları haqqında protokola əlavə edilməlidir.
4.2. Müşahidə seçkilər elan edildiyi gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin ümumi yekunlarının rəsmi dərc edildiyi gün bitir.

Azərbaycan Respublikasının seçki keçirilən bütün ərazisində müşahidə aparılmasına dair ərizə (1 saylı əlavə)

Seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair (2 saylı əlavə)

Səsvermə gününədək seçki komissiyasının iclaslarında müşahidə aparılmasına dair (3 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası