. : TƏLİMATLAR

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
7 iyun 2006-cı il tarixli
28/107 saylı Qərarı ilə təsdiq edilmişdir. 

Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında

 T Ə L İ M A T

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində siyasi partiya və siyasi partiyaların blokları tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlərin irəli sürülməsi qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 54-cü, 212-ci və 214-cü maddələrilə tənzimlənir. I. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı səsvermə yolu ilə kollegial qaydada qəbul edir.
Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd və ya namizədlər bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən  namizəd  və ya namizədlərin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:
a)  iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
b)  siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;
c)  namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
ç)     qərarın qəbul edilməsi tarixi.Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.II. Siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyanın səlahiyyətli nümayəndəsi  müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
1. Siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti.
2. Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti.
3.  Namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu.
4.  Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (bu Təlimata 1 saylı əlavə). Bu bildirişin surəti Seçki Məcəlləsinin 226.3-cü maddəsinə uyğun olaraq dairə seçki komissiyası tərəfindən təsdiq edilərək  müvafiq səlahiyyətli nümayəndəyə verilir.
5. Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin  məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi  (bu Təlimata 2 saylı əlavə).
6.      Səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı.
7.      Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri  (bu Təlimata 6 və 6”A” saylı əlavələr).
8.      Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (bu Təlimata 3 saylı əlavə).

  • Siyasi partiyaların səlahiyyətli orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə xitam verdiyi halda, bu barədə qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına təqdim edilməlidir.
        

Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyanın səlahiyyətli nümayəndəsinə verilir  (bu Təlimata 7 saylı əlavə).

III. Siyasi partiyalar tərəfindən Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:1.      Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahıları (bu Təlimata 3 və 3”A” saylı əlavələr).
2.      Siyasi partiyaların səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq məktubları (bu Təlimata 4 və 5 saylı əlavələr).
(Mərkəzi Seçki Komissiyasında qeydə alındıqları zaman, habelə qeydə alındıqdan sonra səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilibsə, siyasi partiyalar bloku   da müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir).

IV. Siyasi partiyalar bloku tərəfindən namizəd və ya namizədlər irəli sürülərkən siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
1.      Siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd və ya namizədləri irəli sürmək barədə qərarları ilə birlikdə  müvafiq iclasların protokolları.
2.      Siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultaylarının, konfranslarının) siyasi partiyaların bloku adından namizəd və ya namizədlərin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu.
3.      Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (bu Təlimata 6 və 6”A” saylı əlavələr).
4.      Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (bu Təlimata 3 saylı əlavə).
5.     
Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna,  vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (bu Təlimata 2 saylı əlavə).
6. Hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (bu Təlimata 1 saylı əlavə). Bu bildirişin surəti Seçki Məcəlləsinin 226.3-cü maddəsinə uyğun olaraq dairə seçki komissiyası tərəfindən təsdiq edilərək müvafiq səlahiyyətli nümayəndəyə verilir

Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin alınması barədə yazılı arayış siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir  (bu Təlimata 7 saylı əlavə).

        

Bələdiyyə üzvlüyünə namizəd  irəli sürülməsinə təşəbbüs edilməsi haqqında bildiriş (1 saylı əlavə)

Namizədliyi irəli sürülmüş şəxsin namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizə (2 saylı əlavə)

Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı ( 3 saylı əlavə)

Siyasi partiyanın, siyasi partiyalar blokunun  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı (3"A" saylı əlavə)

Razılıq məktubu (4 saylı əlavə)
Razılıq məktubu (5 saylı əlavə)
Vəkalətnamə (6 saylı əlavə)
Vəkalətnamə (6"A" saylı əlavə)
Arayış (7 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası