. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
24 iyun 2006-cı il tarixli
30/116 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri M.M.PƏNAHOV

Razılaşdırılmışdır :
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətininsədri E.S.RÜSTƏMOV.


Bələdiyyə seçkilərində  xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında

T Ə L İ M A T

Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 94.1-ci maddəsinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasında bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış namizədlərin (bundan sonra – namizədin), siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydalarını müəyyən edir.
1. Namizəd, siyasi partiyalar və siyasi partiyaların blokları  Seçki Məcəlləsinin 91-ci və 225-ci maddələrinə müvafiq qaydada və müddətdə seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır. Bələdiyyə üzvlüyünə namizədin seçki fondu Seçki Məcəlləsinin 225-ci maddəsi ilə müəyyənləşdirilmiş həcmdə və həmin maddədə nəzərdə tutulmuş mənbələr hesabına yaradılmaqla, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində və onun filiallarında  xüsusi hesabda saxlanılır.
Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku yalnız bir xüsusi hesab aça bilər.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilən sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.
2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyələrin 1/3-dən çoxunda irəli  sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.
3. Bu Təlimatın 1-ci bəndində nəzərdə tutulmuş “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətindən və onun filiallarından başqa, digər banklarda xüsusi seçki hesablarının açılması qadağandır.
4. Namizədin, siyasi partiyaların, siyasi partiya bloklarının xüsusi seçki hesablarının açılması üçün namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, yaxud siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi aşağıdakı sənədləri müvafiq banka təqdim etməlidir:
a) namizəd ( və ya onun səlahiyyətli nümayəndəsi) –
–  xüsusi seçki hesabının açılması üçün ərizə;
– namizədliyin irəli sürülməsi barədə bildirişin* dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti;
– Seçki Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə;
–  namizədin səlahiyyətli nümayəndəsinin (əgər səlahiyyətli nümayəndə təyin edilibsə) notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi.
b) siyasi partiyalar – 
–  xüsusi seçki hesabının açılması üçün ərizə;
– dövlət qeydiyyatına alınması haqqında sənədin (şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;
– siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
– namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu;
– statistika orqanlarında uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
–  dövlət sosial sığorta orqanında uçota alınması barədə bildirişin əsli;
– müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə - dublikatın əsli;
– namizədliyin irəli sürülməsi barədə bildirişin* dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti;
– Seçki Məcəlləsinin 54-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
– maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi;
– notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi.
c) siyasi partiyalar bloku–
–  xüsusi seçki hesabının açılması üçün ərizə;
– namizədliyin irəli sürülməsi barədə bildirişin* dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş surəti;
– siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanı iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
– siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələri iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
– maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi;
– notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi.
5. Yuxarıda göstərilən sənədlər təqdim edildikdən sonra müvafiq bank həmin subyektlər üçün bu Təliamtın 1-ci bəndində göstərilən müddətdə xüsusi seçki hesabı açmalıdır.
6. Xüsusi seçki hesabı və vahid seçki fondu üzrə bütün əməliyyatlar manatla həyata keçirilir.
7. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 iş günü ərzində bir dəfədən az olmamaq şərtilə dairə seçki komissiyasına namizədlərin xüsusi seçki hesabına daxil olan (Təlimatın 1 saylı əlavəsinə uyğun formada), eləcə də xərclənən vəsaitlər barədə məlumat verir.
8. Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, siyasi  partiyaya,  siyasi partiyaların  blokuna məxsusdur.  Seçki  fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır.  Bu vəsaitdən  yalnız  aşağıdakı  məqsədlər  üçün  istifadə edilə bilər: 
a) imza toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsi;
b) seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsi;
 c) seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.
9. Namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat fəaliyyəti və namizədliklərin irəli sürülməsinin   müdafiəsi   məqsədilə  seçici imzalarının yığılması üçün seçki fondlarına daxil olan vəsaitdən başqa, digər pul vəsaitindən istifadə etmək qadağandır.
10. Xüsusi  seçki  hesabına  vəsaitlər yalnız Seçki Məcəlləsinin 225-ci maddəsində göstərilən məbləğdə və şəxslər tərəfindən köçürülə bilər.
11. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından Seçki Məcəlləsinin 93.1-ci maddəsində göstərilən qaydada qəbul edilir.
Hüquqi şəxslərin könüllü ianələri seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, Seçki Məcəlləsinin 93.2-ci maddəsində göstərilən şərtlərlə qəbul olunur.
12. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci 2 gün ərzində köçürülməlidir.
13. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
–   xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
–   xarici vətəndaşlara;
–   vətəndaşlığı olmayan şəxslərə;
–  18 yaşına çatmamış vətəndaşlara;
–  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
–   beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
–   dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
–   dövlət, bələdiyyə təşkilatları və idarələrinə;
–  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
–  hərbi hissələrə;
–  xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
– aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim  ianə köçürənlərə ( vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin  və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda – miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
14. Namizədlərin, siyasi partiyaların və siyasi partiyalar bloklarının seçki fonduna ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq müvafiq seçki komissiyasına məlumat verir.
15. Namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondlarına ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd, siyasi partiya, siyasi partiyalar bloku ianənin bütünlüklə geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla ianəçiyə qaytarmalıdır.
Anonim ianələr xüsusi seçki hesabına daxil olduqda Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
16. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 9, 10, 11, 12, 13 və 14-cü bəndlərində nəzərdə tutulan hallar barədə Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına hesabat verməlidir.
17. Qeydə alınmış namizədlərin xüsusi seçki hesabları üzrə bütün  əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.
18. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda dairə seçki komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin, xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.
19. Maliyyə əməliyyatlarının aparılması müddəti  yalnız Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş hallarda və əsaslarla Mərkəzi Seçki Komissiyası tərəfindən uzadıla bilər.
20. Bələdiyyə seçkiləri zamanı bələdiyyə üzvlüyünə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları Seçki Məcəlləsinin 90.5 – 90.7-ci və 226.4-cü maddələri ilə müəyyən edilir.
21. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını aşağıdakı növbəliklə (bu Təlimata 2 saylı əlavəyə uyğun) təqdim edirlər:
– birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
–  ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata  orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
- yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
22. Namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi  namizəd olmuş vətəndaşların üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli nümayəndə olmadıqda, siyasi partiyanın və ya siyasi partiyalar blokunun tərkibində seçki kampaniyasında iştirak etmiş siyasi partiyanı təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat verə bilər.
23. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini dairə seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra dairə seçki komissiyasının hesabına köçürməlidir.

______
*Namizədliyin irəli  sürülməsi barədə bildiriş dedikdə, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının), siyasi partiyalar  blokuna daxil olan siyasi partiyaların nümayəndələri iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında Seçki Məcəlləsinin 53.2-ci maddəsində namizədin irəli sürülməsinə dair bildirişdə nəzərdə tutulmuş məlumatlar göstərilən qərarın dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş nüsxəsi başa düşülməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin  90.2-ci maddəsində nəzərdə tutulan fiziki və hüquqi şəxslərdən daxil olan ianələr barədə məlumat (1 saylı əlavə)

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin, qeydə alınmış  namizədin, siyasi partiyaların və siyasi partiyalar blokunun seçki fondunun gəlir və xərclərinin maliyyə hesabatı (2 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası