. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 41/191 saylı Qərarı ilə təsdiq edilmişdir

Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması
haqqında şikayət və müraciətlərə baxılması qaydalarına dair

T Ə L İ M A T

1. Vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayətvermə qaydası, müddəti və şikayətin forması (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsi)
1.1. Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş şikayətlər vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində yazılı və ya şifahi şəkildə verilə bilər.
1.1.1. Şikayətvermə müddəti şikayətin verilməsi üçün hüququn əldə edilməsi anından, yəni vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayır və şikayətin poçta və ya istənilən komissiyaya verilməsi anında bitir.
1.1.2. Məntəqə seçki komissiyalarının qərarları, hərəkətləri (hərəkətsizlikləri), məntəqə seçki komissiyası sədrlərinin hərəkətləri (hərəkətsizlikləri) ilə əlaqədar şikayətlər müvafiq DSK-lara təqdim edilir.
1.1.3. DSK-ların qərarları, hərəkətləri (hərəkətsizlikləri), dairə seçki komissiyaları sədrlərinin hərəkətləri (hərəkətsizlikləri) ilə əlaqədar şikayətlər MSK-ya təqdim edilir.
1.1.4. MSK-nın qərarları və ya hərəkətlərindən (hərəkətsizliyindən), MSK sədrinin hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 290-cı, 291-ci və 292-ci maddələrinə əsasən Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
1.2. Şikayət bu Təlimata əlavə edilmiş 1, 2 və 3 saylı əlavə formasına uyğun olmaqla aşağıdakı məzmunda olmalıdır:
1.2.1. şikayətin ünvanladığı seçki komissiyası;
1.2.2. şikayəti edən subyekt və baxılma haqqında bildirişin göndərilməsi üçün ünvan;
1.2.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
1.2.3.a. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyası və yə dövlət orqanı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;
1.2.3.b. əgər bu hərəkətdirsə, məlum qeyri-qanuni hərəkətin müəllifi qeyd olunmalı, hərəkətin məzmunu, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir (hərəkət – şəxsin və ya orqanın etməli olmadığı hərəkəti etməsidir);
1.2.3.c. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanı və ya şəxsi qeyd etməlidir (hərəkətsizlik-şəxsin və ya orqanın etməli olduğu hərəkəti etməməsidir);
1.2.4. şikayət üçün əsas: Seçki Məcəlləsinin, digər qanunvericilik və normativ aktların pozulmasının güman edilməsi;
1.2.5. güman edilən pozuntunun dəlilləri;
1.2.6. şikayətçinin tələbi;
1.2.7. şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
1.3. Şikayət bu Təlimatın 1.2-ci bəndinin tələblərinə cavab verməlidir. Əgər şikayətdə bu Təlimatın 1.2-ci bəndindəki nəzərdə tutulmuş şərtlərdən hər hansı biri yoxdursa və bu səbəbdən tələb aydın deyilsə, komissiya səlahiyyətlisi şikayəti iclasa çıxarmadan göndərən şəxsə qaytarır.
1.4. Hər bir halda, şikayət istər şifahi, istərsə də yazılı formada edilirsə, onu qəbul edən seçki komissiyasinin səlahiyyətlisi əmin olmalıdır ki, yuxarıda qeyd olunan bütün tələblər orada öz əksini tapmışdır.
1.5. Seçki komissiyasının sədri və ya üzvü tərəfindən öz səlahiyyətlərinə daxil olduqda şikayətin qəbul olunmasından və ya araşdırılmasından imtina edilməsi və ya şikayəti şifahi qəbul edən zaman onun tərəfindən bu Təlimatın 1.2-ci bəndində göstərilən tələblərin qeyd olunmaması Seçki Məcəlləsinin 115-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada məsuliyyət yarada bilər.
2. Seçici siyahılarına daxil edilmə və siyahılardan çıxarılma ilə əlaqədar müraciət və şikayətlər
2.1. Şəxsin seçicilər siyahısına daxil edilməsi və çıxarılması barəsində müraciətlər Seçki Məcəlləsinin 48-ci maddəsinə əsasən məntəqə seçki komissiyasında seçki günündən 35 gün əvvələ qədər qəbul edilir. Müraciətlər şifahi və yazılı ola bilər. Müraciət etmə günündən 1 gün ərzində bu müraciətlə bağlı qərar qəbul edilməlidir. Əgər məntəqə seçki komissiyası müraciəti qəbul edərsə, seçki günündən 35 gün əvvələ qədər, o, siyahıda düzəliş etmə məsələsini həll etməlidir; əgər müraciət rədd edilsə, mübahisəyə yuxarı seçki komissiyası - DSK tərəfindən baxıla bilər .
2.2. Səsvermə günü də daxil olmaqla, səsvermə gününə azı 35 gün qalmışdan sonrakı müddət ərzində həmin məsələ ilə bağlı şikayət və müraciətlər Mülki-Prosessual Məcəllənin 290-cı və 285.01-ci maddələrinə və Seçki Məcəlləsinin 46.1-cı maddəsinə görə birbaşa rayon (şəhər) məhkəmələrinə təqdim edilir.
2.3. Əgər məntəqə seçki komissiyası seçki siyahısının dəqiqləşdirilməsi ilə bağli müraciəti 35 günlük vaxt başa çatdıqdan sonra qəbul etmişdirsə, qəbul edilmiş qərardan müvafiq məhkəməyə müraciət etmə qaydasına və müddətinə dair izah verməklə, həmin şəxsin müraciətinin təmin edilməməsi barədə qərar qəbul edir. Ərizəçinin tələbi haqlıdırsa, yalnız 35 günlük müddətin başa çatması ilə əlaqədar təmin edilə bilməzsə, onda məntəqə seçki komissiyasının sədri həmin hala dair öz müsbət rəyini də bildirə bilər. (Şəxs rəsmiləşmə tələb etmədən şifahi şəkildə müraciət edibsə, onda komissiya səlahiyyətlisi həmin şəxsin məhkəməyə müraciət etmək hüququnu, müraciətetmə müddətini və qaydasını izah etməklə onu məhkəməyə göndərir).
2.4. Müraciət edən şəxs şikayəti və ya müraciəti rayon məhkəməsinə Mülki-Prosessual Məcəlləyə uyğun olaraq təqdim edə bilər.
3. Səsvermə günü daxil olan şikayətlər və müraciətlər
3.1. Səsvermə günü məntəqə seçki komissiyasının səlahiyyətinə aid olan müraciət və şikayətlərə məntəqə seçki komissiyası tərəfindən dərhal
baxılmalı və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 37.1.9-cu
maddəsinə əsasən qərar qəbul edilməlidir. Məntəqə seçki komissiyalarının
belə qərarları, hərəkətləri və hərəkətsizliklərindən, həmçinin məntəqə seçki
komissiyaları sədrlərinin hərəkətləri və ya hərəkətsizliklərindən şikayətlər Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş şikayətlər kateqoriyasına aid olmaqla, müvafiq DSK tərəfindən baxılır.
3.2. Seçki subyektləri və ya seçki komissiyalarının üzvləri tərəfindən seçki günü daxil olmuş səsvermə prosedurları və ya səslərin hesablanması və ya Seçki Məcəlləsinin hər hansı şəkildə pozulması ilə bağlı şikayətlərin və onlar üzrə qəbul edilmiş qərarların, məntəqə seçki komissiyası tərəfindən ayrıca qeydiyyat kitabçasında qeydiyyatı aparılmalı və Seçki Məcəlləsinin 106.7-ci maddəsinə əsasən həmin şikayətlər və onlar üzrə qəbul edilmiş qərarlar səsvermənin yekun protokoluna əlavə edilərək DSK-ya göndərilməlidir.
Belə qeydiyyat kitabçası, bu Təlimatın 1”a” saylı əlavəsinə uyğun olaraq, aşagıdakı məlumatları ehtiva etməlidir:
-ardıcıl nömrələnmiş bütün şikayətlər;
-şikayəti təqdim etmiş seçki subyektinin adı, soyadı, atasının adı, səlahiyyəti;
-şikayətin daxilolma tarixi;
-şikayətçinin tələbi;
-məntəqə seçki komissiyası tərəfindən qəbul edilmiş qərar.
Şikayətçi tələb edərsə, ona həmin qərarla yanaşı, qeydiyyat kitabçasında əks olunmuş məlumatlar göstərilmiş şikayətin qəbul olunması barədə qəbz verilə bilər.
4. Digər müraciətlər
4.1. Müraciətlər (şikayətlər və seçici siyahıları ilə əlaqədar müraciətlər istisna olmaqla) müvafiq komissiyalar tərəfindən bu Təlimatın 11-ci bəndinin tələbləri nəzərə alınmaqla baxılmalıdır.
4.2. MSK-da qaynar telefon xətti və ya internet vasitəsi ilə alınan müraciətlər, müraciət edən şəxsə onun hüquqları izah edilməklə, mümkün olarsa dərhal cavablandırılmalıdır.
“Qaynar xətt” və ya internet vasitəsi ilə alınan müraciətlər müvafiq qeyd jurnalında qeydə alınır (müraciət edən şəxs, məzmun, qəbul edən şəxs, icra). Bu cür müraciətlər məlumat xarakterli olduqda aidiyyəti qurumlara veriIir.
“Qaynar xətt” və ya internet vasitəsi ilə daxil olmuş müraciətlərə baxılması vəziyyəti, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.12-ci maddəsinin tələbinə müvafiq olaraq MSK üzvlərinin tələbi ilə MSK-nın iclasında müzakirə üçün gündəliyə daxil edilə bilər.
5. Şikayət və ya müraciəti qəbul edən seçki komissiyalarının etməli olduğu hərəkətlər
5.1. Məntəqə seçki komissiyaları, bu Təlimatın 3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, aşağıdakıları etməlidir:
5.1.1. yazılı müraciəti qəbul etməli və qeydiyyat aparmalıdır;
5.1.2. müraciət şifahi olduqda, bu Təlimatın 1 saylı əlavəsini
Təlimatda tələb olunan bütün qeydlərə müvafiq olaraq doldurmalıdır;
5.1.3. müraciət şəxsən təqdim edilibsə, müraciət edən şəxsə, qeyd edilmiş müraciətə dair qəbz təqdim etməlidir;
5.1.4. müraciət və ya şikayət aidiyyat qaydalarının pozulması ilə daxil
olmuşdursa, onda komissiyanın sədri (şikayəti araşdıran komissiya səlahiyyətlisi) tərəfindən, iclasa çıxarılmadan aidiyyatı üzrə göndərməlidir;
5.1.5. əgər məntəqə seçki komissiyasına cinayət xarakterli məlumatlar daxil olursa, məntəqə seçki komissiyasının sədri həmin məlumatı dərhal seçki məntəqəsinin aid olduğu müvafiq dairə seçki komissiyasına göndərməlidir;
5.1.6. şikayət və ya müraciət aidiyyat qaydalarının pozulması ilə daxil
olduqdan sonra, komissiyanın iclasına çıxarılmışsa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir;
5.1.7. daxil olmuş şikayət və ya müraciət həm şikayəti qəbul etmiş komissiyanın, həm də digər komissiya və ya başqa orqanın səlahiyyətinə aiddirsə, onda müvafiq komissiya həmin müraciətə mahiyyəti üzrə baxmalı, öz səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı, digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsi barədə qərar çıxarmalıdır.
5.2. MSK və DSK-lar aşağıdakıları etməlidir:
5.2.1.yazılı müraciəti qəbul etməli və qeydiyyat aparmalıdır;
5.2.2.müraciət şifahi olduqda, bu Təlimatın 2 və 3 saylı əlavələrini Təlimatda tələb olunan bütün qeydlərə müvafiq olaraq doldurmalıdır;
5.2.3.müraciət şəxsən təqdim edilibsə, müraciət qəbul olunmalı, onu təqdim edən şəxsə buna dair qəbz təqdim edilməlidir;
5.2.4.sonra bu Təlimatın 7-ci bəndinə müvafiq davranmalıdır;
5.2.5.şikayət və ya müraciət aidiyyat qaydalarının pozulması ilə daxil
olduqdan sonra, komissiyanın iclasına çıxarılmışsa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir;
5.2.6.daxil olımuş şikayət və ya müraciət həm şikayəti qəbul etmiş komissiyanın, həm də digər komissiya və ya başqa orqanın səlahiyyətinə aiddirsə, onda müvafiq komissiya həmin müraciətə mahiyyəti üzrə baxmalı, öz səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin şikayət və ya müraciətin müvafiq orqana göndərilməsi barədə qərar çıxarılmalıdır;
5.2.7. seçki komissiyalarının hərəkətləri, hərəkətsizlikləri və qərarları ilə əlaqədar olmayan, seçkilərlə baglı qeyri-qanuni hərəkətləri əks etdirən müraciətlər, ilkin olaraq həmin pozuntu ilə bağlı məlumat kimi nəzərdən keçirməli və müvafiq seçki komissiyaları tərəfindən Seçki Məcəlləsinin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə əsasən müvafiq tədbirlər görülməlidir;
5.2.8. əgər müvafiq komissiya və ya onun sədri, ərizəçini qane edə biləcək tədbirlər görmürsə, komissiyanın hərəkəti, hərəkətsizliyi və ya qərarından və ya sədrin hərəkətindən (hərəkətsizliyindən) bu Təlimatın 1.1.3-cü və 1.1.4-cü bəndlərinə müvafiq olaraq şikayət edilə bilər .
5.2.9. əgər seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı müraciət daxil olursa, həmin müraciət qeydə alma və bölüşdürmə proseduruna əməl olunmaqla, iclasa çıxarılmadan dərhal müvafiq prokurorluğa göndərilir;
5.2.10. əgər dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli müraciət daxil olursa, həmin müraciət qeydə alma və bölüşdürmə proseduruna əməl olunmaqla, komissiyanın iclasında müzakirə edilərək öz səlahiyyətinə aid olan hissədə tədbirlər görməli, şikayətdə göstərilən qanun pozuntularında Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edir. Məlumata bu şikayətin surəti əlavə edilir. DSK şikayət və ya müraciətə baxarkən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, öz səlahiyyətlərinə aid olan hissədə qərar qəbul edib məsələni həll etməklə yanaşı, həmin məsələyə dair rəy verilməsi üçün şikayəti MSK-ya göndərir;
5.2.11. dairə seçki komissiyasından MSK-ya daxil olmuş şikayətə baxılarkən, şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması,habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün MSK-nın Katibliyinin Hüquq şöbəsi tərəfindən rəy verilir.
5.2.12. Əgər Hüquq şöbəsi bu Təlimatın 5.2.11-ci bəndindəki halları müəyyən edərsə Katiblik şikayəti müvafiq prokurorluğa göndərir. Məktuba bu şikayətin surəti əlavə edilir.
5.2.13. Hüquq şöbəsi DSK-dan MSK-ya daxil olmuş şikayətdə göstərilən əlamətləri aşkar etmədikdə, şikayət işə alınır.
5.2.14. Əgər şikayət aşağı seçki komissiyasının və ya komissiya sədrinin səlahiyyətlərinə aid olan, şikayətçinin qanuni tələbi ilə bağlı müvafiq fəaliyyətin görülməməsi və ya qərarın verilməməsindəndirsə, belə şikayət qeydə alındıqdan sonra işi araşdıran komissıyanın səlahiyyətlisi aşağı seçki komissiyasından bu cür tələbin edilib-edilmədiyini və ona cavab verilib-verilmədiyini dəqiqləşdirir. Belə dəqiqləşdirmədən sonra, 7-ci bəndində qeyd olunmuş hallardakı prosedurlara uyğun olaraq iş komissiyanın müzakirəsinə çıxardılır.
6. Şikayətlərin qeydə alınması
Bütün komissiyalar qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbuletmə tarixi və ardıcıl olaraq qeydiyyat nömrəsi göstərilməklə qeydiyyatını aparmalıdır (bu Təlimata 1b, 2a və 3a saylı əlavələr).
7. Şikayətlərin Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası tərəfindən baxılması
7.1. Şikayəti qəbul edib qeydiyyata aldıqdan sonra həmin komissiyanın katibliyi dərhal sədri xəbərdar edir.
Şikayətlərin qəbul olunduğu gün sədr onları 2 kateqoriyaya bölür:
7.a. Aşağı komissiyaların qərar, hərəkət və ya harəkətsizlikdən, o cümlədən komissiya sədrlərinin hərəkət və hərəkətsizliyindən şikayətlər;
7.b. Digər müraciətlər.
Hər bir kateqoriyanın özünün ardıcıllıq sırası olur.
7.2. Daha sonra sədr hər bir şikayəti ardıcıl sıralanmaya uyğun olaraq iki katibdən birinə və ya sədr tərəfindən müəyyən olunmuş digər komissiya
üzvlərinə, hər kateqoriyadan ardıcıl paylaşdırma ilə hər bir üzvə bir ədəd olmaqla göndərir.
7.3. Şikayət qeydə alındığı gündən sonrakı gün ərzində, şikayəti araşdıran şəxs tərəfindən sədrlə məsləhətləşdikdən sonra komissiyanın şikayətə baxacağı tarix müəyyənləşdirilir.
7.4. Əgər şikayət seçki günü və ondan sonrakı gün gəbul edilmişdirsə, şikayət qeydə alındıqdan dərhal sonra 7.2-ci bəndin tələblərinə uyğun olaraq bölüşdürülür və ona baxılma həmin gün həyata keçirilir, Seçki Məcəlləsinin 106.7-ci, 107.4-cü və 108.3-cü maddələrinə əsasən müvafiq protokola əlavə edilir.

8. Şikayət və müraciətləri araşdırma ilə əlaqədar Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının mümkün hərəkətləri
8.1.Şikayət qeydə alındıqdan sonra, komissiyanın aşağıdakı səlahiyyətləri vardır:
a) Öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək və ya işi digər DSK-ya və ya MSK-ya göndərmək;
b) şikayəti nəzərdən keçirib əlavə məlumat tələb etmək;
c) öz sorgu-sual və araşdırmasını aparmaq;
d) şikayətçidən məlumat almaq;
e) digər namizədlərdən məlumat almaq;
f) müəyyən vaxt çərçivəsində əlavə məlumat almaq üçün rəsmi dairələrin yardımını istəmək;
g) əgər varsa, əlavə sənədlər əldə etmək (video yazılar, qeydlər, yazılı
materiallar və s.);
h) tələb olunarsa, digər tədbirlər görmək.
8.2. Komissiya şikayətlə bağlı qərar vermişdirsə, o, şikayətçini qərar barəsində xəbərdar etməlidir.
8.3. Əgər DSK 7-ci bənddə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edirsə, Mərkəzi Seçki Komissiyası, DSK-nın müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
9. Seçki komissiyasının şikayətlə baglı iclasları
9.1. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, komissiyanin iclasından bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir. Müraciət etmiş şəxsin iclasda iştirak etməməsi işin baxılmasına mane deyil. Şikayətçi xəbərdar olunmasa da iclasda iştirak etmək istəsə onun bu xahişi təmin olunmalıdır.
9.2. İclas zamanı məruzəçi işlə baglı qısa məruzə edir. Əgər şikayətçi və onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, qısa təqdimatla öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan komissiyanın nümayəndəsi də iclasa dəvət oluna bilər və onun səlahiyyətli nümayəndəsi verdiyi qərarı əsaslandırmaq hüququna malikdir.
Şikayətçinin sənədlər və şahidlər vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır. O, öz məruzəsini etdikdən, sübutlarını təqdim etdikdən və ilkin araşdırma başa çatdıqdan sonra sədrlik edənin təklifi ilə qərar qəbul olunması üçün müşavirə başlanan andan qərarın elan edilməsi anınadək iclas zalını tərk etməlidir. Qərar qəbul edildikdən dərhal sonra açıq elan olunur.
9.3. Sədrin (və ya iclasa sədrlik edənin), seçki subyektlərinin və komissiya üzvlərinin qanuni hüquqlarının qorunması baxımından, habelə iclasın gündəliyi, şikayətlərin sayı, qanuni müddətlər və şikayətlə bağlı araşdırmanın aparılması nəzərə almaqla, iclası ən müvafiq şəkildə aparılmasını təmin etmək səlahiyyəti var. Komissiya üzvləri də daxil olmaqla iclasda iştirak edən hər bir şəxs sədrin iclasın aparılması ilə bağlı göstərişlərinə əməl etməlidir. Əks təqdirdə, sədr iclasda nizam-intizamı təmin etmək məqsədilə müvafiq tədbirlər (xəbərdarlıqdan iclasdan xaric edilməyə qədər) görə bilər. Əgər xəbərdarlıq, iclas zalından çıxarılma və ya hər hansı digər tədbir görülmüşdürsə, bu, iclasın protokolunda qeyd olunmalıdır.
9.4. Şikayəti və ya müraciəti araşdıran müvafiq komissiya Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddət əsas götürülməklə, qərar qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, komissiya bu barədə müvəqqəti qərar qəbul edə bilər. Belə qərar şikayət və ya müraciətin daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.
9.5.MSK-nın Ümumi şöbəsi müvafiq metodikadan istifadə etməklə MSK-da və DSK-larda müraciətlərə vaxtında və müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir. Şöbə ən az 10 gündə bir dəfə müraciətlərə baxılması vəziyyəti ilə əlaqədar MSK-nın sədrinə məruzə təqdim edir. MSK və DSK-larda müraciətlərə baxılması vəziyyəti ayda 2 dəfədən az olmayaraq MSK-nın iclasında müzakirəyə çıxara bilər. Seçki komissiyalarında müraciətlərə baxılması vəziyyətinə görə müvafiq komissiyanın sədri məsuliyyət daşıyır.
10. Şikayətlər barəsində seçki komissiyasının mümkün qərarı
Şikayətlərə baxan seçki komissiyasının aşağıdakı səlahiyyətləri vardır:
10.1. aşağı seçki komissiyasının qərarını ləğv etmək;
10.2. şikayətə mahiyyəti üzrə baxıb, təmin etmək və ya təmin etməmək; o cümlədən:
10.2.1. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq etmək;
10.2.2. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina etmək;
10.2.3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədliyinin ləğv olunması üçün məhkəməyə müraciət etmək;
10.3. şikayətçinin qaldırdığı məsələnin aşağı komissiyada yenidən baxılması haqqında göstəriş vermək;
10.4. əgər şikayət ona baxan seçki komissiyasının səlahiyyətlərinə aid deyilsə, şikayəti aidiyyəti üzrə göndərmək;
10.5. Şikayətə dair komissiyanın qərarı şikayət qeydə alındıqdan sonra 3 gün ərzində, səsvermə günü isə dərhal seçki komissiyasının yazılı qərar formasında qəbul olunur. Qərar qəbul edildikdən dərhal sonra elan olunur, və ya növbəti 24 saatdan gec olmayaraq çap olunur (həm də internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir. Əgər iş üzrə müvəqqəti qərar qəbul edilmişsə, onda həmin qərar ərizəçiyə göndərilməlidir. Bütün qərarlar məntiqi və qanunauyğun olmalı və əsaslandırılmalıdır.
11. Seçki komissiyalarının müraciət və şikayətlərə dair səlahiyyətləri
11.1. Müvafiq seçki komissiyasının səlahiyyətinə aid olan hallar aşağıdakı tələblərə məcmu halında cavab verməlidir:
- şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyinin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
- şikayətlər və müraciətlər hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər,siyasi partiyalar, siyasi partiyalar blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir;
- tələbin ünvanlandığı səlahiyyətli komissiya tərafindən məsələ ilə bağlı daha əvvəl qərar qəbul edilməlidir;
- tələbin mahiyyəti üzrə baxılıb təmin edilməsi bilavasitə həmin komissiya tərəfindən mümkün olmalıdır.
11.2. Müraciət və şikayətlər Seçki Məcəlləsinə görə məsələnin mahiyyəti üzrə qərar qəbul etmə səlahiyyəti olan seçki komissiyasına təqdim edilməlidir.
11.3. Seçki komissiyaları öz səlahiyyətlərinə aid olmayan müraciət və
şikayətlərə mahiyyəti üzrə baxıb təmin etmə barədə qərar qəbul edə
bilməzlər. Bu halda şikayətlə bağlı ya rədd, ya da aiddiyəti üzrə göndərmə barədə qərar qəbul edə bilərlər.
11.4. MSK1-nın qeyd olunan vəzifələrinə əsasən, bu qurum seçki prosesi üzrə bütün səlahiyyətə malikdir, və birinci instansiya kimi, digər məsələlərlə yanaşı, DSK-nın yaradılması, efir vaxtının paylaşdırılması üzrə vahid qaydaların təsdiqlənməsi; seçki bülletenlərinin nümunələrinin və digər seçki ilə bağlı sənədlərin təsdiqlənməsi, müşahidəçilərin qeydə alınması ilə bağlı birbaşa məsuliyyət daşıyır.
11.5. DSK2-nın qeyd olunan vəzifələrinə əsasən parlament seçkiləri zamanı başqa məsələlərlə yanaşı, namizədlərin qeydiyyatı və ləğvi, seçkiqabağı təşviqat, öz seçki dairəsində MnSK yaradılması, səslərin hesablanmasının nəticələrini müəyyən etməklə bağlı prosedurlarda səlahiyyətə malikdir.
11.6. MnSK3-nın yuxarıda qeyd olunan vəzifələrinə əsasən, onun seçki günündən 35 gün əvvəl seçicilərin siyahıları, səsvermə günü bütün seçki prosedurları ilə bağlı və yekun protokol sona çatanadək səslərin hesablanması zamanı səlahiyyətə malikdir.

___________________

1 Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri

25.1. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir,seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;
25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;
25.2.3. özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;
25.2.4.dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;
25.2.5. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;
25.2.6. seçki (referendum) bülletenlərinin (bundan sonra - seçki bülleteni), seçki bülleteninin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra - seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;
25.2.7.seçkilərin (referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir;
25.2.8. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyəti üçün şərait yaradır; qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin və referendumun nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;
25.2.9. dövlət büdcəsindən seçkilərin (referendumların) hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;
25.2.10. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;
25.2.11. seçki bülletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir;
25.2.12. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;
25.2.13. seçki komissiyaları üçün texnoloji təchizat normativlərini təsdiq edir və bunlara əməl olunmasına nəzarət edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir;
25.2.14. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;
25.2.15. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin (referendumun) gedişi haqqında məlumatla təmin edir;
25.2.16. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;
25.2.17. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir;
25.2.18. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
25.2.19. dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;
25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;
25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir;
25.2.22. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir;
25.2.23. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

2 Maddə 31.Dairə seçki komissiyasının vəzifələri

31.1.Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
31.1.1. seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
31.1.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;
31.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyətinə şərait yaradır;
31.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir;
31.1.5. seçki bulletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir;
31.1.6. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir;
31.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;
31.1.8. seçkilərin (referendumun) gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir;
31.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir;
31.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir;
31.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir;
31.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki (referendum) sənədlərinin saxlanılmasını təmin edir;
31.1.13. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;
31.1.14. seçki dairəsinin ərazisində dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;
31.1.15. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır;
31.1.16. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

3 Maddə 37. Məntəqə seçki komissiyasının vəzifələri

37.1. Məntəqə seçki komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:
37.1.1. əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü və yeri barədə məlumat verir;
37.1.2. seçici siyahılarını təsdiq edir və dəqiqləşdirir; seçiciləri bu siyahılarla tanış edir; seçicilərə seçici vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır və siyahılarda müvafiq dəyişikliklər edir;
37.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını təmin edir;
37.1.4. yuxarı seçki komissiyasından alınmış məlumata əsasən referenduma çıxarılan məsələlər, qeydə alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir;
37.1.5. seçki məntəqəsi ərazisində seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət edir;
37.1.6. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir;
37.1.7. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir;
37.1.8. seçki məntəqəsində səsvermənin nəticələrini müəyyənləşdirir, səsləri hesablayır və səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır;
37.1.9. bu Məcəllənin tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərarlar qəbul edir;
37.1.10. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir;
37.1.11.bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir.

1 saylı əlavə

1a saylı əlavə
1b saylı əlavə
2 saylı əlavə
2a saylı əlavə
3 saylı əlavə
3a saylı əlavə

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası