. : TƏLİMATLAR



Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 21 iyul 2005-ci il tarixli
17/66 saylı Qərarı ilə təsdiq edilmişdir.


Seçki komissiyalarının məşvərətçi səs hüquqlu
üzvlərinin statusu haqqında

T Ə L İ M A T

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən məşvərətçi səs hüquqlu komissiya üzvünün statusu Azərbaycan Respublikası Seçki Məcəlləsi və bu Təlimata uyğun olaraq müəyyənləşdirilir.
1. Qeydə alınmış namizəd və ya namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyalar bloku seçkilər zamanı müvafiq seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
2. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu komissiya üzvü təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.
3. Seçki komissiyalarının tərkibinə məşvərətçi səs hüquqlu üzv təyin etmək üçün müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi barədə yazılı ərizə. Ərizədə məşvərətçi səs hüquqlu üzvün təyin edildiyi seçki komissiyası, məşvərətçi səs hüquqlu üzvün soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri; tutduğu vəzifə ( bu olmadıqda fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriya və nömrəsi göstərilməlidir (Təlimata 1 və 2 saylı əlavələr);
3.2. 2 ədəd 3×4 ölçüdə fotoşəkil;
4. Siyasi partiya, siyasi partiyalar bloku müvafiq seçki komissiyalarının tərkibinə məşvərətçi səs hüquqlu üzv təyin etmək üçün aşağıdakı sənədləri təqdim edirlər:
4.1. Siyasi partiyaların, bloka daxil olan siyasi partiyaların birgə iclasının, qurultayının, konfransının məşvərətçi səs hüquqlu üzv təyin etmələri barədə qərarına əsasən müvafiq təqdimat (Təlimata 3, 4, 5 və 6 saylı əlavələr);
4.2. 2 ədəd 3×4 ölçüdə fotoşəkil.
Qeyd: Yuxarıda qeyd olunan sənədləri müvafiq seçki komissiyasına birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd, namizədin səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri təqdim edirlər:
Müvafiq seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq məşvərətçi səs hüquqlu komissiya üzvünə onun statusunu müəyyən etməyə imkan verən soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkil olan lövhəcik verilir ( bu Təlimata 7, 8, 9, 10, 11 və 12 saylı əlavələr). Səsvermə günü səsvermə otağında olarkən məşvərətçi səs hüquqlu üzvün həmin lövhəciyi olmalıdır.
5. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiya və siyasi partiyaların blokları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu üzvləri müvafiq seçki komissiyası tərəfindən 3 gün müddətində təsdiq edilir və həmin şəxsə vəsiqə verilir ( bu Təlimata 13, 14, 15, 16, 17 və 18 saylı əlavələr).
6. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri aşağıdakı hüquqlara malikdirlər:
6.1 müvafiq seçki komissiyasının iclası barədə vaxtında məlumatlandırılmaq;
6.2 müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər vermək, seçki komissiyasının iclasında çıxış etmək və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif etmək;
6.3 seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələrə aid suallar vermək və mahiyyəti üzrə cavablar almaq;
6.4 hər bir seçki sənədi (o cümlədən, seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış olmaq, sənədlərin (seçici siyahıları, seçki bülletenləri və seçici vəsiqələri istisna olmaqla) surətlərini almaq, qanunla dövlət, kommersiya sirri və başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış olmaq;
6.5. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvü müşahidəçi qismində aşağıdakı hüquqlara malikdir:
6.5.1. müşahidəçi qismində seçkilərin gedişini izləmək ;
6.5.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
6.5.3.seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflərin və seçki bülletenlərinin verilməsini müşahidə etmək;
6.5.4. səsvermə otağından kənarda seçicilərin səs verməsini müşahidə etmək;
6.5.5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
6.5.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
6.5.7. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokulu və digər sənədlərlə tanış olmaq;
6.5.8. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o, olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
6.5.9.seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq, səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
6.5.10. bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsinin, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını, yenidən hesablanmasını müşahidə etmək və səslərin paralel hesablanmasında iştirak etmək;
6.6. seçki komissiyasının yekun protokolunun surətini almaq;
6.7. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət etmək;
7. Seçki komissiyasının məşvərətəi səs hüquqlu üzvünə aşağıdakı hərəkətləri etmək qadağandır:
7.1. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrini vermək;
7.2. seçki bülletenlərinin sayılmasında bilavasitə iştirak etmək;
7.3. seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrini ləğv etmək;
7.4. səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək;
7.5. seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə qərarlar qəbul edilərkən səsvermək;
7.6. müvafiq seçki komisisyasının qəbul etdiyi qərarları imzalamaq. 8.Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməz.
9. Bir seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü eyni zamanda digər seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü ola bilməz.
10. Aşağıdakı hallarda seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə dərhal xitam verilir:
10.1. Azərbaycan Respublikasının prezidentliyinə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;
10.2. dövlət hakimiyyət orqanlarının, bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsi olduqda;
10.3. Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;
10.4. haqqında məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
10.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;
10.6. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.6-cı maddəsinin tələblərinin pozulması məhkəmənin qərarı ilə təsdiq olunduqda.

Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü onu təyin edən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz.

11. Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərini pozduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsi və İnzibatı Xətalar Məcəlləsi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.
12. Siyasi partiyalar birləşərsə, bir məşvərtçi səs hüquqlu üzv qalmaqla, digər məşvərətçi səs hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən geri çağrılır. Bu tələb siyasi partiyalar tərəfindən yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası geri çağrılmalı olan məşvərətçi səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric edir.
13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətləri seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən) şikayət daxil olmuşdursa, səsvermə və səslərin hesablanma qaydası pozulmuşdursa və bu faktlar üzrə məhkəmə araşdırılması aparılırsa, həmin səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə yuxarı seçki komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam verilir.

Ərizə (1 saylı əlavə)

Ərizə (2 saylı əlavə)
Təqdimat (3 saylı əlavə)
Təqdimat (4 saylı əlavə)
Təqdimat (5 saylı əlavə)
Təqdimat (6 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası