. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
24 iyun 2006-cı il tarixli
30/114 saylı Qərarı ilə təsdiq edilmişdir

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunan seçki sənədlərində və imza vərəqələrindəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq dairə seçki komissiyası tərəfindən yaradılmış işçi qrupu haqqında

Ə S A S N A M Ə

Bu Əsasnamə bələdiyyə üzvlüyünə namizədin qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunmuş seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaradılmış işçi qrupunun (bundan sonra – işçi qrupu) hüquq, vəzifə və fəaliyyət qaydalarıını müəyyən edir.

 1. Ümumi müddəalar

1.1.   İşçi qrupu Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra – Seçki Məcəlləsi), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası)  qəbul etdiyi normativ xarakterli aktlara və müvafiq dairə seçki komissiyasının qərarlarına uyğun fəaliyyət göstərir.
1.2. İşçi qrupu seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq dairə seçki komissiyaları tərəfindən yaradılır.
1.3. İşçi qrupunun tərkibinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan  Elmi - Tədqiqat və Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertləri, Daxili İşlər və Maliyyə nazirliklərinin rayon şöbələrinin və Vergilər Nazirliyinin ərazi üzrə departamentlərinin mütəxəssisləri sırasından ekspertlər, əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmış orqanların – şəhər rayon polis idarələrinin və rayon polis  şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələrinin mütəxəssisləri, mənzil – kommunal  istismar sahələrinin, rayon statistika şöbələrinin mütəxəssisləri daxil edilə bilər.


2. İşçi qrupunun formalaşdırılması qaydası

2.1.   İşçi qrupunun tərkibi və onun rəhbəri dairə seçki komissiyasının qərarı ilə seçilir və azad olunur.
2.2.   İşçi qrupuna onu yaradan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü rəhbərlik edir.
2.3.   İşçi qrupunun üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla bu işə cəlb edilir və əsas iş yerindən müvəqqəti ayrılmaqla öz vəzifələrini həyata keçirirlər. Onların əsas iş yeri üzrə vəzifə maaşları və digər ödənişlər saxlanılır.

3. İşçi qrupunun  və onun rəhbərinin hüquqları

3.1    İşçi qrupunun aşağıdakı hüquqları vardır:
3.1.1. təsdiq edilmiş namizəddən, namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrindən, imza toplayan şəxslərdən, seçicilərdən və müvafiq orqanlardan öz səlahiyyəti daxilində  bütün məsələlər üzrə məlumat tələb etmək və almaq.
3.1.2. işçi qrupunun öz vəzifələrini qanunauyğun şəkildə yerinə yetirə bilməsi üçün bütün məsələlərə dair müvafiq dövlət orqanlarına, bələdiyyə qurumlarına və digər orqanlara müraciət etmək, səlahiyyətləri çərçivəsində bütün məsələlər üzrə zəruri məlumat və materialları tələb etmək.
3.1.3. imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilən rəyləri tərtib etmək və hər bir təsdiq edilmiş namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun protokolunu hazırlayaraq,  qrupun rəhbərinə təqdim etmək.
3.1.4. işçi qrupunun öz vəzifələrini qanunauyğun şəkildə yerinə yetirə bilməsi üçün  lazımi avadanlıq və materiallarla təmin olunmasını tələb etmək.
3.2.   İşçi qrupunun üzvləri fəaliyyət göstərdikləri müddətdə dairə seçki komissiyası ilə bağlanmış əmək müqaviləsinə əsasən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə  əmək haqqı alırlar.
3.3.   İşçi qrupunun verdiyi sorğuya müvafiq orqandan 3 gün müddətində,  əgər səsvermə gününə 75 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində rəsmi cavab almaq hüqüqu vardır.
3.4.   İşçi qrupu rəhbərinin aşağıda göstərilən hüquqları vardır:
3.4.1. Qrupun işini təşkil edir, dairə seçki komissiyası ilə razılaşdırmaqla müvafiq orqan və təşkilatlara sorğu verməklə, sənədlər tələb edir. Təsdiq edilmiş hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında tərtib olunub imzalanmış protokolu qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına təqdim edir.
3.4.2. Qrupun üzvləri arasında vəzifə bölgüsü aparır, qrupun işinə cəlb edilmiş mütəxəssislərə tapşırıqlar verir və onların icrasını yoxlayır.
3.4.3. İşçi qrupunun dairə seçki komissiyası ilə qarşılıqlı fəaliyyətini təmin edir.
3.4.4. Yoxlamanın yekunlarına dair protokolları və başqa sənədləri imzalayır.
3.4.5. Dairə seçki komissiyasının tələbinə əsasən komissiyanın iclasında işçi qrupunun gördüyü işlər  barədə məruzə edir.

4. İşçi qrupunun vəzifələri

4.1.   İşçi qrupunun tərkibinə daxil edilmiş ekspert və mütəxəssislər təqdim edilən seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlayır və bu barədə ayrı-ayrılıqda rəy verirlər. Seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsini, yoxlanılan imza vərəqəsindəki sətrin nömrəsini qeyd edir və yoxlamanın nəticəsi barədə cədvəl hazırlayır.
4.2.   Təsdiq edilmiş hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticəsi haqqında işçi qrupunun rəhbəri tərəfindən ayrıca protokol tərtib edilir, imzalanır, həmin protokola ekspert və mütəxəssislərin rəyləri və yoxlama cədvəli əlavə olunaraq, müvafiq qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına təqdim edilir. Protokolda etibarsız hesab edilmiş imzaların sayı əsası qeyd olunmaq şərti ilə göstərilməlidir. Protokolun surəti namizədin qeydə alınması məsələsini gündəliyə çıxaran dairə seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilir.

5. Yekun müddəaları

5.1. İşçi qrupunun  səlahiyyət müddəti şikayət olmadıqda seçki gününə 60 gün qalmış, şikayət olarsa, yuxarı seçki komissiyası və ya müvafiq məhkəmə tərəfindən şikayətin araşdırması bitdikdən sonra başa çatır.
5.2.   Bu Əsasnaməyə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyası tərəfindən edilə bilər.



Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası