. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
07 oktyabr 2004-cü il tarixli
22/146 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan  Respublikasında bələdiyyə seçkilərində seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında

İ Z A H

(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/120 saylı Qərarı ilə təsdiq edilmiş əlavə və dəyişikliklərlə)

Azərbaycan  Respublikasında bələdiyyələrə seçkilər üzrə səsvermə başa çatdıqdan sonra hər bir məntəqə seçki komissiyasında səsvermənin nəticələri haqqında yekun protokolu tərtib olunur. Həmin protokolun doldurulması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 100-cü, 106-cı və 237-ci maddələrinə və bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq   q a r a l a m a   nüsxəsi tərtib edilməlidir. Protokolun 1, 1 “a”, 2-4 və 7-ci bənd-lərindəki məlumatlar seçki qutuları açılmazdan əvvəl yazıla bilər. Protokolun 1 “b”, 5 və 6-cı bəndlərindəki məlumatlar isə hər bir halda seçki qutuları açılmazdan əvvəl yazılmalıdır.
Protokol seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər.
Protokola aşağıdakı məlumatlar daxil edilir:
Protokolun 1-ci bəndi Məntəqə üzrə seçicilərin ümumi sayı
o cümlədən:
a) seçicilər siyahısındakı seçicilərin sayı;
b) qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı.
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun 1-ci bəndində seçicilər siyahısındakı və qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin ümumi sayı qeyd olunur. Məntəqə seçki komissiyasından qeydiyyatdan çıxma vəsiqəsi alan seçicilərin sayı buraya daxil edilməməlidir. Həmin bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi  1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 2-ci bəndi Qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı
Bu bənddə seçki gününədək seçicilər siyahısına daxil edilmiş, lakin səsvermə gününə 24 – 3 gün qalanadək qeydiyyatdan çıxma vəsiqəsi alaraq, seçici siyahısından çıxarılmış seçicilərin sayı qeyd olunur.
Protokolun 3-cü bəndi Məntəqə seçki komissiyasına dairə seçki komissiyasından verilmiş zərflərin sayı
Dairə seçki komissiyası akt tərtib olunmaqla, məntəqə seçki komissiyasına seçki bülletenləri ilə birlikdə bülletenləri qoymaq üçün bərabər sayda zərf də verir. Həmin aktda göstərilən zərflərin sayı protokolun 3-cü bəndinə daxil edilir.
Protokolun 4-cü bəndi Məntəqə seçki komissiyasına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
Bu bəndə dairə seçki komissiyasından aktla məntəqə seçki komissiyasına verilmiş  seçki bülletenlərinin sayı daxil edilir.
Mötərizədə verilmiş tənlik (4=5+6+7), yəni 4-cü bəndin göstəricisi protokolun 5-ci, 6-cı və 7-ci bəndlərdəki rəqəmlərin cəminə bərabər olmalıdır.
Protokolun 5-ci bəndi – Möhürlənmiş zərf və bülleten alan seçicilərin sayı (5>11+12+14)
o cümlədən:
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında (seçici siyahılarında olan imzaların sayı; qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin (1b) sayı)
Bu bəndə səsvermə otağında və səsvermə otağından kənarda seçki bülleteni almış seçicilərin sayı daxil edilir.  Mötərizədəki tənlik (5>11+12+14), yəni 5-ci bəndin rəqəmi protokolun 11-ci, 12-ci və 14-cü bəndlərindəki rəqəmlərin  cəmindən çox və ya buna bərabər olmalıdır. Həmin say bu bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmini verməlidir.
Protokolun 6-cı bəndi İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
İstifadə edilməmiş seçki bülletenləri seçki qutuları açılmaz-dan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi  ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır, bülletenlərin aşağı sağ küncü ləğvetmə xəttindən kəsilməklə ləğv edilir, akt tərtib olunur və elan edilidikdən sonra bu bəndə yazılır. Ləğv edilmiş seçki bülletenləri ayrıca yığılıb bağlanır.
Protokolun 7-ci bəndi Korlanmış seçki bülletenlərinin sayı
Seçici hər hansı bir səbəbdən seçki bülleteninin korlanması barədə məntəqə seçki komissiyasına müraciət edərsə, komissiya müvafiq akt tərtib etməli və korlanmış seçki bülletenini yarı kəsməklə ləğv edərək, bunun üçün nəzərdə tutulmuş zərfə qoymalıdır. Korlanmış seçki bülletenlərinin sayı protokolun 7-ci bəndinə daxil edilməlidir.
Protokolun 8-ci bəndi Seçki qutularında olan möhür-lənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) (8=9+10)
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda.
Daşınan və daşınmaz seçki qutuları açılarkən məntəqə  seçki komissiyasının möhürü ilə möhürlənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) qutuların açılma növbəliyinə uyğun olaraq ayrı-ayrılıqda                   bu bəndin “a” və “b” yarımbəndlərinə daxil edilir. Müəyyən-ləşdirilmiş formalı zərf dedikdə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müəyyən etdiyi formada hazırlanmış və məntəqə seçki komisiyasının möhürü ilə möhürlənmiş zərf  nəzərdə tutulur. Bütün digər zərflər qeyri-müəyyən formalı zərflər hesab edilir.
Mötərizədə göstərilən tənlik (8=9+10), yəni 8-ci bəndin rəqəmi protokolun 9-cu və 10-cu bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır;
“a” və “b” yarımbəndlərində göstərilən rəqəmlərin cəmi  8-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 9-cu bəndi Etibarlı hesab edilmiş səslərin sayı (içərisində qanunauyğun doldurulmuş bir ədəd bülleten olan möhürlü zərflərin sayı)
Bu bənddə içərisində müəyyənləşdirilimiş formalı 1(bir) seçki  bülleteni olan möhürlənmiş zərflərin sayı qeyd edilir. Bu  bülleten nömrələnmiş, yuxarı sol küncü kəsilmiş, sağ küncü möhürlənmiş və yalnız seçilməli olan bələdiyyə üzvlərinin sayına bərabər və ya ondan az sayda namizədin lehinə səs verilmiş olmalıdır. Bu halda, səslər etibarlı sayıılr və  həmin səslərin sayı protokolun 9-cu bəndinə daxil edilir. 
Protokolun 10-cu bəndi Etibarsız hesab edilmiş səslərin sayı (içərisində bir neçə bülleten olan möhürlü zərflərin sayı; içərisində heç bir işarə qoyulmayan və ya seçilməli olan bələdiyyə üzvlərinin sayından çox sayda namizədlərin lehinə işarə qoyulan bülleten olan möhürlü zərflərin sayı; içərisində bülleten olmayan və ya müəyyənləşdirilmiş formada olmayan bülleten olan möhürlü zərflərin sayı)
Bu bənddə içərisində bir neçə bülleten olan möhürlü zərflərin, içərisində heç bir işarə qoyulmayan və ya seçilməli olan bələdiyyə üzvlərinin sayından çox sayda namizədlərin lehinə işarə qoyulan bülleten olan möhürlü zərflərin sayı, həm-çinin içərisində bülleten olmayan və ya qeyri-müəyyən formalı bülleten olan möhürlü zərflərin sayının cəmi qeyd edilməlidir.
Protokolun 11-ci bəndi Seçki qutularında olan möhür-lənmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
Bu bəndə Mərkəzi Seçki Komissiyasının  təsdiq etdiyi formada hazırlanmış nömrəli, yuxarı sol küncü kəsilmiş və sağ küncündə məntəqə seçki komissiyasının möhürü olan seçki bülletenlərinin sayı daxil edilir.  Həmin bənddə qeyd edilən seçki bülletenləri yalnız möhürlənmiş zərflərin içərisində olmalıdır.
Protokolun 12-ci bəndi – Seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
o cümlədən:
a) daşınan seçki qutusunda;
b) daşınmaz seçki qutusunda (qutularında).
Bu bəndə seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı daxil edilir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi formada olmayan, nömrələnmiş yuxarı sol küncü kəsilməyən və sağ küncü möhürlənməmiş  seçki bülletenlərinin sayı bu bəndə daxil edilməməlidir. Qutuların açılma növbəliyinə uyğun olaraq daşınan seçki qutusundan çıxmış həmin bülletenlərin sayı “a” yarımbəndinə, daşınmaz seçki qutusundan (qutularından) çıxmış bu cür seçki bülletenlərinin sayı isə “b” yarımbəndinə daxil edilməməlidir; “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi 12-ci bənddə göstərilən saya bərabər olma-lıdır.
Protokolun 13-cü bəndi Seçki qutularında olan möhürlənməmiş zərflərin sayı
Bu bəndə daşınan və daşınmaz seçki qutularından çıxmış, məntəqə seçki komissiyasının möhürü olmayan zərflərin sayı daxil edilməlidir.
Protokolun 14-cü bəndi Seçki qutularında olan möhürlənməmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə)
Bu bənddə seçki qutularından çıxan, məntəqə seçki komissiyası tərəfindən möhürlənməmiş zərflərdəki seçki bülletenlərinin (Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada olmayan və ya nömrələnmiş yuxarı sol küncü kəsilməmiş və sağ küncü möhürlənməmiş seçki bülletenləri istisna edilməklə) sayı yazılır.
Protokolun 15-ci bəndi – Etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi
Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı, atasının adı bülletendə göstərilmiş ardıcıllıqla (əlifba sırası ilə) yazılır, hər  bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Seçicilərin etibarlı səslərinin qeydə alınmış namizədlər arasında bölünməsi yalnız protokolun 9-cu bəndində göstərilən möhürlənmiş zərflərin içərisindən çıxan bülletenlər üzrə hesablanır.  Cədvəlin  aşağısında  səslərin  cəmi yazılır və bu rəqəm protokolun 9-cu bəndində göstərilən etibarlı səslərin sayına bərabər və ya bundan çox olmalıdır.  Əks halda, protokol etibarsız sayılmalıdır. 
Protokolun doldurulma tarixi və vaxtı protokol tam tərtib olunub qurtardıqdan sonra qeyd edilir.
Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Belə halda o, protokolu imzalamır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq yekun protokoluna əlavə edilən aşağıdakı seçki sənədləri dairə seçki komissiyasına təqdim olunmalıdır:
protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt (bu İzaha 1 saylı əlavə), istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (bu İzaha 2 saylı əlavə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (bu İzaha 3 saylı əlavə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (bu İzaha 4 saylı əlavə), səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında akt (bu İzaha 5 saylı əlavə), bağlanıb möhürlənmiş zərflər, səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılan seçki bülletenlərinin sayı haqqında akt (bu İzaha 6 saylı əlavə), səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında akt (bu İzaha 7 saylı əlavə), bağlanıb möhürlənmiş zərflər, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşaiyəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
Sənədləri təqdim edən məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyası tərəfindən “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində yekun seçki sənədlərinin məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında” arayış verilir (bu İzaha                  8 saylı əlavə).


Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində seçki bülletenlərinin və zərflərin dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasına verilməsi haqqında akt (1 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü istifadə olunmamış seçki bülletenlərinin seçki qutuları açılmazdan əvvəl  ləğv edilməsi haqqında (2 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməyən vəsiqələrin ləğvi  haqqında (3 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində seçki bülletenlərinin kəsilmişsol künclərinin sayı haqqında (4 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü səs verən vətəndaşların səhvi üzündən korlanıb sıradan çıxmış seçki bülletenlərinin ləğv edilməsi haqqında (5 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında (6 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında (7 saylı əlavə)

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında arayış (8 saylı əlavə)

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki sənədlərinin məntəqə seçki komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında akt


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası