. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 oktyabr 2005-ci il tarixli
32/151 saylı Qərarı ilə təsdiq edilmişdir

Səsvermə günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında

Təlimat

1. Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsinin) 98-ci, 99-cu, 104-cü və 105-ci maddələrinin tələblərinə uyğun olaraq səsvermə günü seçki məntəqəsində və ondan kənarda məntəqə seçki komissiyası tərəfindən səsvermənin təşkil edilməsinə dair qaydaları müəyyən edir.

2. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günü səsvermə saat 8.00-dan 19.00-a kimi keçirilir. Məntəqə seçki komissiyasının iş vaxtı səhər saat 7.00-dan başlanır və fasiləsiz olaraq səsvermənin nəticələri haqqında protokolun tərtib edilməsinə və müvafiq sənədlərin dairə seçki komissiyasına təhvil verilməsinədək davam edir.
2.1. Məntəqə seçki komissiyası seçki günü səsvermə başlanmazdan əvvəl ilk növbədə Seçki Məcəlləsinin 98.3-cü, 98.4-cü, 98.5-ci maddələrində göstərilən məlumatların (namizədlər haqqında məlumat materiallarının və doldurulmuş seçki bülleteninin nümunələri olan lövhələrin, səsvermənin yekunlarına dair böyüdülmüş protokol nümunələrinin), səsvermə otağındakı ləvazimatın, o cümlədən seçki qutularının və səsvermə kabınəsinin, masa və stulların, vaxtı müəyyən etmək üçün saatın, həmçinin ehtiyat alternativ enerji mənbələrinin (fanarların, şamların və s.), məntəqə seçki komissiyasına məxsus möhürün, səsvermə gününü qeyd etmək üçün ştampın, kalkulyatorların, qayçıların, yazı ləvazimatlarının yerində olub-olmadığını yoxlayır, aşkar etdiyi çatışmazlıqların dərhal aradan qaldırılmasından ötrü tədbir görür. Məntəqə seçki komissiyasının sədri qutuların, səsvermə kabinəsinin və digər xüsusi avadanlığın yerləşdirilməsini elə təşkil etməlidir ki, həmin vaxt seçki məntəqəsində olmağa hüququ çatan subyektlərin fəaliyyət göstərməsi və seçicilərin səs verərkən rahat hərəkət edə bilməsi üçün münasib şərait olsun. Seçki qutusu müşahidə üçün yaxşı görünən yerdə qoyulur.
2.2. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinin işinə ümumi rəhbərlik etməklə, komissiyanın qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsini təşkil edir və komissiyanın üzvləri arasında iş bölgüsü aparır.
2.2.1. Məntəqə seçki komissiyasının üzvlərindən biri seçki məntəqəsinə gələn seçiciləri səsvermə otağında hörmətlə qarşılayır, seçicinin şəxsiyyət vəsiqəsini və ya şəxsiyyətini təsdiq edən digər sənədi, eləcə də seçici vəsiqəsini yoxlayaraq ona namizədlər barədə, bülletenlərin doldurulmasl qaydası haqqında məlumatlar, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmış məlumat lövhəsinə yaxınlaşmağı, oradakı müvafiq məlumatlarla tanış olduqdan sonra səs vermək üçün komissiya üzvlərinin arxasında əyləşdiyi masaya yanaşmasını təklif edir. (Əgər seçici seçki məntəqəsinə gələrkən seçici vəsiqəsini, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi özü ilə gətirməmişsə, komissiya üzvü bu sənədlərsiz səsvermədə iştirakının mümkünsüz olduğunu izah edir və müvafiq sənədləri məntəqə seçki komissiyasına gətirməklə səs verməyi tövsiyə edir. Seçicinin seçici vəsiqəsini almadığı müəyyən olunarsa, həmin məsələni araşdıran komissiya üzvünə yaxınlaşmağı ona məsləhət görür).
2.2.2. Komissiya üzvlərindən digəri seçicinin soyadını, adını və atasının adını seçicilər siyahısında axtarıb tapır, oradakı məlumatların seçici vəsiqəsi, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə uyğunluğuna əmin olduqdan sonra, yanında əyləşmiş üçüncü komissiya üzvündən seçki bülleteni və zərf almağı tövsiyə edir.
2.2.3. Həmin komissiya üzvü tərəfindən seçiciyə yuxarı sol küncü kəsilməklə seçki bülleteni və oradaca möhürlənən zərf verilir, digər komissiya üzvündəki seçicilər siyahısında imza etmək təklif olunur, eyni zamanda ona seçki bülleteninin doldurulmasına dair izah verilərək, seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi ştamp vurulur.
2.2.4. Komissiya üzvlərindən bir başqası seçki qutusunun (qutularının) qanunun tələbinə uyğun yerə qoyulmasına, səsvermənin gizliliyinin təmin olunması üçün səsvermə kabinəsində yalnız bir seçicinin olmasına və seçicilər tərəfindən seçki bülleteninin zərfə qoyulmaqla seçki qutusuna salınmasına nəzarət edir.
2.2.5. Seçki komissiyasının katibi seçicilər siyahısı olan komissiya üzvünün yanında oturur və seçicilər siyahısının surəti çıxarılmış nüsxəsi komissiyanın bu üzvündə olur. Katib eyni zamanda beynəlxalq və yerli müşahidəçilərin siyahısını tərtib edir, bu və ya digər səbəbdən seçici vəsiqəsi olmayan, lakin adı seçici siyahısında olan seçicinin həmin vəsiqə ilə təmin edilməsinin mümkünlüyünü araşdırır, seçici vəsiqəsi ilə təmin edilməli olan şəxslərə, reyestr kitabında imza etdirməklə, vəsiqə verir. Məhkəmə qərarı ilə adı seçicilər siyahısına daxil edilmiş və digər səbəblərdən (vəsiqə korlandıqda, itdikdə və s.) seçici vəsiqəsi olmayan seçicilərə, dairə seçki komissiyasına müvafiq məlumat verməklə, seçici vəsiqələrinin verilməsinə dair tədbir görülməsi üçün müraciət olunur.
2.3. İş bölgüsündə məntəqə seçki komissiyasının sədri dəyişiklik edə bilər.
2.4. Məntəqə seçki komissiyasının üzvləri səsvermə otağında yalnız qanunda nəzərdə tutulmuş şəxslərin (həmin şəxslərin siyahısı hazırlanmalıdır) qaldığına, səsvermə otağının təhlükəsizliyinin təmin edildiyinə, bu və ya digər səbəbdən seçki məntəqəsində olan lazımsız əşyaların və seçkiqabağı təşviqat materiallarının səsvermə otağından çıxarıldığına, lazımi materialların və formaların öz yerində olduğuna əmin olmalıdırlar.
2.5. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Eyni zamanda o, səsvermə otağında Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərən digər şəxslər tərəfindən Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələblərinə riayət olunmasına nəzarət edir (Seçki Məcəlləsinin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkil olan lövhəciyi olmalıdır). Məntəqə seçki komissiyasının sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda, onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifə həvalə olunmuş üzvü əvəz edir.
2.6. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri sayılır, yarı kəsilərək ləğv edilir, ayrıca zərfə qoyulur və bu barədə müvafiq akt tərtib olunur. Həmin aktda göstərilən məlumatlar səsvermənin yekununa dair protokola daxil edilməsi üçün hüquqi əsasdır.
2.7. Səsvermə başlanmazdan əvvəl məntəqə seçki komissiyasının üzvləri buna hüququ olan şəxslərin müşahidəsi ilə seçki bülletenlərini sayır, onların hər birinin məntəqə seçki komissiyası tərəfindən əvvəlcədən möhürləndiyini yoxlayır (bülletenlər Seçki Məcəlləsinin 99.6-cı maddəsinə uyğun olaraq dairə seçki komissiyasından alındıqdan sonra onların üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir) və bu barədə akt tərtib edirlər.
2.8. Seçki bülletenlərini saxlanması üçün qəbul və mühafizə edən məntəqə seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar. Seçki bülletenləri və zərflər seçki komissiyasının müvafiq üzvlərinə verilənədək təhlükəsiz yerdə saxlanılmalıdır.

3. Saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, boş seçki qutularını komissiyanın üzvlərinə və həmin vaxt seçki məntəqəsində buna hüququ olan şəxslərə (seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvləri, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, müşahidəçilər, siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və beynəlxalq müşahidəçilər) göstərib, kilidlədikdən sonra saat 8.00-da məntəqə seçki komissiyasının üzvlərini səsvermənin başlanmasına dair məlumatlandırır və bu zaman seçki məntəqəsində olan seçiciləri səsverməyə dəvət edir.
3.1. Seçki qutuları kilidləndikdən sonra kilidlərin və istifadə edilməyən kilidlərin üzərindəki nömrələr qeyd edilməklə akt tərtib olunur.
3.2. Seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulur.
3.3. Dövlət orqanlarının vəzifəli şəxslərinin və polis əməkdaşlarının, səsvermədə seçici kimi iştirakı halları istisna edilməklə, səsvermə otağında olmaları qadağandır.
3.4. Seçki günü polis əməkdaşları seçki məntəqəsinə ictimai asayişin bərpa edilməsi məqsədilə məntəqə seçki komissiyasının qərarına əsasən komissiyanın sədri tərəfindən dəvət oluna bilərlər. İctimai asayiş bərpa edildikdən sonra onlar seçki məntəqəsini dərhal tərk etməli və öz xidməti vəzifələrini seçki məntəqəsinin yerləşdiyi binadan azı 100 metr aralıda yerinə yetirməlidirlər. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq olan müddət ərzində mümkun olmadıqda dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır və səsvermə həmin məntəqə üzrə etıbarsız sayılır.
3.5. Seçici səs vermək üçün məntəqə seçki komissiyasının üzvünə seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi təqdim etdikdən sonra seçki bülleteni alır, onun şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən sənədin) seriyası və nömrəsi məntəqə seçki komissiyasının üzvü tərəfindən seçicilər siyahısına yazılır. Seçici vəsiqəsinə səsvermə gününü əks etdirən xüsusi möhür (ştamp) vurulur. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır. Əvvəlcədən möhürlənmiş seçki bülleteni (Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən) ilə birlikdə seçiciyə zərf verilir və yalnız zərfə möhür vurulur.
3.6. Seçici yazıların düzgünlüyünü yoxlayır və seçki bülleteni alarkən seçicilər siyahısında imza edir. Hər bir seçici azad, sərbəst və gizli səs verir. Səsvermə zamanı seçki bülletenini sərbəst almaq, yaxud doldurmaq imkanı olmayan seçici məntəqə seçki komissiyasının üzvlərindən, müşahidəçilərdən və bu Təlimatın 3-cü bəndində göstərilən şəxslərdən başqa, istədiyi şəxsi kömək üçün səsvermə kabinəsinə dəvət edə bilər. Həmin şəxsin inisialı və soyadı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.
3.7. Əgər seçici bu və ya digər səbəbdən səsvermə gününədək seçici vəsiqəsini almayıbsa, həmin gün səsvermədən qabaq bu vəsiqə Azərbaycan Pespublikası Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatında (29 mart 2005-ci il tarixli 5/12 saylı Qərarla təsdiq edilmişdir) göstərilmiş qaydada seçiciyə təqdim edilməlidir.
Adları seçici siyahılarında olan seçicilər üçün yazılmış seçici vəsiqələrinin hər-hansı bir səbəbdən onlara çatdırılması mümkün olmadıqda, bu vəsiqələr səsvermə gününədək seçki məntəqəsində saxlanılaraq, yuxarıda göstərilən Təlimatla müəyyən edilmiş qaydada seçicilərə verilir.
Məhkəmənin qərarı ilə adları seçicilər siyahısına daxil edilmiş şəxslərlə əlaqədar müvafiq dairə seçki komissiyasına məlumat verilməklə onların seçici vəsiqəsi ilə təmin olunması üçün tədbir görmək xahiş edilir. Seçici vəsiqəsi korlandığı və ya itdiyi halda da seçicinin yazılı müraciətinə əsasən dairə seçki komissiyası tərəfindən seçiciyə yeni seçici vəsiqəsi verilməlidir.
3.8. Görmə qabiliyyətindən məhrum, aktiv seçki hüququna malik vətəndaşlar onlar üçün xüsusi hazırlanmış bülleten trafareti (Brayl əlifbasından istifadə etməklə) vasitəsilə səs verirlər.
3.9. Seçki bülleteni seçicidən başqa heç kəsin (bu Təlimatın 3.6-cı bəndində qeyd olunmuş köməklik göstərən şəxslərdən savayı) daxil olmasına icazə verilməyən gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş kabinədə doldurulur. Seçici doldurulmuş seçki bülletenini məntəqə seçki komissiyası tərəfindən möhürlənmiş zərfə qoyur və səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.
3.10. Seçici seçki bülletenini doldurarkən səhv etməsi ilə əlaqədar ona seçki bülleteni vermiş məntəqə seçki komissiyasının üzvünə müraciət edərsə, həmin seçiciyə korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verilə bilər. Bu halda, seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.

4. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işdən kənarlaşdırılır, Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Seçki məntəqəsini tərketmə haqqında tələbə riayət edilmədikdə məntəqə seçki komissiyasının sədri bu Təlimatın 3.4-cü bəndinə müvafiq olaraq polis əməkdaşını oraya dəvət edə bilər. Təsirə məruz qalmış seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınaraq etibarsız sayılır. Bu barədə məntəqə seçki komissiyası müvafiq qərar qəbul edir.
4.1. Məntəqə seçki komissiyasının sədri səsvermədə iştirak etmiş seçicilərin sayını hər üç saatdan bir elan edir və bu barədə dairə seçki komissiyasına müvafiq məlumat verir.
4.2. Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə hər seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.

5. Seçicilərin səsvermə otağından kənarda səs vermək barəsində müraciətlərinin sayı səsvermə gününə azı 2 gün qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur.
Seçicinin seçki məntəqəsindən kənarda səsvermədə iştirakını təmin etmək üçün məntəqə seçki komissiyasının müxtəlif siyasi partiyaları, yaxud bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə seçicinin yanına gəldikdə seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasına göndərilən yazılı ərizəsi ilə təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülletenini və zərfi aldığı barədə ərizədə qeyd edir və bunu imzası ilə təsdiqləyir. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.
Bununla yanaşı məntəqə seçki komissiyasının sədri əvvəlcədən apardığı araşdırmaya əsasən seçicinin seçici vəsiqəsi ilə təmin olunmadığını aşkar edərsə, dairə seçki komissiyasında həmin şəxs üçün tərtib edilərək, məntəqə seçki komissiyasında saxlanılan seçici vəsiqəsini daşınan seçki qutusu ilə gedən seçki komissiyasının üzvlərindən birinə təhvil verir, vəsiqəni alan şəxs bu barədə tərtib edilmiş müvafiq akta imza edir. Komissiyanın üzvü seçiciyə komissiyanın sədri və katibi tərəfindən imzalanaraq möhürlənmiş reyestr kitabına əlavədə (bu əlavə reyestr kitabına tikilərək saxlanılır) imza etdirməklə seçici vəsiqəsini özü ilə məntəqə seçki komissiyasına qaytarır, vəsiqəyə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurulduqdan sonra onu sahibinə çatdırır.
5.1. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri və möhürlənmiş zərflər alırlar. Bu saya 3 seçki bülleteni və möhürlənmiş zərf əlavə olunur və həmin artıq seçki bülletenlərindən yalnız bülleten korlandıqda istifadə edilir. Bu halda seçki bülleteninin korlanması haqqında akt tərtib olunur. Eyni zamanda zərf korlanarsa, bu haqda da akt tərtib olunur.
Seçicilərin ərizələri ilə əlaqədar istifadə edilmiş və istifadə olunmadan geri qaytarılmış seçki bülletenlərinin və möhürlənmiş zərflərin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eləcə də seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Daşınan seçki qutusu səsvermə otağına qaytarıldıqdan sonra səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb kilidlənir.
5.2. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin iradəsinin azad ifadə olunmasına dair qanunun tələbləri pozulmasın.
5.3. Saat 19.00-da məntəqə seçki komissiyasının sədri səsvermənin başa çatdığını ucadan elan edir, eyni zamanda seçki bülleteni almış və səsvermə otağında növbədə olan şəxslərdən başqa digərlərinin səsvermə müddəti bitdiyi üçün səsvermə otağına buraxılmamasına dair müvafiq komissiya üzvünə göstəriş verir. Bundan sonra yalnız səsvermə otağında qalan seçicilər səsverməni həyata keçirirlər.
Seçki qutuları açılmazdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir, bu barədə akt tərtib olunur və ləğv edilmiş bülletenlər akta əlavə edilir. Aktda göstərilən bu məlumatlar protokol tərtib edilərkən orada qeyd olunur. Bundan sonra seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutusu (qutuları).
5.4. Seçki qutuları açıldıqda onların kilidlərinin sayı, nömrələri qeyd olunmaqla akt tərtib edilir və ayrıca zərfə qoyulur.
5.5. Seçki qutuları üçün nəzərdə tutulmuş, lakin istifadə edilməmiş kilidlər sayılır, onların nömrələri yazılır, zərfə yığılır, həmin zərf möhürlənir və bu barədə müvafiq akt tərtib edilir.
5.6. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Səsin etibarlılığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız hesab edilməsi haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyasının sədri və katiblərinin imzası ilə təsdiqlənməlidir. Həmin bülletenlərin arxa tərəfi möhürlənir. Eyni zamanda istifadə edilmiş və etibarsız hesab olunan seçki bülletenlərinin hamısının arxa tərəfində “etibarsızdır” sözü yazılmaqla möhür vurulur. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilirlər.
5.7. Səsvermə başa çatdıqdan sonra seçki məntəqəsində səslərin paralel hesablanması üçün şərait yaradılmalıdır.
5.8. Səslərin hesablanması və yekun protokolunun doldurulması qaydaları Seçki Məcəlləsinin 100-cü , 106-cı maddələri, eləcə də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında” İzahla nizamlanır.

Qeyd: Dairə seçki komissiyasına göndərilən sənədlərdə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında” İzahın tələblərinə uyğun tərtib edilib, təqdim olunur.
Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, dairə seçki komissiyasına göndərilmiş aktların (seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçici tərəfindən korlanmış seçki bülletenlərinin sayı haqqında akt, bağlanıb möhürlənmiş zərflər, daşınan seçki qutuları ilə aparılıb istifadə olunan və olunmadan geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında ayrıca tərtib olunan akt) təsdiq edilmiş və protokolun 2-ci nüsxəsinə tikilmiş surətləri, protokolun 2-ci nüsxəsi, bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri, bu Təlimatın 5.4-cü və 5.5-ci maddələrində göstərilmiş aktlar və zərfə qoyularaq möhürlənmiş kilidlər, səsverməni və səslərin hesablanmasını müşahidə edən, Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları (Təlimata 1 saylı əlavə) komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.

Səsverməni və səslərin hesablanmasını müşahidə edən şəxslərin siyahısı (1 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası