|
aaa
“Azərbaycan Respublikasının bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının bələdiyyə üzrə yekun protokolunun doldurulması qaydası haqqında” İzaha sənəd formaları əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
I. Mərkəzi Seçki Komissiyasının 08 oktyabr 2004-cü il tarixli 22/147 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının bələdiyyə üzrə yekun protokolunun doldurulması qaydası haqqında” İzaha aşağıdakı sənəd formaları əlavə edilsin:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səs vermək üçün seçki bülletenlərinin və zərflərin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında” Akt 1 saylı əlavə kimi;
2. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında” Aktın nümunəsi təsdiq edilərək 2 saylı əlavə kimi;
3. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməyən vəsiqələrin ləğvi haqqında“ Aktın nümunəsi təsdiq edilərək 3 saylı əlavə kimi;
4. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü istifadə edilməmiş zərflərin sayı haqqında” Aktın nümunəsi təsdiq edilərək 4 saylı əlavə kimi;
5. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına verilməsi haqqında” Arayışın nümunəsi təsdiq edilərək 5 saylı əlavə kimi.
II. İzahın son 3 abzası aşağıdakı redaksiyada verilsin:
Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Belə halda o, protokolu imzalamır.
Bələdiyyənin ərazisi bir neçə seçki dairəsinin ərazisini əhatə edirsə, həmin bələdiyyələr üzrə səsvermənin nəticələri MSK-nın müəyyən etdiyi qaydada həll olunur.
Dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi, seçki dairəsi üzrə səsvermənin nəticələrinin yekun cədvəli, habelə səsvermə günü dairə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar (belə şikayətlər yoxdursda, dairə seçki komissiyasının aktı), dairə seçki komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması haqqında akt (1 saylı əlavə), seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə) (2 saylı əlavə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) (3 saylı əlavə), “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü istifadə edilməmiş zərflərin sayı haqqında” akt (4 saylı əlavə) əlavə edilməklə dərhal, lakin səsvermə günündən 2 gündən geç olmayaraq dairə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərinin müşaiyəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
III. İzaha aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:
Sənədləri təqdim edən dairə seçki komissiyasının sədrinə Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına verilməsi haqqında” Arayış verilir (5 saylı əlavə).
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|